Cəmiyyət
"Başlarına olmazın oyunlar gətirilir..." - Dilqəm və Şahbazdan YENİ XƏBƏR
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi haqda yayılan məlumatlara münasibət bildirib.
APA-nın xəbərinə görə, o bildirib ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin konkret mövqeyi var.
İcma sədrinin sözlərinə görə, əsir və girovluqda olan şəxslər "hamının-hamıya” prinsipi əsasında dəyişdirilməlidir.
"Bu, beynəlxalq humanitar hüququn əsas prinsipidir. O ki, qaldı gələcəkdə azərbaycanlı girovların ailə üzvləri ilə görüşünə, bizim əsas istəyimiz onların öz ailələrinin yanına geri dönməsidir. Ermənistan qoşunları, işğalçılar onları azad etməlidirlər. Dilqəm və Şahbaz dədə-baba torpaqlarına getdikləri üçün qanunsuz şəkildə həbs ediliblər. Əsas məqsədimiz onların azad olunmasıdır. Dövlətimiz onların azad olunması istiqamətində bütün tədbirləri görür və biz də beynəlxalq təşkilatlarla, diplomatik korpusun nümayəndələri ilə görüşlərdə bu məsələni qaldırırıq. Deyirik ki, onlar işgəncələrə məruz qalırlar, başlarına olmazın oyunlar gətirilir”, - deyə icma sədri qeyd edib.
Qeyd edək ki, son günlər Ermənistan kütləvi informasiya vasitələrində Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi haqda danışıqların aparılması ilə bağlı məlumatlar yayılıb. Məlumatda deyilir ki, danışıqlar artıq yekunlaşmaq üzrədir.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D. Əsgərov və Azərbaycan vətəndaşı Ş. Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Daha çox xəbər:
Tural Gəncəliyev Şuşada keçiriləcək “andiçmə mərasimi” ilə bağlı açıqlama yaydı
Azərbaycan bloqeri erməni kilsəsinə girdi, Paşinyan özünü itirdi - VİDEO
Tural Gəncəliyev: “Qondarma rejimin oyuncaq “başçısı” anlayır ki, mühakimə ediləcəyi gün çox yaxındır”
İlham Əliyev - "İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır"
81 yaşlı AYB sədri: "Yaşlı nəslin nümayəndələri getməlidir"