Sosial
18:47, 29 noyabr 2021
99
0

Balaxanının 5 minlik Fazenda sakinləri məktəbsiz qalıb

Balaxanının 5 minlik Fazenda sakinləri məktəbsiz qalıb
Əhalisi kifayət qədər olan yaşayış məntəqələrində məktəb, uşaq bağçası və xəstəxana kimi gərəkli təsisatların olması vacibdir. Ölkəmizin hər yerində, o cümlədən də ucqar kəndlərdə belə müasir tipli məktəblər inşa edilərək şagirdlərin ixtiyarına verildiyi halda, Bakının lap yaxınlığında yerləşən bəzi yaşayış massivlərində hələ də orta məktəb yoxdur və həmin ərazilərdə yaşayan sakinlərin övladları yaşayış yerlərindən uzaqda yerləşən məktəblərə gedirlər.
Sabunçu rayonu Balaxanı qəsəbəsinin Fazenda adlandırılan yaşayış məntəqəsinin sakinləri ərazidə məktəb olmadığından, uşaqlarını bir neçə kilometr uzaqda yerləşən Balaxanı qəsəsəbəsindəki məktəblərə aparmaq məcburiyyətində qalıblar.
Fazenda yaşayış massivinin sakini Mirzəyev Təvəkkül Əli oğlu sakinlər adından redaksiyamıza müraciət edərək problemin həll edilməsi üçün bu məsələnin ictimailəşdirilməsini istədi. T.Mirzəyev bizimlə söhbətində bildirdi ki, Fazenda yaşayış massivi 2004-cü ildən salınmasına və ərazinin qazlaşdırılmasına, işıq və su ilə təmin olunmasına baxmayaraq, məktəb problem olaraq qalmaqdadır. Dəfələrlə qəsəbə rəhbərliyinə müraciət etdiklərini deyən T.Mirzəyevin sözlərinə görə, problem hələ də öz həllini tapmayıb. “Biz Balaxanı qəsəbəsinin Fazenda adlanan yaşayış məntəqəsində yaşayırıq. Bizim yaşadığımız ərazidə orta məktəb yoxdur, uşaqlarımız oxumaq üçün Balaxanı qəsəbəsindəki məktəblərə gedirlər. Hava yağışlı olanda yollar palçıq olur və əraziyə taksilər gələ bilmir, nəticədə isə uşaqlarımız məktəbə getmirlər. Biz uşaqlarımızı xüsusi taksi ilə yola salırıq. Taksilər də uşağın birini 30 manata aparır. Mənim üç uşağım məktəbə gedir və mən ay ərzində 90 manat taksi pulu verirəm. İnanın ki, çox əziyyət çəkirik. Ayda 90 manat vermək bizim üçün çox çətindir. Məktəb olmadığı üçün əziyyətimiz hərtərəfli böyükdür. Uşaqlarımız da həddən artıq yorulurlar. Bu gün Azərbaycan inkişaf etmiş dövlətdir və demək olar ki, hər yerdə dövlət tərəfindən, eləcə də Heydər Əliyev Fondunun dəstəyilə orta məktəblər tikilir. Çox arzu edərdik ki, Fazenda yaşayış məntəqəsində də bir məktəb binası tikilsin. Bizim yaşayış məntəqəsində təxminən 5 minə yaxın sakin yaşayır və bəlkə də bizim uşaqlar bir məktəbə yerləşməz. Yəni uşaq çoxdur”.
T.Mirzəyev ümid edir ki, tezliklə Fazenda yaşayış massivində yeni tipli məktəb inşa ediləcək və uşaqları bu məktəbdə təhsil alacaqlar. T.Mirzəyev qeyd etdi ki, bu məktəbin inşasına hava-su kimi ehtiyac var və Təhsil Nazirliyi, eləcə də digər qurumlar bununla bağlı zəruri addımlar atarsa, bu, məktəblə bağlı problemin birdəfəlik həllinə gətirib çıxarar.
Məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəsi Şamil Alıyevlə də əlaqə saxladıq. Ş.Alıyev “regiitv.az-a bildirdi ki, konkret olaraq Fazenda yaşayış massivində hər hansı bir məktəbin inşası nəzərdə tutulmur, amma Fazenda və Zabrat qəsəbəsini birləşdirilən ərazidə məktəb binası tikilməsi gündəmdədir. O hesab edir ki, sözügedən ərazidə məktəb binası inşa edildikdən sonra həm Fazendanın, həm də Zabrat qəsəbəsinin Fazendaya yaxın ərazilərinin sakinlərinin övladları bu məktəbdə təhsil alacaqlar. “Fazendaya bitişik Zabrat ərazisində məktəb tikintisi nəzərdə tutulub və artıq torpaq sahəsi də ayrılıb. Lakin o məktəbin nə zaman tikilib istifadəyə verilməsi haqqında məlumatsızıq. Bu məktəbdə həm Zabratın Fazendaya yaxın ərazilərinin, həm də Fazendanın sakinlərinin övladlarının təhsil alması nəzərdə tutulur” - deyə Ş.Alıyev qeyd etdi.
Balaxanının 5 minlik Fazenda sakinləri məktəbsiz qalıb
Digər xəbərlər: