Cəmiyyət
16:02, 22 dekabr 2020
91
0

Bir kəlmə xoş söz belə yetər…

Bir kəlmə xoş söz belə yetər…
Torpaqlarımızı erməni düşmənlərdən azad etməyimizin sevinci ilə şəhidlərin ağrılarını birgə yaşadığımız bu dövr bizə nələri öyrətməlidir: daha vicdanlı olmağı, vətənpərvər olmağı, səbrli olmağı, xeyirxah olmağı…
Amma biz nə görürük: xeyirxah əməlləri kölgədə qoyan haqsızlıqlar, qanunsuzluqlar, haqlı-haqsız narazılıqlar, cinayətlər, özbaşınalıqlar, etinasızlıqlar…
Bunun səbəbi nədir? Həqiqətənmi pisliklər yaxşılardan çoxdur? Bax, buna inanmaq mümkün deyil. Belə olsaydı, dünya çoxdan dagılardı.
Mənim inandığım dünyanın yaxşılıq üstündə qurulmasıdır, yaxşıların pisliklərə qalıb gəlməsi məqsədilə qurulmasıdır.
Bunun üçün isə pisliklərlə mübarizənin əsasında yaxşı əməllərimizi çoxaltmaq olmalıdır.
Pislikləri reklam etmək əvəzinə, yaxşı əməllərimizdən çox danışaq.
Bunun üçün də ilk növbədə özümüzə baxmalıyıq, özümüzdən başlamalıyıq. Mən kiməm, nəyə qadirəm, nə öyrənməliyəm, nə etməliyəm, bacarıqlarım özümdən başqasına yetirmi, lazımdırmı?
Həyatın mənə bəxş etdiklərindən şükürlüyəmmi? Özünə əminlik isə həm pis, həm yaxşı olanlara mənsub olduğu üçün bir qədər ehtiyatlı olmaq lazımdır. Ətrafının sənə münasibətini də nəzərə almalısan.

Və ətrafı nəzərə alarkən təkcə yaxınları düşünməməliyik.
Çünki ətrafımız dediyimiz mühiti çox zaman özümüz seçmirik, o insani məcburiyyətlər hesabına formalaşır. Bu mühitə uyğunlaşmaq üçün isə şəxsi iradəmizi səfərbər etməklə yanaşı şəxsi keyfiyyətlərimizi də qorumalıyıq. İnsani keyfiyyətlərin maddi varidatdan qat-qat üstün olduğunu unutmamalıyıq. Əbədi dünyaya apacaqlarımızı düşünək. Aparacağımız yaxşı əməllər pislikləri ifşa etməkdən çox gözəllik yaratmaq yaxşılıq etmək olsun.
Kiçik bir yaxşılıq böyük pisliyi unutdurduğu kimi, kiçik bir pislik də böyük yaxşılığı unutdura bilər.
Bəli yaşamaq asan deyil. Yaşamaq mübarizədir. Və bu mübarizədə bizə lazım olan keyfiyyətlərin hər biri verilmişdir. Sadəcə bu keyfiyyətləri dəyərləndirib düzgün istiqamətləndirmək lazımdır. Əlimizdən gələni etməyə çalışaq, boş keçən saniyələrə belə heyfislənək. Özümüzə də, başqalarına da yaxşılıq etməyə çalışaq, kömək etməyə çalışaq.
Kömək edə biləcəyin bir kəlmə xoş söz də ola bilər. Bunu unutmayaq.
O zaman pisliklər haqda deyil, yaxşılıqlar haqda düşünərək həyatımızı cənnətə döndərə bilərik.
Canımızın ağrısına belə rəğmən….

Sənubər
/ictimaixeber.az/
Digər xəbərlər: