Cəmiyyət
17:41, 10 avqust 2020
61
0

Həkim-psixiatr: “Bizim cəmiyyətdə intihar riski qat-qat azdır”

Həkim-psixiatr: “Bizim cəmiyyətdə intihar riski qat-qat azdır”
Dünyada koronavirusa yoluxma statistikası durmadan yenilənir. Deyə bilərik ki, yoluxma sürəti artan templə irəliləyir. Bəşəriyyəti cənginə alan COVID-19 ərəfəsində Dünya Səhiyyə Təşkilatının verdiyi bəyanat birmənalı qarşılanmayıb. Təşkilatın rəhbərinin “Heç vaxt normal həyatımıza qayıda bilməyəcəyik” fikri insanlar arasında böyük təşviş yaradıb.

ATU-nun Psixiatriya kafedrasının assistenti, psixiatr İkram Rüstəmov mediaya açıqlamasında bu bəyanatın doğurduğu narahatlıqlara münasibət bildirib:

“Gərək nəzərə alaq ki, bu pandemiya həm də psixi pandemiyadır. Orqanik üzvi təsirdən çox psixoloji təsiri daha geniş vüsət aldı. Hətta normalda təşviş problemi olmayan insanlar belə təşviş hissi yaşadılar.

Belə ki, aktiv media istifadəçisi olmayan insanlar pandemiya xəbərlərinə görə mətbuatı ardıcıl izləməyə başladılar. Bu açıqlama insanların həyəcanını daha çox təsirə məruz qoydu. İnsanlar karantin müddətinin bitməsini ümidlə gözləyirdilər, sosiallaşmağa ac idilər.

Birdən-birə belə bir açıqlamanın verilməsi insanlarda təşvişi qat-qat artıraraq, daha çox problemlər yaradır. Eyni zamanda, qeyri-müəyyənlik təşviş hissini daha pis hala gətirir”.

Psixiatr açıqlamasında koronafobiya məsələsinə də toxunub:

“Fobiya geniş anlayışdır. Yəni hər şeyə qarşı fobiya ola bilər. Məsələn, qapalı sahə qorxusu, hörümçək qorxusu və s. Bütün bunlar fobiyanın, təşviş hissinin simptomlarıdır. Koronavirus fobiyasını da təşviş pozuntusu adlandıra bilərik. Bütün fobiyalar kimi koronafobiya da psixoloji metodlarla, bəzən müəyyən dərmanlarla müalicə olunandır. Düzgün maariifləndirmə bu təşvişin qarşısını almağa kömək edə bilər.

Şüuraltı faktor ölüm qorxusudur. Təbii ki, bütün psixopatologiyalarda, depressiyalarda əgər yanaşı bir üzvi pozuntu varsa, bu xəstəliyin öldürücülüyü 30-40 faiz artır”.

Mütəxəssis reanimasiyada yatan xəstələrin 30 faizdən çoxunda stres pozuntusunun aşkarlanması fonunda postpandemiya dövründə psixi problemlərin artacağı ehtimalına da aydınlıq gətirərək qeyd edib ki, klinik yanaşsaq, bir kəskin stres pozuntusu, bir də post travmatık stress pozuntusu var:

“Bu, həyatımızda ciddi sosial travmadır. Əgər bu xəstəliyi keçirmisinizsə mütləq psixi fəsadları olacaqdır. Bəzən psixoloji immunitetimizlə buna qalib gələ bilirik. Ancaq post travmatik stress pozuntusundan sonra bir xəstəlik yaranır və tibbi müdaxilə mütləqdir. Yəni hər xəstəyə individual yanaşılmalıdır”.

İ.Rüstəmov pandemiya böhranı dövründə intiharlarla qarşılaşmamaq üçün ehtiyac duyulan dəstək tədbirlərindən də danışıb:

“Bizim sahədə intihar halına təcili yardım məsələsi kimi baxılır. Burada doğru maarifləndirmə və müəyyənlik çox önəmlidir. İnsanı daha çox xaosa sürükləyən şey qeyri-müəyyənlikdir. İnsan başına nə gələcəyini bilməyincə, problemləri dəfələrlə fikirləşdikcə o sferaya yönəlir.

Şəxsi kontekstdən baxanda isə ilk növbədə problemli, risk daşıyan insan müəyyən edilməli, əvvəllər özündə, ailə üzvlərində intihar cəhdinin olub-olmaması araşdırılmalıdır. Real duruma uyğun müdaxilə və müalicə tədbirləri vacibdir”.

Bu məsələdə fərqli cəmiyyətlərin qoruyuculuq funksiyasının xüsusi önəmindən bəhs edən mütəxəssis qərb cəmiyyətində ailə dəstəyinin çox aşağı olmasını vurğulayıb:

“Burada sosial münasibətlər zəifdir, insanlar biri-biriləri üçün daha az fədakar davranışlar göstərirlər. Bizim cəmiyyət isə daha istiqanlıdır, ailəcanlıdır və s. Dini inanclarımızın müsbət təsiri də danılmazdır. Bütün bunları zəruri qoruyucu vasitələr kimi dəyərləndirsək, deyə bilərik ki, bizim cəmiyyətdə intihar riski qat-qat azdır”.

Vaxtında yatmağın, maye (adi su) qəbul etməyin sağlamlıq üçün təkcə COVID-19 pandemiyası dövründə deyil, həmişə xüsusi önəm daşıdığını xatırladan həkim-psixiatr psixoloji rahatlıqdan ötrü daim güvənli mənbələrdən məlumat almağı məsləhət görüb:

“Hər deyilənə inanmamaq, hər şeyə təşvişli yanaşmamaq faydalıdır. İnsanın həyat standartının bir gedişatı var, biz bu gedişata onsuz da təsir göstərə bilmirik. Bilmədiyimiz bir şeydən qorxmağın isə mənası yoxdur. Hadisələrə adi baxmağı bacarmalıyıq. Daha çox məlumatlanıb özümüzdəki təşviş və gərginliyi artırmağa dəyməz.

Xüsusilə, psixi həssaslığınız varsa, internetə, saytlara çox baxmamaq, maarifləndirmə ilə dezinformasiyaya məruz qalmaq arasındakı xətti düzgün çəkmək lazımdır”.
Digər xəbərlər: