Təhsil
15:44, 30 oktyabr 2020
173
0

Yoluxma artır, məktəbləri açmaq olmaz - Bəs, nə edək?

Yoluxma artır, məktəbləri açmaq olmaz - Bəs, nə edək?
Payızın soyuq nəfəsi duyular-duyulmaz COVID-19 virusuna yoluxanların sayında da artım müşahidə olunmağa başladı. Müharibəyə görə internetin verilməsində məhdudiyyət tətbiq olunur, bu halda isə onlayn dərs keçmək və yaxud da dinləmək imkansızdır. Digər tərəfdən də virusa yoluxma sayında artım müşahidə edilməsi dərslərin ənənəvi formada davam etməsini də sual altında qoyur.

Xatırladaq ki, oktyabrın 19-dan noyabr ayının 2-nə qədər ölkəmizdə bütün təhsil müəssisələrində tətil elan edilib. Tətilin bitməsinə sayılı günlər qalıb, növbəti həftə tətil bitir, lakin tədrisin hansı formada, necə davam edəcəyi isə hələ dəqiq məlum deyil. Və bu qeyri-müəyyənlik həm təhsilalanları, həm də təhsil işçilərini nigaran qoyub.

AYNA “Mövcud vəziyyətdə dərslər ənənəvi formada davam etdirilə bilərmi? Əks halda hansı üsuldan istifadə edilməsi gözlənilir? Keçirilməyən dərslərin aqibəti necə olacaq?” sualları ilə təhsil ekspertlərinə müraciət edib.

Məlahət Mürşüdlü, COVID-19 virusuna yoluxanların sayında artım müşahidə olunduğuna görə, belə vəziyyətdə təhsil müəssisələrinin açılmasını düzgün hesab etmir: “Virusa yoluxanların sayında artım müşahidə edilir. Belə şəraitdə məktəblərin açılmasını uyğun hesab eləmirəm. Müşahidələr göstərir ki, ictimai nəqliyyatda sıxlığın qarşısının alınması üçün iş yeləri də bağlanır, müəyyən qapanmalara gedilir. Bu baxımdan düşünürəm ki, yenidən distant təhsilə keçmək vacibdir. Hələ ki vaxt var, müəllimlərimiz, məktəblərimiz distant təhsilə keçidə hazırlaşmalıdır”.

Bildiyimiz kimi distant təhsil internet məhdudiyyəti səbəbindən hazırda əlçatan deyil. Bu barədə sualımızı cavablayan ekspert bildirib ki, təhsilin davam etdirilməsinin zəruriliyini nəzərə alaraq internet məsələsi öz həllini tapmalıdır: “İnternet məsələsi öz həllini tapmalı və distant təhsilə keçilməlidir. Onsuz da sosial şəbəkələr öz axarında davam edir. Buna görə düşünürəm ki, təhsilin də davam etdirilməsi üçün şərait yaradılmalıdır. Əks halda biz onsuz da geri qalmışıq, tədris proqramının yarım ildən çoxunu öyrənməmişik. Bu halda şagird necə sinifdən sinifə keçəcək?”.

“Bütün qüvvələr səfərbər olmalıdır. Qarşıda tətil günləri var. Həmin tətil müddətindən də istifadə edib keçirilməyən dərsləri kompensasiya etmək olar. Dərs yükünə qaldıqda isə, onsuz da distant təhsildə ancaq zəruri fənlər üzrə tədris aparılırdı. Mən düşünürəm ki, bizim tədris proqramı o qədər də ağır deyil. Proqramın müəllim tərəfindən sadələşdirilmiş, anlaşıqlı formada şagirdə qısa bir müddətdə çatdırılması məsələsi çox vacibdir. “Müəllim distant təhsilə hazır olmalıdır” deyəndə biz bunu nəzərdə tuturuq. Müəllimin təkcə informasiya kommmunikasiya texnologiyalarından istifadə etmək bacarığı yox, eyni zamanda da lazım olan bilik və bacarığı, şagirdə, tələbəyə qısa, anlaşıqlı formada çatdırmaq bacarığı olmalıdır. Təəssüf ki, bizdə bu problem yaşanır. Bunlar aradan qaldırılarsa, digər problemlər də öz həllini tapar”, - Mürşüdlü vurğulayıb.

