Siyasət
XİN-dən İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi barədə AÇIQLAMA
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti 4 may 2020-ci ildə keçirilmiş Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib və təşəbbüs BMT üzv ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəklənib.
Bununla bağlı Xarici işlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası 10 iyul 2020-ci il tarixindən etibarən çağırıb və xüsusi sessiyanın rəhbər qurumları haqqında müvafiq qərarlar qəbul edilib:
“Xüsusi sessiyanın modallıqlarını müəyyən edəcək qətnamənin qəbulu üzrə mürəkkəb işin aparılması üçün Baş Assambleyanın sədri tərəfindən Azərbaycanın və Kanadanın BMT yanında Daimi Nümayəndələri həm-vasitəçi qismində təyin olunub və üç ay ərzində BMT-nin 193 üzv dövlətinin iştirakı ilə intensiv və hərtərəfli danışıqlar aparılıb.
5 noyabr 2020-ci il tarixində BMT Baş Assambleyası öz plenar iclasında “Koronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul edib.
Qətnaməyə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi qərara alınır.
Açılış, ümumi müzakirələr, BMT sisteminin agentliklərinin birgə xüsusi təqdimatı və bağlanış seqmentlərindən ibarət olan bu mühüm tədbirin açılış hissəsində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlükəsizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də çıxışı nəzərdə tutulur.
Qeyd etmək istərdik ki, dünyanın pandemiyadan əziyyət çəkdiyi bir vaxtda və beynəlxalq gündəmin ən mühüm məsələlərindən biri olan COVID-19 ilə mübarizəyə dair xüsusi sessiyanın çağırılması təşəbbüsünə qarşı ilk günlərdən etibarən qarşı çıxış edən Ermənistan sonuna kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışıb və qətnamənin açılış hissəsində QH sədrinin çıxışının qarşısını alan addımlar atmağa cəhd edib.
Yenə də Ermənistan beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşib və onun bu cəhdi rədd edilib.
Hazırda dünyada sağlamlıq, təhlükəsizlik və rifaha ciddi hədə törədən COVID-19 pandemiyasının görünməmiş və çoxtərəfli təsirləri ilə mübarizə aparmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması pandemiya ilə birlik, həmrəylik və çoxtərəfli əməkdaşlıq əsasında əlaqələndirilmiş şəkildə qlobal mübarizənin aparılması baxımından müstəsna əhəmiyyətə malikdir.
Bu, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzaqgörən humanist xarici siyasətin növbəti parlaq qələbəsidir”.
Daha çox xəbər: