Dünya
Zərifin növbəti səfəri: İranın hədəfi budur - ŞƏRH
Siyasi ekspert Vüqar Zifəroğlu regiondakı aktual mövzularla bağlı müsahibə verib.
Regiitv.az ekspertin axar.az-a verdiyi müsahibəni təqdim edir:
– İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə növbəti səfər edib. Bu səfərlərdə əsas məqsəd nədir?
– İran regionda baş verən siyasi prosesləri anlamağa çalışır. 44 günlük müharibə regionda yeni reallıqlar yaratdı. Qalib Azərbaycan, məğlub Ermənistan var. İran müharibə zamanı prosesi izləməklə kifayətləndi. İndi isə fərqli bir situasiya, fərqli reallıqlar mövcuddur. Rəsmi Tehran bu situasiyada necə davranacağını, bundan sonra prosesin necə inkişaf edəcəyini yəqinləşdirə bilməyib. Əsas qayğısı isə kənarda qalmamaqdır. Çünki hazırda regionda geniş imkanlar – ciddi iqtisadi potensial, gəlir mənbələri var. Bu mənada Zərif yeni reallıqlar fonunda region ölkələrinin baxışını, düşüncəsini öyrənmək üçün ardıcıl səfərlər edir. Nəticə etibarilə İran Zərifin regiona səfəri nəticəsində ölkələrin maraqlarını, görüşünü müəyyən edib, buna görə xarici siyasətini formalaşdıracaq.
İran xüsusilə regionun iqtisadi perspektivini və bura Qərb ölkələrinin artan marağını yaxşı bilir. Bu mənada İranın da Azərbaycan və onun yaratdığı yeni reallıqlardan doğan iqtisadi fürsətlərdən bəhrələnmək istəyi normaldır.
– Sizcə, İran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda səsləndirdiyi altıtərəfli əməkdaşlıq formatında maraqlıdır?
– Düşünürəm, maraqlıdır. Biz bunu Zərifin son açıqlamalarından da görə bilərik. Həqiqətən də Türkiyənin təklif etdiyi əməkdaşlıq formatının alternativi yoxdur. Bu, region ölkələri üçün də faydalı və qarşılıqlı maraqları təmin edir. Eyni zamanda, regionun inkişafı baxımından ciddi perspektivlər yaradır.
Formatla bağlı narahatlıq doğuran tək şey iştirak edəcək ölkələrin nə dərəcədə səmimi olmasıdır. Misal üçün, Ermənistanın qeyd etdiyimiz formatla bağlı düşüncələri, yanaşması qeyri-müəyyəndir. Xüsusilə də ölkədə güclənən revanşist hisslər, erməni rəsmilərinin Xankəndiyə səfərləri destruktiv yanaşmanın bariz örnəyidir. Digər tərəfdən, rus sülhməramlıları ilə bağlı məsələdə mübahisəli məqamlar var. Bu və digər məsələləri nəzərə alsaq, formatın həqiqətən də məhsuldar və region üçün uğurlu olması üçün ölkələrin daha konstruktiv yanaşma sərgiləyib səmimi davranması lazımdır.
– Bu gün İranda bir qrup siyasi düşünür ki, Azərbaycan Qarabağ münaqişəsini bitirdi, istiqamətini İrana çevirəcək…
– Bu, tamamilə yanlış bir yanaşma və təsəvvürdür. Azərbaycan heç bir ölkənin beynəlxalq hüquqla tanınan ərazilərinə iddia etmir.
Bəli, hazırda İranın şimal əyalətlərində 35 milyondan artıq Azərbaycan türkü yaşayır. Lakin bu o demək deyil ki, Azərbaycan İrana ərazi iddiası ilə çıxış edəcək. Rəsmi Bakının əksinə, bu gün qonşumuz olan bəzi ölkələr açıqca bizə qarşı ərazi iddiası səsləndirir. Məsələn, İranda bəzi siyasi şəxslər Azərbaycanı “İranın şimal əyaləti” adlandırır. Yəni yaxşı olardı ki, İran şimal qonşusundan narahat olmaqdansa, daxilindəki bu cür avantüristlərin sərsəm bəyanatlarını susdursun. Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur. Qonşu ölkələr də bunu belə qəbul edib, real yanaşma sərgiləyib, əməkdaşlıq perspektivləri üzərində işləməli və gələcəyə baxmalıdırlar.