Siyasət
13:10, 02 iyul 2020
85
0

Vilayət Eyvazov: “Yoluxanların sayının artması səhlənkarlıqların nəticəsi kimi meydana çıxır” - MÜSAHİBƏ

Vilayət Eyvazov: “Yoluxanların sayının artması səhlənkarlıqların nəticəsi kimi meydana çıxır” - MÜSAHİBƏ
Bu gün Azərbaycan Polisinin yaranmasından 102 il ötür.

Bu münasibətlə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov "Azərbaycan” qəzetinə müsahibə verib:

- Cənab nazir, Azərbaycan Polisi 102-ci ildönümünü ənənəvi olmayan dönəmdə - qlobal pandemiyanın kütləvi fəsadlarına qarşı aparılan mübarizə şəraitində qeyd edir. Ötən dörd aya yaxın dövr üçün sərt karantin rejimində polis fəaliyyətinin ilkin nəticələrini necə qiymətləndirirsiniz?

- Öncə bir məqama xüsusi diqqət ayırmaq istərdim. Həqiqətən də, pandemiya elə qlobal fəsadlar və kəskin problemlər yaradıb ki, onun ağır nəticələri bütün dünyada özünü hiss etdirir.

Ötən aylar ərzində fövqəldövlətlərin koronavirus qarşısında aciz qaldığını, ən güclü səhiyyə sisteminə malik ölkələrdə insanların müalicəsi üçün xəstəxanaların çatışmadığını, dünya iqtisadiyyatında aparıcı rola malik dövlətlərin ciddi böhranla, vətəndaşlarının isə böyük sosial çətinliklərlə üzləşdiyini müşahidə etdik. Bu acınacaqlı mənzərə, təəssüf ki, hər gün daha da kəskinləşir.

Bu bəla Azərbaycandan da yan keçməyib. Mart ayından etibarən ölkədə karantin rejimi tətbiq olunub və müəyyən dövrlərdə daha da sərtləşdirilib.

Möhtərəm Prezident ilk gündən pandemiyanın yarada biləcəyi çətinlikləri düzgün müəyyənləşdirdi və preventiv tədbirlərlə koronavirusun tibbi, iqtisadi, sosial, psixoloji fəsadlarına qarşı sistemli mübarizə strategiyası formalaşdırdı. Qabaqlayıcı addımların atılmasına dair konkret göstərişlər verdi. Təsadüfi deyil ki, martın sonlarında elan olunmuş və aprel ayından icrasına başlanan sosial-iqtisadi dəstək proqramı sayəsində indiyədək ölkə iqtisadiyyatına, sahibkarlara, işsiz vətəndaşlara, aztəminatlı təbəqələrə və digər həmvətənlərimizə dövlət tərəfindən 3,5 milyard manatdan artıq vəsait ödənib.

Həmin sosial-iqtisadi dəstək kampaniyası isə tibbi müdafiə tədbirləri ilə paralel aparılırdı. Qısa müddətdə ölkənin səhiyyə sisteminin infrastruktur və mütəxəssis bazası pandemiya dövrünə uyğunlaşdırıldı, təkmilləşdirildi, yeni modul xəstəxanalar istifadəyə verildi.

Bu prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın ilk gündən göstərdiyi təşəbbüslər və səylər, aidiyyəti dövlət orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirələrdə qəbul edilən qərarlar pandemiya ilə mübarizənin səmərəliliyinin artmasını şərtləndirdi, habelə Heydər Əliyev Fondunun ölkə boyu təşkil etdiyi böyük humanitar dəstək aksiyaları xalqımız tərəfindən minnətdarlıqla qarşılandı.

Ölkəmizin pandemiyaya qarşı mübarizə strategiyası beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bütün bunlar xalqımızda dövlətə, iqtidara həm etimadı yüksəldir, həm də dövlət başçısının siyasətinin alternativsizliyini təsdiq edir. Nəticə etibarilə Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışı ümummilli səfərbəredici qüvvəyə çevrilib və vətəndaşlarımız bu bəladan xilas yolunda öz Liderinin ətrafında daha sıx birləşib. Ölkə rəhbərinə son aylarda ünvanlanan on minlərlə vətəndaş məktubları da bu həqiqəti tam təsdiqləyir.

Sözügedən sahədə digər dövlət strukturları kimi daxili işlər orqanları da ölkə rəhbərinin müəyyənləşdirdiyi strateji prinsiplər əsasında fəaliyyət göstərir. Bu müddətdə polisin işinin ilkin nəticələri barədə mənim rəyimə gəldikdə isə hesab edirəm ki, bunu ictimaiyyət və kütləvi informasiya vasitələri daha dolğun və obyektiv verə bilər. Çünki həmişə olduğu kimi, bu dövrdəki fəaliyyətimiz də sizlərin gözü önündə, geniş ictimai nəzarət altında həyata keçib. Sözsüz ki, xidmətimizdə müəyyən nöqsanlar var və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görürük. Ümumilikdə isə cənab Prezident Daxili İşlər Nazirliyinin, onun təşkilati strukturlarından olan polisin və Daxili Qoşunların fəaliyyətini yüksək qiymətləndirir ki, bu da bizim üçün ən böyük mükafatdır.

- Cənab nazir, bu prosesdə daxili işlər orqanlarının fədakarlığı, şəxsi heyətinin əzmkarlığı, gecəli-gündüzlü gərgin fəaliyyəti ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir, tam müsbət qarşılanır...

- Nazirliyə vətəndaşlar tərəfindən göndərilən çoxsaylı məktublar, teleqramlar, eləcə də, elektron ünvanımıza daxil olan mesajlar, xüsusən ölkə mətbuatının sağlam mövqeyi həyata keçirdiymiz tədbirlərin razılıqla qarşılandığını sübut edir. Bu ədalətli, obyektiv münasibətə və məhdudiyyət tədbirlərini anlayışla qarşılayıb dəstəklədiklərinə görə Daxili İşlər Nazirliyinin bütün şəxsi heyəti adından ölkə ictimaiyyətinə, media mənsublarına təşəkkürümüzü bildiririk.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə tətbiq edilən xüsusi karantin rejimi dövründə hərəkət məhdudiyyətlərini tənzimləyən qaydalara riayət olunmasına ölkə boyu nəzarətin həyata keçirilməsinə bütün şəxsi heyətimiz səfərbər olunub. Daxili işlər orqanlarının əməkdaşları, sıravisindən ali rəis heyətinədək hər biri mart ayından etibarən gücləndirilmiş iş variantında və bundan irəli gələn gərgin iş rejimində çalışır. Açıq deyək, həyatlarını bəzən infeksiyaya yoluxma risqi altına qoyur, paytaxtda və bölgələrdə, o cümlədən müvəqqəti postlarda məlum qaydaların təmini və qarşıya qoyulmuş xidməti tapşırıqların icrası üçün yorulmadan səy göstərirlər.

Digər tərəfdən, bildiyiniz kimi, hərəkət məhdudiyyətlərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu halların müəyyənləşməsi üçün yol-patrul, post-patrul xidmətlərinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları davamlı tədbirlər görürlər. Paytaxtda və sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan digər inzibati ərazilərdə əhalinin sıx olduğu yerlər tam nəzarətə götürülüb.

Lakin xüsusi karantin rejiminin pozulması halları təəssüf ki, hələ də qeydə alınır. Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, postlardan qanunsuz olaraq keçməyə cəhd göstərən, fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələbləri pozan insanlar, iaşə müəssisələri üçün elan edilən qaydalara riayət etməyən obyekt sahibləri, lüzumsuz yerə nəqliyyat vasitələrindən istifadə edən sürücülər və digər pozuntular aşkarlandıqda polis əməkdaşları tərəfindən həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək onlar məsuliyyətə cəlb olunurlar.

- Şəxsən Siz pandemiyaya qarşı mübarizə tədbirlərində vətəndaşlarımızın iştirakını, onların bu prosesə münasibətini necə dəyərləndirirsiniz?

- Vətəndaşlarımız adi və sərt karantin rejimləri üçün müəyyən edilmiş qaydalara bütövlükdə riayət edirlər. Əhalinin mütləq əksəriyyəti sosial izolyasiyanın saxlanılması, məhdudiyyətlərə və sanitar-gigiyenik şərtlərə əməl edilməsi, lüzum olmadan yaşayış yerinin tərk edilməməsi və bu kimi digər tələblərə əməl edir. Lakin onu da vurğulayım ki, vətəndaşlarımızın bir qismində şəxsi səhlənkarlıq, məsuliyyətsizlik hallarına rast gəlindi və tətbiq edilən inzibati cərimələr bu cür münasibətdən ortaya çıxan, eyni zamanda, ailələrinin, ətraflarının xəstəliyə yoluxmasına şərait yaradan acı həqiqətin nəticəsidir. Mən bu istiqamətdə də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın davamlı çağırışlarını, şəxsi nümunələrini xüsusilə əhəmiyyətli sayıram. Bu örnəklər ictimaiyyətdə ciddi profilaktik təsir yaratdı, böyük maarifçilik dalğasına çevrildi.

Sərt karantin rejimi nə deməkdir? İnsanlar pandemiyaya yoluxmamaq üçün evində qalsın, ətraf mühitdən təcrid olunsun və beləliklə də, sağlamlığını təmin etsin. Əlbəttə ki, karantin ən effektiv mübarizə üsulu deyil, ancaq dünyada bundan daha yaxşı qoruyucu metod da tapılmayıb. Cərimələr də, əslində, insanları bu qaydaları pozmaqdan çəkindirən səmərəli vasitədir. Yəni cəriməyə məruz qalmamaq düşüncəsi tək bir insanı deyil, həm də onun yoluxdura biləcəyi digərlərini xilas edir.

Bu həqiqəti daxili işlər orqanlarının əməkdaşları aylardır ki, əhaliyə çatdırırlar. Bizim əsas işimiz cərimə yazmaq deyil və xatırladım ki, qaydaları ilk dəfə pozanların əksəriyyətinə heç cərimə də yazılmayıb, onlara xəbərdarlıq edilib.

Müxtəlif istiqamətlər üzrə monitorinqlər də aparırıq. Təsəvvürünüzə gətirin, ictimai nəqliyyatda hərəkət edən sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir. İaşə obyektlərində, açıq və qapalı məkanlarda sosial məsafə çox vaxt qorunmur. Son günlər yoluxmaya məruz qalan insanların sayının artması da məhz belə səhlənkarlıqların nəticəsi kimi meydana çıxır. Yaxud icazəsi olmadığına görə şəhəri tərk etmələrinə imkan verilməyən, ancaq postlardan yayınıb, ara torpaq yollarla avtomobillərdə hərəkət etməyə cəhd edən yüzlərlə şəxsi hamı gördü.

Sosial şəbəkələrdə, mesajlaşma tətbiqlərində əhali arasında xof, vahimə yaradan yalan məlumatlarla da hər gün rastlaşırıq. Daxili işlər orqanları bu kimi halları, - əslində, o həm də cinayət faktlarıdır, - müəyyən edən müasir texnikaya malikdir və qeyd etdiyim faktlar dərhal müəyyənləşdirilərək lazımi hüquqi tədbirlər görülür.

