Cəmiyyət
Qaydalar yumşalır, təhlükə isə qalır: - “Karantindən sonra bu qaydalara əməl olunmalıdır”
Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən koronavirus epidemiyasının yayılması ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.
Bu qərar yoluxma sayına necə təsir edəcək? Karantin müddəti uzadıla bilərmi? Maska ilə gəzmək qaydası qüvvədə saxlanılacaq?
Cebhe.info-nun bu və digər suallarını tibb elmləri doktoru, professor Adil Qeybulla cavablandırıb.
-Bu gündən karantin tədbirləri yumşaldıldı. Necə bilirsiz, bu qərar yoluxma sayına necə təsir edəcək?
-Karantin qaydalarının yumşaldılması o demək deyil ki, insanlar yenə əvvəlki kimi hərəkət edəcəklər. Yenə də sosial izolyasiya tədbirləri gözlənilməlidir, birmənalı olaraq, çölə çıxanda maska istifadə olunmalıdır. Bu gün çölə çıxanda gördüm ki, elə bil heç nə olmayıb, hər yer maşınla doludur, insanlar maskasız gəzir. Bir az məsuliyyətli olmaq lazımdır. Əgər reinfeksiya olarsa, çox ciddi problemlər yaşana bilər. Bu həm yoluxma sayının, həm də ölüm sayının artmasına gətirib çıxara bilər. İnsanlar bunun fərqində olmalıdırlar.
-Hesab edilir ki, karantinin müddəti uzadılmalıdır. Siz hansı mövqedəsiz?
-Mən də hesab edirəm ki, karantin tədbirləri qalmalıdır. Sadəcə olaraq yumşalmalar olsun, amma karantin şərtlərinə mütləq əməl olunmalıdır.
-Yumşaldılma qərarı virusun ikinci dalğasının gəlməsinə rəvac verə bilərmi?
-Yumşaldılma qərarı ondan ötrüdür ki, müəyyən sahələrin fəaliyyəti təmin olunsun. Lakin yenə deyirəm, bu, əvvəlki kimi ola bilməz. Sosial izolyasiya, sanitar-epidemioloji şərtlər daxilində yumşalma ola bilər. Əgər insanlar şərtlərə əməl etməsələr, məsuliyyətli olmasalar, mövcud vəziyyəti nəzərə almasalar, ikinci dalğa ola bilər.
-Sizcə növbəti mərhələdə hansı işlər görülməlidir?
-Bu mərhələ sanitar-epidemioloji durumdan asılı olacaq. Düşünürəm, vəziyyətə baxmaq, daha sonra qərar vermək lazımdır.
Məktəblərin açılması ilə bağlı da fərqli mövqelər var. Baş infeksionist aşağı siniflərdə və bağçada tədrisin bərpasının mümkünlüyünü bildirir. Fikrini də belə izah edir ki, yuxarı siniflərdə şagirdlər daha aktiv oldugundan yoluxma mümkündür.
Məktəblərdə də həmin qaydalar gözlənilməlidir, qaydalara əməl olunmasa, reinfeksiya ola bilər, bu isə daha təhlükəlidir. Düşünürəm ki, tədrisdə siniflərdə uşaq sayı az olmaq şərtilə, məsafə gözlənilməklə, maskalardan istifadə etməklə, tədrisin aparılması mümkündür. Tədrisi gecikdirmək olmaz.
-Ən çox səslənən fikir də yumşaldılma tədbirləri başladıqdan sonra insanların qaydalara əməl etməsidir. Xüsusilə bu gündən etibarən maskasız gəzməməklə bağlı qadağa tətbiq oluna bilərmi?
-Maska ilə gəzmək şərtdir. Avropa ölkələrində də bu var və birmənalı şəkildə bu qaydaya əməl olunur. Almaniyada karantin şərtləri yumşaldıldı, lakin maskasız gəzmək qadağandır. Azərbaycanda da belə bir qayda tətbiq oluna bilər.
Daha çox xəbər:
"Bu işlərin formatını düşünmək lazımdır"
Azərbaycanda bu gündən karantin qaydalarının daha bir qismi yumşaldılır
Bakıda koronavirus həyəcanı: Apteklər bu məhsuldan adama bir dənə satır
“Test sualları dəyişdirilə bilər” - Akademik İsa Həbibbəyli ilə MÜSAHİBƏ
Bu gündən Azərbaycanda bu iş yerləri açılır - SİYAHI