Sosial
TƏBİB rəsmisindən qorxulu proqnoz: “Yoluxma sayı yaydakını ötə bilər”
“Son günlər Azərbaycanda koronavirusa (COVID-19) yoluxma faktında artım müşahidə olunur. Bu gün yoluxma sayı 500-ü keçib. Bu, vətəndaşların xəstəliyə ciddi nəzarət etməməsindən xəbər verir”.
Bu barədə Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev məlumat verib.
Onun sözlərinə görə, insanların diqqətinin daha çox ön cəbhəyə doğru yönəlməsi koronavirus kimi “düşməni” unutmağa səbəb olub:
“Bu infeksiyanın aktuallığının itirilməsi səbəbi ilə artıq yoluxma hallarında ciddi artım var. Çünki aparılan tədbirlər nəticəsində yoluxma ilə bağlı azalma oldu, insanlar arxayınlaşdı və nəticədə bu cür rəqəm qeydə alınıb.
Ölkədə müharibə şəraiti ilə əlaqədar əhalinin hərbi hissələrin önünə toplaşması, könüllülərin orduya yola salınması zamanı qaydalara əməl edilməməsi yoluxma sayına da təsir edib.
Biz özümüzün, yaxınlarımızın, ordumuzun da sağlamlığın istəyiriksə, zəruri tədbirlərə əməl etməliyik. Burada əsas fərdi məsuliyyət olmalıdır. Maska taxılmalı, sosial məsafə qorunmalı və gigiyena qaydaları qorunmalıdır”.
“Koronavirusla bağlı təhlükə sovuşmayıb. Bu cür sürətlə davam edərsə, COVID-19-a yoluxma yay fəslində olan rəqəmləri də keçə bilər. Artıq Gürcüstanda koronovirusa yoluxma 700-ə, düşmən ölkə Ermənistanda isə 1000-ə yaxındır.
Artım olarsa, qarşısını almaqda çətinlik çəkəcəyik. O zaman yenidən karantin rejimi yenidən gözdən keçirilə bilər”, - deyə işçi qrupunun rəhbəri bildirib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 530 yeni yoluxma faktı qeydə alınıb.
Ekspertlər koronavirusla mübarizədə həyəcan təbili çalır və infeksiyanın ikinci dalğasının başlanması ilə bağlı xəbərdarlıq edirlər.
Artıq dünyada bu virusa yoluxanların sayı 38 milyon 833 min 61 nəfəri keçib. Təhlükəyə qarşı daha ciddi addımlar atılması vacibdir.
Daha çox xəbər:
TƏBİB sədrindən yoluxmaların artması ilə bağlı MÜHÜM AÇIQLAMA
TƏBİB rəsmisi açıqladı: “Karantin sərtləşdirilə bilər” - VİDEO
Azərbaycanda son 24 saatda koronavirusa yoluxma sayı açıqlandı (RƏSMİ)
Ekspert: “Yoluxma sayı azalmazsa, məhdudiyyət daha uzun müddətə tətbiq edilə bilər”
İndi COVİD-19-a yoluxanlarda xəstəliyin daha ağır gedişatı müşahidə olunur - Həkim-infeksionist