Son günlər ölkə ictimaiyyəti, deputatlar, ziyalılar açıqlamalarında karantin rejiminin tələblərinin pozulmasına, maska taxmamağa görə polisin daha sərt tədbirlər görməsini istəyirlər. Bu fikirlər, əlbəttə, təbii qarşılanır və polis bu işin öhdəsindən gəlir. Ancaq daxili işlər orqanlarının əməkdaşları hər bir məkanda, hər bir məhəllədə sutkalıq nəzarət həyata keçirə də bilməz... Bu nəzarət Prezidentimizin dediyi kimi, ümumxalq işinə çevrilməlidir.

Daxili İşlər naziri olaraq ictimaiyyətə müraciət edib bir daha bildirmək istərdim ki, bu cür neqativ hallara qarşı mübarizə yalnız rəsmi çərçivədə və polis müdaxiləsi ilə aparılmamalıdır. Biz bu ürək ağrıdan prosesdə ictimai qınağın, məzəmmətin və nəzarətin artırılmasını çox vacib sayırıq. Əgər vətəndaşlarımız öncə özləri qaydalara əməl edib, sonra da ətrafdakıların bu tələblərə riayət etməsinə çalışsalar, həmçinin, tələblərə zidd davranışları müəyyənləşdirib çəkinmədən məlumat versələr, bu prosesdə müsbətə doğru dönüş yaranar. Faktlar sübut edir ki, ictimai nəzarət bəzən elə rəsmi nəzarət qədər təsirli olur.
Ümumilikdə, sərtləşdirilmiş karantin rejimində vətəndaşlarla polis əməkdaşları arasında əsasən səmimi, qarşılıqlı etimada əsaslanan, təəssübkeşlik ovqatlı münasibətlər mövcuddur və davam edir. Bu həmrəyliyi, işbirliyini yüksək qiymətləndirirəm və əminəm ki, əlaqələrimiz daha da möhkəmlənəcək.

- Cənab nazir, cinayətkarlığa qarşı mübarizədə vəziyyət necədir?

- Azərbaycan cinayətkarlığa qarşı mübarizədə, asayişin və əmin-amanlığın qorunması sahəsində öncül dövlətlər sırasında yer alır. Respublikamız bu gün dünyanın təhlükəsiz ölkələrindən biri, sabitlik adası kimi tanınır. Vətəndaşlarımızın dinc həyatı etibarlı qorunur, özlərini güvənli hiss edirlər. Hesab edirəm ki, bu fakt son 17 ildə Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində əldə olunan ən mühüm uğurlardandır.
Son dövrlərin statistikası da bunu sübut edir.

2003-2017-ci illərdə 21 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 16 minə yaxın odlu silah yığılıb və onun tətbiqilə törədilən cinayətlərin sayı 1,3 dəfə azalıb.

Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 55 mindən artıq təqsirləndirilən şəxs tutulmuş, qanunsuz dövriyyədən 11 tona yaxın narkotik vasitə çıxarılıb. Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər Avropa dövlətləri ilə müqayisədə xeyli azdır.

Davos Forumunun son hesabatına əsasən, Azərbaycan mütəşəkkil cinayətkarlığa qarşı mübarizə indikatoru üzrə 141 ölkə arasında 18-ci, polis orqanlarına əhalinin etibarı göstəricisinə görə 30-cu yerə yüksəlib.

Göründüyü kimi, respublikanin hüquq mühafizə və xüsusi xidmət orqanlarının səylərinin vahid məqsəd üzərində cəmləşməsi sayəsində, cinayətkarlığa qarşı mübarizədə əhəmiyyətli nəticələr əldə edilir, bütün kütləvi tədbirlərdə asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunur. Hədəfimiz əldə olunmuş nəticələri daha da yaxşılaşdırmaqdır.

- Cənab nazir, son illərdə Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar dövlət strukturlarının fəaliyyətində də köklü dəyişikliklərə, mühüm yeniliklərə rəvac verib. Bu islahatlar dalğası Daxili İşlər Nazirliyində hansı nəticələrlə müşayiət olunub?