Kamran Əsədov isə düşünür ki, Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci il tədris ilində qarşıya çıxacaq çətinlik və problemlərin həlli üçün müəyyən layihələr və təkliflər hazırlanmalı idi: “27 sentyabrdan müharibə şəraitinə görə internetin verilməsindəki məhdudiyyətlər təhsil alanlara ciddi şəkildə mane oldu. Əlbəttə, burada biz müəyyən qədər dövlət qurumlarının səhlənkarlığından da danışmalıyıq. Çünki 2020-ci ilin mart ayının 3-dən ölkədə pandemiya səbəbindən tədris prosesinin ənənəvi formada keçirilməsi mümkün olmadı. Və həmin vaxt Təhsil Nazirliyi müsbət və çevik qərar qəbul edərək, 11 martdan etibarən “Teledərslər”ə, aprel ayının 2-dən isə “Virtual məktəb” layihəsini həyata keçirməyə başladı. 2019-2020-ci tədris ili bu üsul və vasitələrdən istifadə etməklə başa çatdırıldı”.

“2020-2021-ci tədris ilində qarşıya çıxacaq çətinlik və problemlərin həlli üçün isə müəyyən layihələr və təkliflər hazırlanmalı idi, lakin bu, baş vermədi. Bizim təklif verdiyimiz kimi sentyabr ayının 15-dən etibarən mərhələli şəkildə Nazirlər Kabinetinin müvafiq qaydaları ilə ölkədə birinci mərhələdə 640 min şagirdin əhatə elədiyi birinci siniflər dərslərə başladı, ondan sonrakı mərhələdə isə oktyabrın 1-dən 5-9-cu siniflər məktəblərə gəlməli idi. 19 oktyabrdan 10-11-ci sinif şagirdləri dərslərə başladı. Bildiyimiz kimi 27 sentyabrdan müharibə başladı və ölkədə internetin verilməsində məhdudiyyət yarandı və şagirdlər dərs prosesindən, eyni zamanda təhsilin ənənəvi formada tədris prosesindən kənarda qaldılar”, - ekspert qeyd edib.

Əsədovun sözlərinə görə, hazırda təhsilin qarşısında iki vacib məsələ dayanır: “Birinci məsələ keçirilməyən dərslərin kompensasiyası, ikinci məsələ isə 2021-ci ildə keçirilməsi nəzərdə tutulan qəbul və buraxılış imtahanlarıdır. Nəzərə alaq ki, bu il keçirilən buraxılış və qəbul imtahanlarında test tapşırıqlarının mövzuları mart ayının 3-nə qədərki mövzular idi. Amma 2021-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarında ciddi problem yaranacaq. Ona görə ən vacib məqam tədrisin kompensasiyası məsələsidir. Bildiyimiz kimi, oktyabr ayının 19-dan noyabr ayının 2-nə qədər növbədənkənar tətil elan edilib və ilk dəfədir ki, Azərbaycanda tədrisin gedişində ali təhsil müəssisələrində bu ayda tətil elan edilir. Burada keçirilməyən mövzuların sonradan digər tətillər hesabına kompensasiyası mümkündür. Lakin bu da yetərli olmayacaq. Ən azından onlayn tədris həyata keçirilməli idi. Amma indiyə qədər biz xarici – “Microsoft Teams”, “ZOOM” kimi platformaların üzərində qalmışıq”.

Həmsöhbətimiz hesab edir ki, hazırda yeganə yol “Teledərslər”in sayını və vaxtını artırmaqdır: “Mart ayından bu günə qədər Təhsil Nazirliyi özünün onlayn platforma sistemini yaratmalı idi ki, hər hansı bir fövqəladə vəziyyətdə, müharibə şəraitində tədris prosesini həyata keçirmək mümkün olsun. Fikrimcə, hazırda yeganə yol budur ki, biz televiziyadakı teledərslərin sayını, vaxtını daha da çoxaltmalıyıq, eyni zamanda Təhsil Nazirliyi özünün vahid videokonfrans platformasını yaratmalıdır ki, şagirdlər və müəllimlər həmin onlayn platformadan istifadə etməklə tədris prosesində iştirak eləsinlər. Həmçinin də biz dərsliklərimizi və proqramlarımızı sadələşdirməliyik. Və şagirdlərə zəruri bilikləri verməliyik ki, şagirdlər qəbul və buraxılış imtahanlarında iştirak edə bilsinlər”.

K.Əsədov indiki vəziyyətdə universitetlərin təhsil haqqı məsələsinə də toxunaraq təəssüflə qeyd edib ki, indiyə qədər ali təhsil müəssisələrində tədris prosesi həyata keçirilməsə də, tələbələrdən ənənəvi formada təhsil haqqını tələb edirlər: “Bu, düzgün deyil. Hazırda ali təhsil müəssisələrinin xərcləri dəfələrlə azalıb, buna görə də təhsil haqqı məsələsinə yenidən baxmaq lazımdır. Beynəlxalq təcrübə budur ki, hər bir ali təhsil müəssiəsi orta məktəbin belə, özünün onlayn platforması olmalıdır və həmin platforma hesabına tədris prosesi onlayn qaydada həyata keçirilməlidir. Bundan başqa, elektron resurslardan daha çox istifadə olunmalıdır”.
Digər xəbərlər: