Cəmiyyət
Döyüşmək istəyən məhbuslar azad oluna bilər - AÇIQLAMA
Sentyabrın 27-də Qarabağ cəbhəsində ermənilərin təxribatlarından sonra Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etmək üçün başlatdığı Vətən müharibəsindən 5 gün ötür. Hər keçən gün cəbhəyə yollanmaq üçün müraciət edənlərin sayı artmaqda, hərbi komissarlıqlar qarşısında sıxlıq yaranmaqdadır.
Bütün bunlar bir çox məsələlərlə yanaşı, həbsxanalardakı məhbuslarla bağlı bir məsələni də gündəmə gətirib.
Dustaqlar arasında peşəkar zabit və hərbi mütəxəssislər, eləcə də könüllü döyüşə getmək istəyənlər üçün “Amnistiya aktı” qəbul oluna, yaxud əfv sərəncamı verilə bilərmi?
Bununla bağlı çoxsaylı fikirlərə, təkliflərə rast gəlirik.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa hesab edir ki, bu işi təcili surətdə gerçəkləşdirmək lazımdır: “Ümumiyyətlə, müəyyən dərəcədə kiçik, hansısa bir insidentə, dalaşmaya, xüsusilə ağır cinayət olmayan əməllərə görə həbsdə yatan xeyli sayda hərbiçilərimiz, zabitlərimiz var. Hesab edirəm ki, onlara şans verilməlidir. Dövlət bu istiqamətdə addım atmalıdır. Onların əfv olunması və kim ki, könüllü olaraq döyüşə getmək istəyir, həmin şəxslərin proseslərə cəlb olunmaları yerində olardı. Bu, amnistiya yaxud da əfv formasında ola bilər. Amma təcili bu işi gerçəkləşdirmək lazımdır. Çünki onların təcrübəsinə ehtiyac var”.
F.Mustafa Milli Məclisdə bu məsələnin qaldırılmasının mümkünlüyündən də söz açdı: “Əlbəttə, bu məsələ parlamentdə qaldırıla bilər. Əslində bu məsələni qanunverici orqanda qaldırmağı düşünürdüm. Sadəcə, indi proses elədir ki, ehtiyata yazılanlar kifayət qədər çoxdur. Bu, hər halda, tətbiq olunsa, çox yaxşı olardı”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da fərqli düşünmür: “Mən və digər dostumuz olan hüquq müdafiəçiləri bu məsələni çoxdan qaldırmışıq. Tovuz döyüşlərindən sonra hər an bu müharibənin olacağını gözləyirdik. Bizim hərbiçilər, həkimlər var ki, müxtəlif məsələlərlə bağlı həbsxanadadırlar. Onlardan ibarət bir batalyon təşkil etmək olar. Bunların bizə köməyindən başqa heç nələri ola bilməz. Biz bunu, dediyim kimi, çoxdan istəmişik. ”Amnistiya Aktı" verilsəydi, çox təqdirəlayiq olardı. Eyni zamanda bu, cəmiyyətin bütün təbəqələri tərəfindən humanist bir addım kimi qəbul ediləcək. Bu gün Ali Baş Komandanımız yaxşı işlər görür. Onun addımları hər kəs tərəfindən rəğbətlə qarşılanır. Biz hüquq müdafiəçiləri olaraq, bu addımları müzakirə və təqdir edirik. Sona qədər hamımız bir olmalıyıq. Bir yerdə çalışmalıyıq ki, istəklərimizi həyata keçirək. “Amnistiya aktı”, yaxud əfvlə nəzərdə tutduğunuz məhbuslar azad olunsalar, çox yaxşı olardı. Ümumiyyətlə, bizim siyahıda olan məhbusların da indiki vəziyyətdə buraxılmasını çox arzu edirik. Bütün dünya ilə bu qərarlardan sonra çox rahat danışa bilərik. Bu istiqamətdə ümidlərimiz çoxdur. Yadınızdadırsa, Tofiq Yaqublu barəsində deyirdim ki, onun azadlığa buraxılmasına ümidlərim çoxdur. Sonda da bu gerçəkləşdi. Bu günləri hər bir insana ehtiyacımız var, həmçinin qeyd etdiyiniz məhbuslara. Uzun illərdir ki, türmədə olan zabitlərimizə də böyük ehtiyac var".“Yeni Müsavat”
Daha çox xəbər:
Səfərbərlik Xidmətində qeydə alınanların sayı açıqlandı
Keçmiş icra başçılarının revanşı — Onlar deputat olmaq istəyir
“Türk ordusu ilə bərabər döyüşlərə qatılmaq istəyirik” - Bakıda möhtəşəm aksiya - FOTO
Koronavirusa görə pul qazana bilməyənlərə kommunal ödənişlərlə bağlı sevindirici xəbər - VİDEO
“Qarabağ probleminin 50 faizi artıq həll olunub” - AÇIQLAMA