Siyasət
14:09, 07 may 2020
56
0

İlham Əliyevdən liderlik və məsuliyyət NÜMUNƏSİ - Qlobal çaşqınlıq fonunda CƏSARƏTLİ TƏŞƏBBÜS

İlham Əliyevdən liderlik və məsuliyyət NÜMUNƏSİ - Qlobal çaşqınlıq fonunda CƏSARƏTLİ TƏŞƏBBÜS
2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunan Azərbaycan qısa müddət ərzində bu qurumun ən nüfuzlu ölkələrindən birinə çevrildi.

Məhz bu nüfuzu Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunması ilə nəticələnib. Beynəlxalq Millətlər Təşkilatı (BMT) Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və tərkibində 120 dövləti bir araya gətirən Qoşulmama Hərəkatına Azərbaycanın sədr seçilməsi ölkəmizə yönəlik böyük etimadın və beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın qlobal səylərininibeynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

Azərbaycan prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə baş tutan Zirvə görüşü ölkəmizin bu statusda üzərinə düşən vəzifəyə tam məsuliyyətlə yanaşmasının, bu istiqamətdə bütün zəruri addımları atdığının növbəti təsdiqidir.

Vurğulanan Zirvə görüşündə Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela, Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri çıxış edərək, qlobal problemlə əlaqədar mövqelərini buildiriblər. Onlardan başqa, BMT Baş Assambleyasının prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru da videokonfransa qatılaraq, çıxış ediblər. Videokonfransda BMT-nin Baş katibi və Avropa Komissiyasının ali nümayəndəsi/vitse-prezidentinin videomüraciətləri də səsləndirilib.

Çox təəsüf ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq, beynəlxalq həmrəylik nümayiş etdirə bilmədilər. Hazırda qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə prezident İlham Əliyev təşəbbüs irəli sürdü və “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək, dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji sistemlərə malik ölkələri bir araya gətirməyə nail oldu. Bnunla da Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin əyani şəkildə şahidi olduq.
Azərbaycan prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü Hərəkata üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib və Təmas Qrupunda coğrafi təmsilçilik, həmçinin könüllü iştirak əsasında bütün regional qruplara aid ölkələr təmsil olunublar. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Azərbaycan prezidentinə olan inamın, etibarın və etimadın necə yüksək səviyyədə olduğunu nümayiş etdirdi.

Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Habelə, Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir. Qəbul olunmuş Bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Azərbaycanın dövlət başçısına təşəkkürün ifadə edilməsi öz əksini tapması bunun bariz göstəricisidir.

Heç də təsadüfi deyil ki, BMT-nin Baş katibi öz videomüraciətində qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirdi. Eyni zamanda, o, belə bir görüşü təşkil etdiyinə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirərək, BMT-nin dövlət başçısının bu səylərini dəstəklədiyini xüsusilə vurğuladı.

Azərbaycan bundan əvvəl də videokonfrans formatında zirvə görüşü keçirib. Belə ki, Azərbaycan prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü baş tutub. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Artıq Türk Şurası çərçivəsində 3 istiqamət üzrə – səhiyyə, nəqliyyat və iqtisadiyyat üzrə sıx əməkdaşlıq qurulub.
Türk Şurasının Zirvə görüşündə çıxış zamanı prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, “pandemiyanın ilk günlərindən etibarən, bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq”. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü və multilateralizmin demək olar ki can verdiyi şəraitdə belə, prezident İlham Əliyev nümunəvi addım ataraq, pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi, Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən, qlobal həmrəylik çağırışlarına dəstək verib. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq, ÜST-ə könüllü maliyyə yardımı ayırıb. Eyni zamanda, Azərbaycan zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə çatdırılmaqdan ötrü ÜST-ə əlavə olaraq bir daha könüllü maliyyə yardımı ayıracaq. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilib və keçirilməkdədir.
Koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoyub. Dünya ölkələrindən bəziləri bu sınaqdan layiqincə çıxsalar da, bir sıra dövlətlərdə ciddi insan itkiları qeydə alınıb.

ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən martın 23-də Azərbaycan prezidentinə ünvanlanan məktubda ölkəmizdə görülmüş işlərə yüksək qiymət verilib. ÜST rəhbəri Azərbaycanı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirib. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektli mübarizə aparan ölkələrdən söz düşdükdə, Azərbaycanın adı birincilər sırasında çəkilir.

Eyni zamanda, əldə edilən effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur.

Azərbaycan prezidentinin yaranmış vəziyyətin sosial- iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur.

Avropa İttifaqı rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə nail olub.

Sadalanan faktlar prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının birbaşa göstəricisidir.
“Yeni Çağ”
Digər xəbərlər: