Cəmiyyət
DTX-nin son əməliyyatına Milli Məclisdən REAKSİYA - "...aqibəti belə olmalıdır"
“Biləsuvar rayonunda baş verən olaylara heç də qısa zaman kəsiyində baş verən hadisə kimi baxmaq lazım deyil. Mənə elə gəlir ki, bu prosesə son aylarda, xüsusən bir neçə ay əvvəl Ağstafa, Yevlax, ardınca Neftçalada baş verən hadisələrin məntiqi davamı kimi yanaşmaq lazımdır”.
Bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Biləsuvar rayonunda həyata keçirdiyi əməliyyatı şərh edərkən deyib.
Vitse-spiker bir neçə gün öncə İsmayıllı şəhər İcra nümayəndəsinin DTX tərəfindən həbsinə də diqqət yetirməklə bir neçə məqamı nəzərə çatdırıb:
“Birincisi, DTX-nın atdığı bu addımlar belə bir fikir söyləməyə əsas verir ki, bu gün dövlətimiz çox etibarlı əllərdədir. Harada və hansı təbəqəyə aid olmasından asılı olmayaraq, vəzifəsindən, mənsəbindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, dövlətin yürütdüyü siyasi kursdan yayınanlar, dövlətin irəli sürdüyü təmizlik, vicdanlı, ədalətli münasibətdən kənar addım atanlar, rüşvətə, korrupsiyaya bulaşanlar və digər məqamlarla bağlı atılan addımlarda günahı olan hər bir kəsin cəzası var. Bu artıq bir silsilə formasını alıb. Mənə elə gəlir ki, Biləsuvar rayonunda baş verən hadisə həmin hadisələrin qanunauyuğun davamıdır”.
F.İbrahimli təəssüf hissi ilə qeyd edib ki, bəzi məmurların bundan öncəki hadisələrdən nəticə çıxarmaq əvəzinə bu əməllərini davam etdirmək bir arxayınçılığın əlamətidir:
“Güman edirəm ki, bu addımlar respublikada gedən siyasi proseslərin, islahatların, dövlət başçısının bəyan etdiyi təmiz, pak, vicdanlı siyasətin həyata keçirilməsi yolunda çox ciddi siqnallardan biri olacaq. Bir daha qeyd edirəm ki, mövqeyindən asılı olmayaraq qanun qarşısında hər bir şəxs cavabdehdir. Ölkəmizdə ciddi siyasi islahatlar başlanıb və bu istiqamətdə ciddi addımlar atılır. Dövlət qanunlarından, konstitusiyadan kənar fəaliyyət göstərən hər bir şəxsin aqibəti bax, bu cür olacaq. Dövlət başçısının həyata keçirdiyi bu siyasətə uyğun olaraq DTX-nın çevik, ardıcıl, mütəmadi olaraq addımlar atması cəmiyyət tərəfindən yüksək qiymətləndirilir, dəstəklənir və alqışlanır. Güman edirəm ki, cəmiyyətin sağlamlaşdırılması istiqamətində qudurğan, özünü fövqəlqüvvə hesab edən, ona tapşırılan etimadı doğrultmayan hər bir kəsi bu aqibət gözləyir. Bu bir nəticədir. Bu hadisələrdən hər bir şəxs özü üçün nəticə çıxarmalıdır”.
Vitse-spiker onu da bildirib ki, baxmayaraq dövlət başçısı bütün müşavirələrdə çıxışlarında ciddi mesajlar verib:
“Ancaq təəssüflər olsun ki, hələ də çoxları bundan nəticə çıxarmayıb. Dövlət başçısı sərt formada addım atıb, qısa zaman ərzində belə qanunsuz edən şəxsləri cəzalandıra bilər. Amma dövlət başçısının işi təkcə insanları cəzalandırmaq deyil, onları tutduqları səhv yoldan döndərmək üçün vaxt verir. Bu cür insanları tərbiyə etmək istəyir. Ölkə başçısı bu cür mesajlar verməklə cəmiyyətin durulmasına xidmət edən, bu işlərin rəvan formada həyata keçirilməsi istiqamətində addımlar atır. Ataların bir misalı var. “Qananı sözlə, qanmayanı bizlə”. Görünür müəyyən qüvvələr var ki, bu hadisələrdən nəticə çıxarmaq əvəzinə, tutduqları yanlış yoldan dönmək istəmirlər. Nəticə etibarilə də bu aqibəti yaşamalı olurlar. Bu aqibəti yaşayan adamların dövlət başçısının ona olan etimadına xəyanətdir. Xəyanəti isə nə dövlət, nə də Tanrı bağışlayır. Vicdanı qarşısında məsuliyyətsiz olan insanın aqibəti belə olmalıdır. Göz yaşı üzərində, yetim-yesirin tikəsi üzərində varlanmaq ehtirası buna gətirib çıxarmalıdır. Kadrlar fəaliyyətlərində ciddi dönüş edib, iş prinsiplərini dəyişməlidir. Dövlətin, dövlət başçısının yürütdüyü xəttə uyğun fəaliyyətlərini davam etdiməlidir. Fəaliyyətlərini konstitusiya, qanunlar çərçivəsində qurmalıdırlar”.(ölkə.az)