Gündəm
Zığda boş torpaqları zəbt edən makler yol polisidir? - FOTO
Neft mədənlərinin ərazisində, boru kəmərlərinin mühafizə zonasında tikilən evlər həm əhalinin sağlamlığı, həm də neft sənayesinə yaratdığı maneələr baxımından ciddi narahatlıq doğurur.
“Report” xəbər verir ki, əvvəla bu ərazilərdə yaşamaq insanların həyatı üçün təhlükə törədir.
Çünki bu quyuların əksəriyyətində intensiv neft hasilatı həyata keçirilir. Hər an qəza, partlayış baş verə bilər. Bu cür ərazilərdə bəzən bir neft quyusunun ətrafında bir neçə ailə yaşayır. Təbii ki həmin ailələrin azyaşlı uşaqları həyət-bacaya çıxıb, quyunun ətrafında həmyaşıdları ilə oyunlar oynayırlar. Təsəvvür edin, həmin anda partlayış baş versə, biz necə böyük bir faciə ilə üzləşə bilərik. Digər tərəfdən mədən ərazilərində radiasiya fonu başqa yerlərlə müqayisədə dəfələrlə çox olur. Müxtəlif elmi araşdırmalara əsasən bu cür yerlərdə uzun müddət yaşayan insanlarda xərçəng xəstəliyinin yaranma ehtimalı yüksək olur. Həmçinin radiasiya uşaqlarda inkişaf problemlərinə də səbəb ola bilər.
Bunlardan əlavə neft mədənində məskunlaşan insanlar quyuların işləməsinə, neft hasilatı prosesinə ciddi şəkildə maneə yaradırlar. Yaşayış evləri ilə əhatə olunan quyularda hər hansı təmir-bərpa işlərinin aparılması, xüsusi texnikaların ərazidə işləməsi xeyli çətinləşir.
Vətəndaşların bu ərazilərdə məskunlaşmasının əsas səbəbkarı mədən ərazilərini oğurlayan quldur makler şəbəkələridir. Onlar öz səlahiyyətlərindən sui istifadə edən bəzi məmurlardan dəstək alaraq mədən ərazilərini zəbt edib gecələr gizli şəlkildə ev tikib satmaqla məşğul olurlar. Vətəndaşlar ilkin vaxtlarda bu cür ərazidə yaşamağın fəsadlarını dərk etmirlər. Lakin sonradan bir çoxları bu cür təhlükəli, normal yaşayış üçün heç bir şəraiti olmayan, üfunət qoxulu ərazilərdə məskunlaşdıqları üçün peşman olduqlarını bildirirlər.
Neft sənayesinə aid torpaqların ən çox zəbt olunduğu ərazilərdən biri də Zığ qəsəbəsində yerləşir. Bəzi insanlar hüquq mühafizə orqanlarının, mühafizə personalının bütün xəbərdarlıqlarına baxmayaraq neft ərazilərində tikinti işlərini davam etdirirlər. İşbazlar xüsusi taktika ilə zəbt olunma prosesini get-gedə genişlənməklə bir neçə mərhələdə aparırlar. Əvvəlcə gizli şəkildə gecə vaxtı ev tikib dam örtüyünü vururlar, bir müddət sonra əraziyə hasar çəkirlər. Daha sonra hasarın içində bir neçə ev tikib ya satırlar, ya da kirayə verirlər.
Oxşar taktikadan istifadə edərək neft sənayesinə aid boş torpaqları zəbt edənlərdən biri də Nəcəfov Ramid Qasım oğludur. O, Suraxanı rayonu Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsindəki fərdi yaşayış evinin qarşısındakı boş torpaq sahəsini hasara alaraq zəbt edib. Mühafizəçilər tərəfindən ona dəfələrlə neft sənayesinə aid torpaq sahində tikinti işlərinin aparılmasının qanunla qadağan edildiyi bildirilsə də, o, bu xəbərdarlıqlara məhəl qoymayıb. Ramid Nəcəfovun özbaşınalıqları barədə DİN-in 102 xidmətinə də bir neçə dəfə məlumat verilib, lakin ərazi üzrə sahə rəisi, mayor Azər Nəsirov da qanun pozuntusunun qarşısını ala bilməyib.
Ətrafda yaşayan sakinlərin dediyinə görə, Ramid Nəcəfov Dövlət Yol Polisinin əməkdaşıdır. Lalkin o maklerliklə də məşğul olur, polis olmasından istifadə edərək boş torpaq sahələrini zəbt edib ev tikərək satmaqla məşğul olur. Adını gizlətmək üçün isə özünü “Roma” kimi təqdim edir.
Təəssüf ki, vəzifəsi asayişi qorunmaq, qanunların pozulmasının qarşısını almaq olan bəzi polis əməkdaşları öz mənafeləri naminə qanunları heçə sayaraq şərəfli polis adına ləkə yaxırlar.
Daha çox xəbər:
Adil Vəliyev bu evlər tikiləndə hara baxırdı? – VİDEO
Xəzərdə gəmidə partlayış olub - Yaralılar var - RƏSMİ AÇIQLAMA
Samir Şərifov: “COVID-19-la bağlı neft bazarlarında tamamilə yeni vəziyyət yaranıb”
Texas sahillərində iki barja və tanker toqquşub, neft sızması baş verib
Elm adamlarından qorxulu xəbərdarlıq: Yeni və ölümcül epidemiyalar yaxınlaşır