Gündəm
“Xalq mənə sahib çıxaraq onları yerinə otuzdurdu” - deputat
Siyasi rəqabət var, olub və həmişə olacaq. Təəssüfləndirici hal odur ki, rəqabəti düşmənçiliyə çevirən siyasilərimiz də var. Belə siyasilər fəaliyyətlərini bu aspektdən davam etdirdikləri üçün zəifləmiş, elektoratını itirmiş və hardasa formal olarq varlıqlarını görüntüləməkdən başqa əlacı qalmayanlardır. Bax bu qüvvələr bu gün qeyri-sağlam siyasi rəqabətdə bulunmaqda davam edirlər. Və beləcə, hər gün bir az daha itirirlər, nəinki qazanırlar.
Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Versus.Az-a müsahibəsində bir çox nüanslara aydınlıq gətirib.
“Beş illik məşəqqətə son qoyulub”
- Razi bəy, partiyanızın adını dəyişdiniz. Bu addımınız tərəfdarlarınız tərəfindən necə qarşılandı və buna görə sizi qınayanlar oldumu?
- Milli Cəbhə Partiyası adı altında fəaliyyət göstərməyimizə qarşı çıxanlar da, müqavimət göstərənlər də oldu. Sonunda reallığı qəbul edib razılaşdılar. İndi hər kəs razıdır, çünki, beş illik məşəqqətə son qoyulub. Qarşımızda yeni hədəflər var və ümid edirəm ki, Azərbaycanda “ana müxalifət” partiyasına çevrilməyimizə aparan yol ilə irəliləyirik.
- Düşünmək olardı ki, partiyanızın adını dəyişdikdən sonra Əli Kərimlinin ətrafı sizi rahat buraxacaq, amma sosial müzakirələrdə bunun əksi görünür. Nə istəyirlər sizdən?
- Əli Kərimlidən soruşmaq lazımdır ki, o məndən nə istəyir. Mənim bildiyim odur ki, Razi Nurullayevin siyasətdə irəliləməsini gözü götürmür. Ümumiyyətlə, onun istəyi budur ki, özündən başqa Azərbaycan siyasətində qalan olmasın. Bu düşüncə çox ziyanlıdır. Biz yeni adla fəaliyyət göstəririk və onunla yollarımız da kəsişmir. Yenə də tərəfdarları çox pis hərəkətlər edirlər, söyüş və təhqirlər yazırlar. Millət və müxalifət üçün çox pis nümunədir. Müxalifət bir-birinə bu cür yanaşırsa, iqtidarın ömrünü uzatmaq yolu seçir.
Biz ona görə AXCP adından imtina etdik ki, cəbhəçilər, hərəkatçılar, milli-azadlıq hərəkatı iştirakçıları çaşqınlıq yaşamasın, heç kim onların hissi və sədaqəti ilə oynamasın, onların üzərindən siyasət aparmasın. İndi onlar azad və sərbəst şəkildə tərəflərini seçə bilərlər.
“Xalq mənə sahib çıxaraq onları yerinə otuzdurdu”
- Razi bəy, parlamentdəki son çıxışlarınız da səs-küyə səbəb olub. Sosial mediada demək olar ki, sizin çıxışlarınız aktivistlər tərəfindən paylaşılır, təqdir edilir. Sizə elə gəlmirmi ki, bu çıxışlarınız sizi kimlərləsə üz-üzə qoya bilər?
- Parlamentdə hər çıxış edən zaman onun müsbət və mənfi tərəflərini, törədə biləcəyi təhlükələri də analiz edirəm, onları ədalət tərəzisinin gözünə qoyuram. Xalq ağır gəlir və hər şeyi unudaraq xalqın, dövlətin və dövlətçiliyin yanında durmaq yolunu seçirəm. Bu yol təhlükəli və amansız olsa belə, kimsə bunları deməlidir, kimsə risk etməlidir və kimsə gözünü yumub həqiqətləri səsləndirməlidir. O KİMSƏ olmaq yolunu könüllü olaraq seçmişəm.
- Parlamentdəki sonuncu çıxışdan sonra sizi hədəfə alanlar da oldu. Hətta adınızdan fikirlər ortalığa atıldı. Nə məsələdir, bu qara piar "5-ci kolon"dan başladıla bilərmi?
- Parlamentdə çıxışımdan sonra mənə qarşı başladılan qara piar təəssüf edirəm ki, həm müxalifətin, həm də iqtidarın içində olan və sinxron hərəkət edən “beşinci kolon”dan gəldi. Lakin, istəklərinə nail ola bilmədilər. Xalq mənə sahib çıxaraq onları yerinə otuzdurdu. Bu da mənə yeni ruh və yeni güc verdi. Xalq məni müdafiə etməsəydi, açığını deyim ki, bir daha sərt çıxış etməyəcəkdim. Xalqıma təşəkkür edirəm və sağ ol deyirəm. Yola davam.
“Ümid edirəm ki, payız sessiyasında Parlament partiyası kimi fəaliyyət göstərəcəyik”
- Razi bəy, partiyanızın yeni addan sonra Parlament partiyası kimi tanınması və sizin partiyalı deputat kimi qəbul olunmanız mümkündürmü?
- Ümid edirəm ki, payız sessiyasında Parlament partiyası kimi fəaliyyət göstərəcəyik. Bu bizim haqqımızdır və siyasi səhnədə hökm sürən yeni şərait bunu deməyə əsas verir. Həm də Prezident Administrasiyasının siyasi partiyalar və parlamentlə iş şöbəsinin rəhbəri ilə keçirilən görüşlər də bizdə ümid yaradıb.
Daha çox xəbər:
DTX-nin son əməliyyatına Milli Məclisdən REAKSİYA - "...aqibəti belə olmalıdır"
Millət vəkili nəvəsinə bu adı qoya bilməyib - SƏBƏB
Müğənni Cəmilə deputat olmaq istəyir: "Sizi ağ günə çıxardacam"
“HEÇ BİLMİRDİM Kİ, NAZİRİN ÖZÜ KİMDİR, KİMƏ QULLUQ EDİR” – “Sülhəddin Əkbərin təyin edilməsini o xahiş etdi...”
Əhməd bəy Ağaoğlunun nəticəsi: Edam əmri çıxdıqdan sonra Atatürk onu yanına çağırıb - MÜSAHİBƏ