Hadisə / Cəmiyyət
00:33, 16 iyun 2026
120
0

ŞOK KİBER-OĞURLUQ İDDİASI? – "Jet Sharing" tətbiqi olmayan vətəndaşın kartından evində oturduğu halda vəsait mənimsənilib!

ŞOK KİBER-OĞURLUQ İDDİASI? – "Jet Sharing" tətbiqi olmayan vətəndaşın kartından evində oturduğu halda vəsait mənimsənilib!

Son dövrlərdə Bakı şəhərində skuter icarəsi xidməti göstərən subyektlərin fəaliyyətində kütləvi şəkildə vətəndaşların maliyyə vəsaitlərinin qanunsuz mənimsənilməsi ilə bağlı ciddi faktlar ortaya çıxmaqdadır. Bu neqativ və təhlükəli tendensiyanın növbəti hədəfi redaksiyamızın əməkdaşı olub. Belə ki, mobil telefonunda heç bir skuter icarəsi proqramı olmayan və evində oturan vətəndaşın bank kartından "Jet Sharing" (TOO "Jet Sharing" şirkəti) tərəfindən zəncirvari şəkildə pullar mənimsənilib və şirkət rəsmiləri ziddiyyətli bəhanələrlə hadisənin üstünü örtməyə çalışıblar. Redaksiyamızın əməkdaşı 15 iyun 2026-cı il tarixində evində oturduğu halda, telefonuna ard-arda bankdan məxaric bildirişləri gəlməyə başlayıb. Həmin vaxt ərzində (19:39 - 20:32 aralığında) "Jet Sharing" sistemi vətəndaşın kartından ümumilikdə 19.24 AZN məbləğində təkrar xidmət haqları tutub və ya bloklayıb. Vətəndaşın xidmətdən faktiki istifadə etməməsinə və proqram daxilində "Tarixçə" bölməsinin tamamilə boş olmasına rəğmən, vəsait geri iadə edilməyib.
Məsələ ilə bağlı şirkətin rəsmi dəstək xətti ilə əlaqə saxlanıldıqda, istehlakçıya qarşı peşəkarlıqdan uzaq, hüquqi əsası olmayan və bir-birini təkzib edən manipulyasiya üsullarından istifadə edildiyi ifşa olunmuşdur. Şirkət təmsilçisi ilk açıqlamasında kartdan tutulan vəsaitlərin sistem daxilindəki texniki xəta (avtorizasiya holdləri / dondurulma) ucbatından baş verdiyini rəsmən qəbul etmiş və bloklanmış məbləğin bir neçə iş günü ərzində bank tərəfindən avtomatik olaraq hesaba qaytarılacağını vəd etmişdir. Lakin cəmi bir neçə dəqiqə sonra şirkət öz rəsmi bəyanatını təkzib edərək, "avtomatik köməkçinin yanlış cavab verdiyini" bəhanə gətirmiş, bu dəfə isə vəsaitin geri qaytarılmayacağını, çünki sistemdə "faktiki icarənin baş tutduğunu" iddia edərək öz daxili sistemlərinin çıxarışları ilə ziddiyyət təşkil edən mövqe nümayiş etdirmişdir.
Zərərçəkmiş vətəndaşın xidmətdən istifadə etməməsini, mobil cihazında sözügedən tətbiqin ümumiyyətlə mövcut olmadığını skrinsotlarla sübut etməsindən sonra müştəri xidmətləri növbəti əsassız arqumentə əl atmışdır. Onlar ilk olaraq vətəndaşın bank kartının onun özünə məxsus olan və sonu 18-83 ilə bitən mobil nömrəsinə bağlı olduğunu və icarənin məhz bu nömrədən edildiyini iddia etmişlər. Vətəndaş bu əməliyyatın onun nömrəsi üzərindən baş vermədiyini və tətbiqdə heç bir tarixçə olmadığını qəti şəkildə sübut etdikdə isə, şirkət rəsmiləri öz iddialarını təkzib edərək bu dəfə həmin kartın sonu 93-93 olan tamamilə yad bir nömrəyə inteqrasiya olunduğunu bəyan etmişlər. Eyni zaman kəsiyində bir vətəndaşın konfidensial bank kartı məlumatlarını fərqli nömrələrə bağlayaraq əsassız bəhanələr tirajlayan "Jet Sharing", eyni nəfəsdə "sistemimiz məlumatları başqa hesaba köçürə bilməz" formulasını müdafiə edir. Bu isə şirkətin həm daxili idarəetmə və təhlükəsizlik sisteminin iflasını, həm də müştəri xidmətlərinin hüquqi məsuliyyətdən yayınmaq üçün bir-biri ilə tamamilə tərs mütənasib olan ziddiyyətli iddialar irəli sürdüyünü açıq şəkildə sübut edir.
Üstəlik, vətəndaş məsələni canlı tərəfdaşla həll etmək və ya şirkətin rəsmi ofisinin yerini tələb etdikdə isə daha bir şok cavabla qarşılaşıb. TOO "Jet Sharing" rəsmən bəyan edib ki, şirkət siyasətinə əsasən onların heç bir qaynar xətti mövcut deyil. Bu isə Azərbaycanda xidmət göstərən və kütləvi şəkildə vətəndaşların maliyyə kartlarına çıxışı olan bir qurumun birbaşa məsuliyyətdən yayınması və istehlakçı nəzarətindən qaçması deməkdir. Açıq şəkildə görünür və iddia olunur ki, vətəndaşların xəbəri və tətbiqi olmadan kart məlumatları sistemə daxil edilir, şəxsi vəsaitləri mənimsənilir, etiraz edildikdə isə saxta sistem çıxarışları və ziddiyyətli məlumatlarla müştərilər susdurulmağa çalışılır.





Digər xəbərlər: