İqtisadiyyat
Qubad İbadoğlu: "Gələn il iqtisadiyyat və əhali üçün ağır il olacaq"
“ÜDM-in artımını 9 dəfə çox olduğu halda inflyasiyanın ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, eyni səviyyədə qalması Dövlət Statistika Komitəsinin bu göstəricini saxtalaşdırmasından xəbər verir”.
Bizimyol.info xəbər verir ki, bu fikri iqtisadçı alim Qubad Obadoğlu sələndirib.
“Pul kütləsi sürətlə artır, inflyasiya sabit qalır.
Belə mütənasiblik dünya iqtisadiyyatında hələ qeydə alınmayıb, Azərbaycan daha bir "ilk"ə imza atıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasına görə, dekabrın 1-ə inflyasiya ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz olub, həmin tarixə olan illik hesablamada pul bazasının həcmi isə 18,8 faiz artıb. Belə ki, noyabrın sonuna Azərbaycanda pul kütləsi 10 mlrd. 674 mln. 500 min manat təşkil edib. İlin əvvəlindən pul kütləsinin artımı 1 mlrd. 128 mln. 800 min manat yaxud 11,8 faiz, illik hesablamada isə artım 1 mlrd. 689 mln. 300 min manat yaxud 18,8 faiz olub. Məlumat üçün qeyd edim ki, 2018-ci ildə pul bazasının artımı 12 faiz və ya 1002,5 milyon manat təşkil edib.
Göründüyü kimi cari ildə pul bazası daha sürətlə artır. İqtisadi qanunauyğunluğa görə pul bazasının artımı ÜDM-in atımdan çox olanda monetar amillərin inflyasiya yaradıcı təsirləri güclənir. Cari ilin 10 ayının yekunlarına görə, illik hesablamada pul bazasının artımı ÜDM-in artımını 9 dəfə çox olduğu halda inflyasiyanın ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, eyni səviyyədə qalması Dövlət Statistika Komitəsinin bu göstəricini saxtalaşdırmasından xəbər verir. Belə çıxır ki, pul kütləsi sürətlə artır, inflyasiya sabit qalır, bu isə düz mütənasiblik təşkil edən iki göstəricidiən birinin düzgün hesablanmamasının nəticəsi ola bilər. Hesab edirəm ki, düzgün hesablanmayan və manipulyasiya olunan inflyasiya göstəricidir. Həmişə olduğu kimi rəsmi hesabatlarda yenə də inflyasiya aşağı göstərilir. Halbuki müşahidələr göstərir ki, qiymətlər ötən illə müqayisədə daha sürətlə artır, xüsusilə də əhalinin istehlakında daha yüksək çəkiyə malik olan ərzaq məhsullarının qiyməti bahalaşır. Əslində pul bazasının artımını əmək haqları və sosial ödənişlər, eləcə də istehlak kreditləri şərtləndiyindən onun inflyasiyaya təsiri daha çoxdur. Odur ki, heç şübhəsiz ki, Azərbaycan bu il üçün gizli inflyasiya 10 faizin üzərindədir.
Bütün bu göstəricilər Azərbaycan iqtisadiyyatının yaxşı durumda olmadığından xəbər verir. Gözləntilərə görə, gələn il iqtisadiyyat və əhali üçün ağır il olacaq”.
Ekspert ölkədə baş verən siyasi proseslərə də münasibət bildirib.
O qeyd edib ki, hazırda baş verən siyasi proseslər ölkədə sosial durumun gərginliyindən qaynaqlanır. “ İqtisadiyyatı sivil qaydada idarəolunan ölkələrdə bu qədər siyasi hadisələr baş versəydi, ən azından milli valyutaya, səhmlərə təsir göstərərdi.
Azərbaycanda iqtisadiyyat təbii resursladan və inzibatı idarəçilikdən asılı olduğuna görə, sosial-iqtisadi təlatümlər yalnız neftin dünya bazar qiymətləri aşağı düşəndə müşahidə olunur. Bu o deməkdir ki, Azərbaycanda milli iqtisadiyyat hələ də formalaşmayıb, bazar iqtisadiyyatına keçid başa çatmayıb, ona görə də bu sahədəki durumu daxili amillərdən çox, xarici şoklar təsirləndirir. Amma bu bir gerçəklikdir ki, hazırda baş verən siyasi proseslər ölkədə sosial durumun gərginliyindən qaynaqlanır”.