Sosial
Psixiatr: "Koronavirusla bağlı ancaq rəsmi məlumatlara etibar etmək məsləhətdir"
“Koronavirus təhlükəsi ilə bağlı insanlar arasında təşviş yaranıb. Dünyanın sonunun çatdığını, hər kəsin öləcəyini düşünüb isterikaya düşən insanlar var”.
APA xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) psixiatriya kafedrasının professoru Zəfər Əliyev deyib. O bildirib ki, insanların arasında təşviş yaranması təbii haldır, lakin hamı daha soyuqqanlı olmalıdır: “Media məkanında, sosial şəbəkələrdə həddindən artıq yanlış xəbərlər var. Ümumiyyətlə, koronavirusla bağlı ancaq rəsmi dövlət məlumatlarına etibar etməyi məsləhət görürəm. Bu mövzuda spekulyasiyalar çoxdur. Bundan başqa, gənc nəslin psixi durumu da bu vəziyyətdə bizdən əhəmiyyətli dərəcədə asılıdır. Onlar bizim davranışımıza baxırlar".
Psixiatrın sözlərinə görə, təşvişin ciddi psixi xəstəliklərə yol açması insanın xasiyyətindən çox asılıdır: “Adətən, belə hadisələr baş verəndə depressiv, təşviş və ipoxondrik pozuntularının artması müşahidə olunur. İpoxondriya-psixiatriyada öz sağlamlığı barədə əsassız olaraq narahatlıq yaşamaqdır. Belə şəxslər əmindir ki, sağalmaz ağır xəstəliyə tutulublar. Və təbii ki, obsessiv-kompulsiv pozuntularının sayı da artır”.
Z. Əliyev qorxunu azalmaq üçün tövsiyələrini verib. O qeyd edib ki, daxildəki qorxu hissini azaltmaq üçün məşğuliyyət olmalıdır: “Ev şəraitində kitab oxumaq (pandemiyalara, xəstəliklərə və təbii fəlakətlərə aid olmayan), hobbi, təxirə saldığınız işlər, idman daha uyğundur. Psixoterapiyanın autotreninq metodu kömək edə bilər. Bu metod kömək etməsə, çəkinmədən psixiatra müraciət etsinlər.
Həkim məsləhəti olmadan qətiyyən hər hansı dərman istifadə etmək olmaz. Hətta bu vəziyyətdən bəzi işbazlar “möcüzəli”, “təbii tərkibli” və“daxili orqanlara təsir etməyən” dərmanlar, yaxud bioloji əlavələr təklif edə bilərlər. Çunki belə vəziyyətdə effektiv kömək etmə faizi azalır. Hazırda psixiatriyada kifayət qədər effektiv və təhlükəsiz dərman vasitələri mövcuddur”.
Daha çox xəbər:
Həkim-psixiatr: “Bizim cəmiyyətdə intihar riski qat-qat azdır”
81 yaşlı AYB sədri: "Yaşlı nəslin nümayəndələri getməlidir"
Komitə sədri: "6 aylıq evlilikdən sonra boşananlar arasında gənclər çoxdur"
Ceyhun İsmayılzadə: “Bütün çətinliklərə baxmayaraq, bizim üçün ən vacib insan həyatıdır” - MÜSAHİBƏ
Bunu artıq bir neçə dəfə demişəm, bir daha... - Prezident