- Son illər ölkəmizdə islahatlar yeni, daha dinamik mərhələyə qədəm qoyub. Təsadüfi deyil ki, Azərbaycan xarici reytinq göstəricilərinə görə dəfələrlə "ən islahatçı ölkə” elan edilib, bu sahədə fəaliyyətin səmərəliliyi və nəticələri beynəlxalq miqyasda təqdir olunub.

Prezidentin hər bir dövlət strukturuna konkret tələbi var. Fəaliyyət davamlı surətdə təkmilləşməli, müasirləşməli, yeni dövrün çağırışlarına uyğunlaşdırılmalıdır. İslahatların əsas məramı isə vətəndaş məmnunluğunu artırmaqdır.

Daxili İşlər Nazirliyində, eləcə də, tabeliyindəki struktur qurumlarda aparılan islahatlar da miqyaslıdır. Nəticə baxımından isə fəaliyyətin effektivliyinin yüksəlməsinə xidmət edir və Dövlət Başçısının müvafiq tapşırıqları, təklifləri ümumi işimizə əhəmiyyətli töhfələr verir.

Həmçinin, ölkəmizdə aparılan geniş quruculuq işləri daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, infrastrukturunun müasirləşdirilməsi, maddi-texniki təminatının, şəxsi heyətin məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına əlverişli şərait yaradıb.
Bu gün polis minlərlə yeni nəqliyyat vasitəsi, qabaqcıl texnologiya və avadanlıqla təchiz edilmiş mobil dövlət qurumudur. Elektron xidmətlər, veb-saytlar, qaynar xətlər, "ASAN xidmət” mərkəzlərində fəaliyyət - vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlib. Bütövlükdə bu və digər innovasiyalar xidməti fəaliyyətin səmərəsini qat-qat artırıb.

- Azərbaycan Polisinin 102-ci ildönümü ərəfəsində Sizinlə görüşürük. Elə Sizin Daxili İşlər naziri təyin olunmağınızdan da bir il ötür. Bu söhbətin Sizin həm də mətbuata verdiyiniz ilk geniş müsahibə olduğunu nəzərə alaraq, ötən birillik dövrlə bağlı təəssüratınızı və fəaliyyətinizdəki əsas hədəfləri oxucularla bölüşməyi xahiş edərdik...

- Cənab Prezidentin, Ali Baş Komandanın tapşırıq və göstərişlərini icra etməyi, nazir kimi funksiyalarımı tam və yüksək səviyyədə həyata keçirməyi əsas hesab edirəm. Dövlət Başçısı mənə böyük etimad göstərib, bu etimadı doğrultmaq, qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək borcumuzdur.

Fəaliyyət hədəflərim barədə sual verdiniz. Ölkə rəhbərinin daxili işlər orqanları və mənim üçün müəyyən etdiyi başlıca hədəflər aydındır: daxili işlər orqanlarının qloballaşan dünyanın yeni çağırış və təhdidlərinə adekvat cavab verməyə hazır olması, cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsi, kriminogen duruma nəzarətin gücləndirilməsi, ictimai sabitliyin davamlı olaraq möhkəmləndirilməsi, fəaliyyətimizlə vətəndaş məmnunluğunun artırlıması, bütövlükdə cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsi və daha peşəkar, qətiyyətli, günün tələblərinə cavab verən kadrların hazırlanması əsas hədəflərdəndir.

Peşə bayramımız ərəfəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 26 əməkdaşımız dövlət mükafatlarına, 3 rəhbər vəzifəli şəxs ali xüsusi rütbəyə layiq görülüb. Xidməti fəaliyyətimizə verilən bu yüksək dəyərə görə bütün şəxsi heyət adından Dövlət Başçısına dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan Polisi Prezident, Ali Baş Komandan İlham Əliyevin inam və etimadını öz peşəkar xidməti ilə doğrultmaq üçün bundan sonra da var qüvvəsilə çalışacaq.
Digər xəbərlər: