Siyasət
“Xankəndindəki erməni hərbi qüvvələri çıxarılacaq” – Müsahibə
“Erməni xalqı miflərdən qopub reallığa qayıtmalıdır. Ermənilər tarixin hansısa mücərrəd məqamlarında həmişə özlərinə “dövlətlər” qurub, özlərini “o dövlətlərin nəhəngliyi”nə inandırıblar. Real dövlətləri olmadığı üçün onlarda dövlətçilik təfəkkürü formalaşmayıb, sadəcə təşkilat kimi hərəkət ediblər. Buna görə də hüquqi prosedurları qəbul etmək onlara çətindir”.
Politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi davam edir. Bu istiqamətdə Zəngəzurda gərginlik yaşanır. Sizcə, ermənilərin bu gərginlik yaratmaq səyləri nədən irəli gəlir, onlar niyə narahatdırlar?
- Müqavimət göstərirlər, müharibənin nəticələri və şərtləri ilə barışmaq istəmirlər. Düşünürlər ki, yenə də onları kimlərsə himayə edəcək. Ümumiyətlə, ötən illər ərzində erməni millətində belə bir düşüncə formalaşıb ki, onları himayə edən qüvvələr daima onları qorumağa borcludur, nə qədər iyrənc əməllər, cinayətlər törətsələr də, bunun qarşılığında cəza almayacaqlar. Yenə də tarixi yalanlara söykənərək özlərini “dünyanın ən qədim xalqı” elan etdikləri kimi, təkcə Cənubi Qafqazda deyil, bütün dünyada özlərini “ən üstün xalq” bilirlər. Bu psixoloji faktor – “erməni xəstəliyi” onların yaddaşlarına həkk olunub. Bundan xilas ola bilmirlər.
Bu baxımdan da, hazırda baş verənlər onlar üçün “qeyri-adi”dir, uzun illər söykəndikləri miflərin dağılmasını qəbul edə bilmirlər. Müqavimət göstərirlər, şübhəsiz ki, bu müqavimətin içində başqa qüvvələr də var. Həmin qüvvələr münaqişənin birdəfəlik bitməsindən narahatdır. Çünki onların həyat tərzi Azərbaycan ərazilərinin işğalı faktoru üzərində qurulub. Uzun illərdən bəri Azərbaycan ərazilərinin işğalda saxlanılması prosesini həm Ermənistan cəmiyyətində, həm də dünyada öz prinsiplərinə çeviriblər.
Təsəvvür edin ki, nə qədər insan bu prosesdən yararlanaraq hakimiyyətə gəlib, karyera qurub, indi də Avropanın ayrı-ayrı dövlətlərində bir çox siyasətçi bundan istifadə edərək erməni fondlarından və diasporundan gəlirlər əldə edir.
Başqa sözlə, bu məsələ kimlər üçünsə həm geosiyasi təsir rıçaqı, həm də qazanc mənbəyi olub. İndi bunlar əldən çıxıb. Təbii ki, buna görə də prosesi ləngitməyə çalışan qüvvələr var, həm daxili, həm də xarici qüvvələr bura daxildir. Onlar hansısa formada gərginliyin saxlanılmasında maraqlıdırlar. Amma bu müdaxilələrin prosesə təsiri olmayacaq. Sərhədlərin müəyyənləşdirilməsi iki ölkə arasında həyata keçirilir və bu, Dağlıq Qarabağla bağlı məsələ deyil.
Sərhədlərin müəyyənləşdirilməsi hüquqi baxımdan məqbul olan bir formada həyata keçirilir. Yəni sərhədlər sovet dövründə müəyyən olunmuş xətlər üzrə müəyyənləşdirilir. Konstitusiyaya uyğun olaraq torpaqların bir qarışının da güzəştə gedilməsi mümkün deyil. Bunlar müzakirə predmeti olmayan məsələlərdir. Azərbaycan və Ermənistan bu sərhədlər çərçivəsində BMT və digər beynəlxalq təşkilatlara qəbul olunub. Həmin dövrdə dünyanın ayrı-ayrı dövlətləri Azərbaycan və Ermənistanın müstəqilliyini bu sərhədləri daxilində tanıyıb və suverenliyini qəbul ediblər.
Başqa sözlə, bu proses beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirilir. Hətta Rusiya da beynəlxalq hüququ əsas götürərək, bu məsələ ilə bağlı öz mövqeyini ifadə edib.
Ümumilikdə, bu məsələni beynəlxalq hüququn prinsiplərindən kənarda həll etmək mümkün deyil. Hüquqdan anlayan bir toplum və dövlət bundan kənarda bir mövqe nümayiş etdirə bilməz. Amma erməni xalqının dövlətçilik təfəkkürü yoxdur.
Bu xalq miflərdən qopub reallığa qayıtmalıdır. Ermənilər tarixin hansısa mücərrəd məqamlarında həmişə özlərinə “dövlətlər” qurub, özlərini “o dövlətlərin nəhəngliyi”nə inandırıblar. Real dövlətləri olmadığı üçün onlarda dövlətçilik təfəkkürü formalaşmayıb, sadəcə təşkilat kimi hərəkət ediblər. Buna görə də hüquqi prosedurları qəbul etmək onlara çətindir. Görünür, bu da müəyyən zaman aparacaq.
- Ermənilər sərhədlərin müəyyənləşdirilməsi prosesinə Rusiya sülhməramlılarını da qatıblar. Rus sülhməramlılarının sərhədlərdə gedən prosesə nəzarəti nə qədər doğrudur?
- Məsələyə başqa kontekstdən də yanaşmaq lazımdır. Ermənistan və Rusiya arasında imzalanmış çoxsaylı müqavilələrə uyğun olaraq, bu ölkənin sərhədlərini rus hərbçiləri mühafizə edirlər. İndiki şəraitdə istər rus sülhməramlıları, istərsə rus hərbçiləri olsun, onlar Ermənistan tərəfində dayanaraq bu prosesə nəzarət edirlər, Azərbaycan tərəfində yox.
Sərhədlərin müəyyənləşdirilməsi prosesi ən müasir elektron sistemlərə uyğun olaraq həyata keçirilir. Bu, kiminsə özündən uyduracağı bir məsələ deyil. Real sərhədlər və xəritələr var, proses də buna uyğun formada getməlidir. Əgər Rusiya tərəfi bu prosesdə iştirak edirsə, bu, Ermənistanın istəyi ilə Ermənistan ərazilərində baş tuta bilər. Bunu hüquq pozuntusu kimi qiymətləndirmək doğru olmazdı.
Əgər onlar real xəritələrdən kənar iddia irəli sürsələr, o zaman məsələyə konkret münasibət bildirmək mümkündür. Amma indiki halda ortada belə bir fakt yoxdur. Bununla bağlı yayılan videolar və fotolarda da belə bir məqamı görməmişəm.
- Sülhməramlılardan söz düşmüşkən, Ağdamda fəaliyyətə başlayacaq Türkiyə-Rusiya Monitorinq Mərkəzi bölgədə hansısa təxribatların qarşısının alınması üçün əngəlləyici faktor olacaqmı?
- Düşünürəm ki, olacaq. Burada bir tərəfin yox, zəmanətçi olan hər iki tərəfin mövqeyi əsas götürüləcək. Türkiyə hərbçiləri də havadan prosesdə nəzarət edəcəklər, eyni zamanda daim Azərbaycan hərbçiləri əlaqədə olacaqlar. Baş verəcək təxribata qarşı digər tərəfin də hərəkətə keçməsi üçün müvafiq addımlar atacaqlar. Çox güman ki, müəyyən qərarlar birlikdə qəbul ediləcək və müəyyən tədbirlər qarşılıqlı şəkildə reallaşdırılacaq.
İndiki şəraitdə Türkiyə prosesdən kənarda deyil, bununla bağlı iddia sürənlər də, özünə təsəlli verənlər də kökündən səhv edirlər. Türkiyə bu prosesdə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təminatçılarından biridir, bəlkə də birincisidir. Türkiyə rəsmilərinin və bütün siyasi partiyalarının bununla bağlı verdiyi bəyanatlar, sərgilədiyi mövqelər var. Türkiyə hakimiyyətinin mövqeyi ortadadır, bu rəsmidir və dəyişməzdir.
Bu proses zəmanət verilmiş suverenliyin bərpa olunmasınadək davam edəcək. Düşünürəm ki, bu prosesə üçüncü qüvvələrin müdaxiləsi onlar üçün də problemlər yaradacaq. İndiki şəraitdə çözüm yolu yalnız qəbul edilmiş anlaşma, beynəlxalq hüququn prinsipləri və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı hüquqi aspektlər müstəvisində olmalıdır.
Kiminsə öz təxəyyülündən uydurduğu prinsiplərin həyata keçirilməsinə nə zəmin var, nə də bunların reallaşdırılmasına imkan veriləcək.
- Monitorinq Mərkəzindəki iştirakı Türkiyəyə səlahiyyət verirmi ki, hansısa təxribat baş verərkən buna müdaxilə etsin?
- Türkiyə və Azərbaycan arasında müvafiq müqavilələr buna imkan verir. Söhbət üçüncü və ya dördüncü tərəflərin prosesə müdaxiləsi ehtimalı zamanı atılacaq addımlardan gedir.
Dəfələrlə bəyan edilib ki, Dağlıq Qarabağ beynəlxalq hüquq tərəfindən Azərbaycan əraziləri kimi tanınıb. Azərbaycan öz ərazilərini işğaldan azad edib. Sadəcə olaraq, Rusiya sülhməramlıları gərginlik səngiyənə qədər Dağlıq Qarabağın kiçik bir hissəsində məskunlaşmış ermənilərin təhlükəsizliyini təmin etmək üçün prosesdə iştirak edir. Ölkənin suverenliyinin aid edildiyi bütün ərazilər üzrə cavabdeh ölkə Azərbaycandır. O, prosesdə özü ilə birlikdə istənilən müttəfiqinin iştirakının təmin olunmasına imkan verə bilər və bu prosesə öz müttəfiqi ilə birlikdə nəzarət etmək hüququna malikdir.
