Siyasət
11:51, 26 may 2020
37
0

Əbülfəs Qarayev ona ev bağışlayıb – Jurnalistlər binasında isə...

Əbülfəs Qarayev ona ev bağışlayıb – Jurnalistlər binasında isə...
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev və onun ətrafındakı söz-söhbətlərin, qalmaqalların ardı-arası kəsilmir.

İndi isə bir neçə gün əvvələ qədər Əbülfəs Qarayevin rəhbəri olduğu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətovun jurnalistlər üçün ayrılan binalardan iki ev alması haqda məlumatlar yayılıb.

Bildirilir ki, Dövlət Təhlükəsizlik Xidməti nazirlikdə əməliyyat keçirən zaman İntiqam Hümbətov da məhz buna görə saxlanılaraq dindirilib və sonradan sərbəst buraxılıb.

İ.Hümbətovun jurnalistlərin binasından iki ev alması ilə bağlı məlumatlar yayılan zaman Musavat.com onunla əlaqə saxlayıb.

Əvvəlcə sayt onu da dəqiqləşdirib ki, İ.Hümbətov ailə həyatı quran zaman nazir Əbülfəs Qarayev ona ev bağışlayıbmış.

İ.Hümbətov barəsində deyilən fikirlərə münasibət bildirmək istəməyib. O, jurnalistlərin binasından iki ev alması, nazirin ona mənzil bağışlaması haqda danışmaqdan imtina edib. Ancaq məlumatı təkzib də etməyib.

Bundan başqa İ.Hümbətov DTX tərəfindən saxlanılması və dindirilməsi haqda məlumatlara da münasibət bildirmək istəməyib.

Xatırladaq ki, mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu həbs edilib.

İttihama görə onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nazirliyin vəzifəli şəxslərindən müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə məsuliyyətə cəlb ediliblər.

Bir neçə gün əvvəl isə Ə.Qarayev nazir vəzifəsindən azad edilib.
Digər xəbərlər: