Siyasət
Tural Gəncəliyev Şuşada keçiriləcək “andiçmə mərasimi” ilə bağlı açıqlama yaydı
“Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri və seçilmiş nümayəndəsi olaraq, Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə mərasimi” ilə bağlı bildirirəm ki, bütün beynəlxalq ictimaiyyət tərəfindən rədd edilmiş “seçki” şousunun nəticələrinin heç bir hüquqi əsası yoxdur və həmin “seçki” nəticəsində hər hansı bir qurum və şəxsin legitimliyindən söhbət belə gedə bilməz”.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin işğal olunmuş Şuşa şəhərində keçiriləcək “andiçmə mərasimi” ilə bağlı yaydığı açıqlamada deyilir.
“Qondarma mərasim danışıqlar prosesini pozmağa hədəflənmiş təxribatdır. Ermənistan hakimiyyəti mütəmadi olaraq belə təxribatçı əməllər törədir və işğal altındakı Şuşa şəhərinin bu qondarma tədbir üçün seçilməsi bunu aydın şəkildə nümayiş etdirir.
Bütün bunlar azmış kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməsi və danışıqlara zərər vuran bu təxribatda şəxsən iştirak etməsi Ermənistan rəhbərliyinin sülh barədə danışmasının yalnız riyakarlıq olduğunu göstərir”, - o bildirib.
T.Gəncəliyevin sözlərinə görə, Ermənistanın atdığı bu addım işğal olunmuş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir, münaqişənin sülh yolu ilə nizamlanması prosesinə zərbədir və 2019-cu ilin yanvar ayında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə bəyan edilmiş “xalqların sülhə hazırlanması” niyyəti ilə tamamilə ziddiyyət təşkil edir:
“Azərbaycan münaqişənin ən qısa zamanda sülh yolu ilə həll olunması istiqamətində davamlı və konstruktiv addımlar atdığı, habelə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sülh və birgə yaşayış çağırışları fonunda Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində belə təxribatlara əl atması bizdə dərin hiddət və ikrah hissi doğurur.
Bu, Ermənistan hakimiyyətinin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını deməyə əsas verir və bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir.
Bir daha qeyd edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsi işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması, bütün azərbaycanlı məcburi köçkünlərin öz ata-baba yurdlarına ləyaqətli şəkildə geri dönməsi və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşayışının təmin edilməsi yolu ilə həll oluna bilər. Yalnız qeyd edilən addımlardan sonra bölgədə ədalətli və davamlı sülh təmin edilə bilər.
Biz beynəlxalq ictimaiyyəti, xüsusən ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın bu təxribatçı hərəkətinə lazımi qiymət verməyə və onu pisləməyə çağırırıq”.
Daha çox xəbər:
Tural Gəncəliyev: “Qondarma rejimin oyuncaq “başçısı” anlayır ki, mühakimə ediləcəyi gün çox yaxındır”
"Bu bölgə həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaqdır" - XİN
Avropa Şurası Dağlıq Qarabağda keçirilən “seçkilər”i tanımır
Qarabağda ermənilər AYAĞA QALXDI: etirazlar davam edir
Azərbaycan Uruqvaya nota verdi