Bu hüququ Azərbaycana BMT nizamnaməsi, beynəlxalq hüquq, Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi yardım haqqında müddəalar verir.
Beynəlxalq hüququn icrasına bu və ya digər tərəf sadiq olmayanda bu, sülhə məcbur edilmə naminə müvafiq addımların atılması ilə baş tutur. Bu halda ədalətin bərqərar olması üçün gücdən istifadə olunur.
- Xankəndindəki separatçıların rəhbəri Araik Arutyunyan yenidən qondarma rejimi dirildir. Maraqlıdır, əgər Rusiya sülhməramlıları tədricən Dağlıq Qarabağın qalan ərazilərinin də Azərbaycanın nəzarətinə ötürülməsi üçün gəlibsə, Arutyunyan niyə belə bir addım atır və ona bu şəraiti kim yaradır?
- Əslində bununla bağlı sualları Rusiya sülhməramlıları və onun siyasi hakimiyyətinə ünvanlamaq lazımdır. İndi bir məqam ortadadır ki, Azərbaycan heç bir halda öz ərazilərində qeyri-qanuni rejimin formalaşmasına imkan verməyəcək. Digər yandan, bu məsələ ilə bağlı təkcə Rusiya sülhməramlılarının ünvanına fikir söyləmək doğru olmazdı, indiki şəraitdə münaqişə ocağının qalmasında daha çox maraqlı olan digər qüvvələri görürəm.
Biz bu gün ayrı-ayrı ölkələrin parlamentlərində qətnamələrin qəbul edilməsinə diqqət yetirsək, bu qüvvələrin kimlərdən ibarət olduğunu görə bilərik. Yəni qızışdırıcı faktorlar var, üçüncü və ya dördüncü tərəflər prosesə müdaxilə etməyə can atırlar. Orada hansı idarəetmə formasının müəyyən zaman kəsiyi üçün nəzərdə tutulması haqda heç nə deyə bilmərəm, amma həmin ərazilərdə Azərbaycanın administrativ bölgüsü tamamilə təmin ediləcək.
Prosesləri bir qədər səbirlə izləmək, bununla bağlı dövlətin qəbul etdiyi qərarların doğruluğuna güvənmək və sona qədər bu prosesin arxasında dayanmaq daha doğru yanaşma tərzidir, nəinki manipulyativ mövqe ortaya qoymaq... Əlbəttə, ziddiyyətli informasiyalar çoxdur. Məsələn, separatçıbaşının üç-beş nəfəri bir yerə toplamasını hansısa “administrativ qurum”un yaradılması kimi təqdim edə bilərlər. Reallıqda isə bu, müvəqqəti olaraq, hansısa koordinasiyanın və əlaqələrin təmin olunması üçün formalaşdırılan təsisat da ola bilər. Yəni keçici olaraq...
Təqdimat və ya bu informasiyanın necə çatdırılması çox vacibdir. Hesab edirəm ki, daha çox faktlara diqqət etmək və nəticələri izləmək lazımdır. Düşünürəm ki, bu nəticələrə uyğun da müvafiq addımlar atılacaq, Azərbaycan ərazilərində müharibə cinayətkarlarının yaratdığı qondarma rejimlə barışmayacağıq.
- Bəs Rusiya Prezidenti Vladimir Putin niyə deyir ki, erməni silahlı qüvvələri öz mövqelərində qalacaq?
- Anlaşmanın prinsipləri bundan ibarətdir ki, həmin ərazilərdə yaşayan ermənilərin təhlükəsizliyi təmin edilənə qədər bu proses davam edəcək. Yəni bunun müvəqqəti bir proses olduğu hər kəsə bəllidir. Anlaşmada təkcə Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin yox, bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasından söhbət gedir. Bu da qeyri-qanuni hərbi birləşmələri özündə ehtiva edir.
Bu baxımdan, həmin qeyri-qanuni hərbi birləşmələrin də - halbuki həmin birləşmələrin Ermənistan Silahlı Qüvvələrinin tərkib hissəsi olduğu hər kəsə bəllidir - onların da həmin əraziləri tərk edəcəyinə şübhə etmirəm.
Daha çox xəbər:
Xeyli erməni hərbi qulluqçu məhv edildi - Düşmən Xankəndindəki əsgərlərini təxliyə edir
"Prezident İlham Əliyev Ermənistana “hodri meydan” deyib onu təkbətək meydana səsləməklə..." - ekspert
DTX-nın bir əməliyyatı bəs etdi – Qasparyan başılovlu gəlir
Elin Süleymanov ABŞ-dakı soydaşlarımıza erməni təxribatı ilə bağlı müraciət etdi
250 erməni əsgəri təslim oldu (VİDEO)