Siyasət
İrəvan Bakıya qarşı silahlanır: lokal müharibə hazırlığı... - TƏHLİL
Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan həqiqəti əks etdirməyən qeyri-adekvat bəyanatları ilə bir daha dünya ictimaiyyətinin gözündə Ermənistanın məhv olan imicini qaldırmağa çalışır. Reallıq isə ondan ibarətdir ki, Ermənistan Cənubi Qafqaz üçün başlıca təhlükə mənbəyidir.
Bu sözləri Axar.az-a politoloq Tofiq Abbasov Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın “İnterfaks”a müsahibəsi zamanı Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlığının üçüncü ölkələrə qarşı yönəlmədiyini iddia etməsi haqda danışarkən deyib.
Politoloq Mnatsakanyanın Ermənistanı “regional təhlükəsizliklə bağlı məsuliyyətli iştirakçı” saymasını gülünc iddia adlandırıb:
“Bu, çox gülünc bir yanaşmadır, çünki Ermənistan region üçün əsas təhlükə mənbəyidir. Azərbaycanın 20 faiz torpağını işğal edən bu ölkə bununla da yetinməyərək qonşu Gürcüstan, Türkiyə, İran, hətta havadarı olan Rusiyaya belə ərazi iddiaları irəli sürməkdən çəkinmir. Belə bir ölkənin bu gün regional təhlükəsizlikdən danışmağa haqqı yoxdur.
Mnatsakanyan bildirib ki, bizim hərbi texniki əməkdaşlığımız hansısa üçüncü ölkəyə qarşı yönəlməyib. Maraqlıdır, o zaman rəsmi İrəvan Rusiyadan aldığı silahları kimə qarşı istifadə edəcək? Ermənistanın bu gün lokal bir müharibə hazırlığında olduğunu hər kəs bilir. Bu da bir həqiqətdir ki, Ermənistan ehtimal bir müharibə zamanı Rusiyadan aldığı silahları birbaşa Azərbaycana qarşı istifadə edəcək. Bu mənada Mnatsakanyanın sözlərinin heç bir məntiqi izahı yoxdur”.
Politoloq qeyd edib ki, Ermənistan üçün ATƏT-in Minsk Qrupunun ləğvi qəbuledilməzdir:
“Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun yeganə danışıqlar prosesi formatı olduğunu bildirməsi normaldır. Çünki bu qurum 30 ildir ki, münaqişəni həll etmək yerinə Ermənistanın maraqları çərçivəsində danışıqları uzatmağa çalışır. Azərbaycan torpaqlarının işğal faktı və Minsk Qrupunun münaqişəni daha 30 il uzatması ilə barışa bilməz. Ermənistanın Minsk Qrupunun fəaliyyətindən razı qalması bir daha bu qurumun əsl üzünü göstərir.
Rəsmi Bakı münaqişənin dinc yolla beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirib. Bu gün müharibə aparmaq və qələbə çalmaq üçün bizim hər bir imkanımız var. Lakin biz müharibə istəmirik. Ancaq danışıqlar nəticə verməsə, müharibə qaçılmaz olacaq”.