Siyasət
"Bütün kütləvi tədbirlərdə asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunur" - Vilayət Eyvazov
“Azərbaycan cinayətkarlığa qarşı mübarizədə, asayişin və əmin-amanlığın qorunması sahəsində öncül dövlətlər sırasında yer alır. Respublikamız bu gün dünyanın təhlükəsiz ölkələrindən biri, sabitlik adası kimi tanınır. Vətəndaşlarımızın dinc həyatı etibarlı qorunur, özlərini güvənli hiss edirlər. Hesab edirəm ki, bu fakt son 17 ildə Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində əldə olunan ən mühüm uğurlardandır. Son dövrlərin statistikası da bunu sübut edir”.
“Report” xəbər verir ki, bu sözləri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəsmi mətbuata müsahibəsində deyib.
Nazir bildirib: “2003-2017-ci illərdə 21 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, əllərdə qanunsuz saxlanılan 16 minə yaxın odlu silah yığılmış və onun tətbiqilə törədilən cinayətlərin sayı 1,3 dəfə azalmışdır.
Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunmuş, axtarışda olan 55 mindən artıq təqsirləndirilən şəxs tutulmuş, qanunsuz dövriyyədən 11 tona yaxın narkotik vasitə çıxarılmışdır. Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər Avropa dövlətləri ilə müqayisədə xeyli azdır.
Davos Forumunun son hesabatına əsasən, Azərbaycan mütəşəkkil cinayətkarlığa qarşı mübarizə indikatoru üzrə 141 ölkə arasında 18-ci, polis orqanlarına əhalinin etibarı göstəricisinə görə 30-cu yerə yüksəlib.
Göründüyü kimi, respublikanin hüquq mühafizə və xüsusi xidmət orqanlarının səylərinin vahid məqsəd üzərində cəmləşməsi sayəsində, cinayətkarlığa qarşı mübarizədə əhəmiyyətli nəticələr əldə edilir, bütün kütləvi tədbirlərdə asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunur. Hədəfimiz əldə olunmuş nəticələri daha da yaxşılaşdırmaqdır”.
Daha çox xəbər: