Təhsil
13:29, 24 noyabr 2020
153
0

Məktəblər açılmalıdır-Yalnız mart ayından sonra...

Məktəblər açılmalıdır-Yalnız mart ayından sonra...Ölkədə mövcud pandemiya səbəbindən bütün təhsil müəssisələrində təhsil distant şəkildə aparılır. Mütəxəssislər praktiki təhsilin labüd olduğu ixtisaslarda oxuyan tələbələrin distant təhsil zamanı öz peşələrinə lazımınca yiyələnə bilmədiklərini qeyd edirlər.

Regiitv.az bildirir ki, məsələ ilə bağlı Axar.az danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bəzi ixtisaslarda ənənəvi qaydada təhsilə üstünlük verilməlidir:

“Məsələn, Tibb Universitetində müalicə işi, əczaçılıq, stomatologiya kimi ixtisasların distant formada tədrisi tələbələrə nəsə qazandırmır. Nəzərə alsaq ki, belə hallarda qərarverici şəxs birbaşa universitetin özüdür, ona görə də düşünürəm ki, hansı ixtisaslarda praktiki üsullar tələb olunur, belə ixtisasların tələbələrini mütləq ənənəvi qaydada tədrisə cəlb etmək lazımdır.

Biz tələbəni tam ixtisaslı kadr kimi yetişdirmək istəyiriksə, normalda keçirilən təcrübə proqramlarının müddəti mütləq şəkildə uzadılmalıdır. Əks halda bu formada təhsil alan tələbəni hansısa cərrahiyyə əməliyyatına kortəbii şəkildə buraxa bilmərik”.

Ekspert bildirib ki, bu istiqamətdə digər ölkələrin təcrübələri öyrənilir, müəyyən addımların atılması zəruri hesab olunur:

“Ən azından bəzi sahələri bağlayıb, təhsildə ənənəvi qaydaya keçmək vacibdir. Lakin ölkəmizdə dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir. Yalnız mart ayından sonra hansısa dəyişikliklər ola bilər”.
Digər xəbərlər: