Gündəm
Putinin Qarabağla bağlı son çıxışı: Nələr olacaq?
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinə toxunarkən münaqişənin tənzimlənməsinin yalnız tərəflərin maraqlarının balanslaşdırılması ilə mümkün olduğunu bildirib. İlkin mərhələdə hərbi əməliyyatların dayandırılması və danışıqlar masasına oturmağın lazım olduğunu söyləyib.
Regiitv.az xəbər verir ki, “Hərənin öz həqiqətləri var, burada sadə həll yoxdur, çox çətindir”, - deyə ifadə edən Rusiya prezidenti münaqişənin alovlanmasının ilkin dövrlərində keçmiş sovet rəhbərliyinin insanların təhlükəsizliyini təmin etmək üçün lazımi addımları atmadığını vurğulayıb.
Ölkə başçısı Vladimir Putinin bu çıxışı Rusiyanın münaqişənin həllində əvvəl olduğu kimi ritorikada bitərəfliliyini saxladığını və balanslı mövqeyi qorumağa çalışdığını göstərir. Münaqişə tərəflərinə bərabər şəkildə yanaşmanın sərgilənməsi Rusiyanın ATƏT-in Minsk qrupu həmsədri kimi vasitəçi mandatına da uyğun gəlir. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə vasitəçi ölkələrin münaqişənin həllində tərəfsiz mövqe tutmasının vacibliyini bəyan edib.
Həmçinin Azərbaycan Ordusunun hərbi nailiyyətləri və işğal olunmuş torpaqlarımızın əhəmiyyətli hissəsinin azad edilməsi ilə yaranmış vəziyyətə uyğun olaraq Rusiyanın yeni reallığı nəzərə alması və Azərbaycan xalqının işğal faktı ilə heç vaxt barışmadığını qəbul etməsi məlum olur. Azərbaycanın hərb yoluna əl atmaqda tərəddüdsüz mövqe ortaya qoyması və qətiyyətli addımları ölkəmizi ədalətsiz güzəştlərə getməyə məcbur edən və təzyiq göstərməyə çalışan bütün beynəlxalq gücləri çəkindirdi. Bu amil regionda nüfuzunu qorumaq və gücləndirmək üçün münaqişənin tənzimlənməsində aktiv rol almağa meyil edən və tərəflər arasında daim real vasitəçilik təşəbbüslərinə can atan Rusiyanın Ermənistanı maksimalizmdən imtina etməyə və konstruktiv mövqeyə gəlməyə təşviq etməsinə müəyyən dərəcədə təsir edə bilər.
Digər tərəfdən, Vladimir Putinin çıxışında tərəflərə bərabərhüquqlu münasibəti ifadə edən məqamlar nümayiş etdirdi ki, Ermənistanın digər ölkələri üçüncü tərəf kimi münaqişəyə cəlb etmək cəhdləri tam iflasa uğrayıb və Rusiya Ermənistanın belə avantüralarına qoşulmaq niyyətində deyil. Vasitəçi kimliyini qorumaq və hər iki tərəfə təsir imkanlarını əldə saxlamaq üçün Rusiya Ermənistanın xeyrinə seçim etməyəcək. Cənubi Qafqaz regionunda iqtisadi, siyasi və mədəni əlaqələrini perspektivsiz və riskli Ermənistandan ötrü təhlükə altına qoymaq və qurban vermək Rusiyanın milli maraqlarına ziddir. Ermənistanın daxili auditoriyanı aldatmağa hesablanmış nağılları və üçüncü ölkələri tərəf kimi münaqişəyə cəlb etmək ümidləri boşa çıxıb.
Azərbaycan Ordusunun uğurları hesabına status-kvonun olmaması və təmas xəttinin aradan qaldırılması reallığı artıq hamı tərəfindən qəbul edilir. Ermənistanın uzun illər tirajladığı sona çatmamış müharibənin “sonucları” adlandırdığı situasiya artıq yoxdur. 90-cı illərdən bəri özünü “qələbə” hallüsinasiyalarına qapdırmış Ermənistan danışıqlar prosesini faktiki bloklamağa yönəlmişdi. Bununla o, müvəqqəti situasiyadan uzağa gedən nəticələr çıxararaq, qondarma rejimin müstəqil dövlətə çevriləcəyini, dünyanın və Azərbaycanın bunu qəbul etməyə məcbur olacağını sanırdı. Müzəffər Azərbaycan ordusu bu hallüsinasiyaları düşmən üçün qarabasma və kabusa çevirdi. Artıq hər hansı status-kvodan, təmas xəttindən söhbət belə gedə bilməz.
Rusiya Prezidenti V.Putinin çıxışındakı digər maraqlı məqam isə səsləndirdiyi “5+2 formatı” ilə bağlı idi. Əvvəllər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi planda həmin formul öz əksini tapmışdı. Lakin Azərbaycan bu planın böyük bir qismini özü təmin edib. Həmin beş rayondan dördünün rayon mərkəzləri də daxil olmaqla, böyük hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan Hadrut qəsəbəsi artıq işğaldan azad olunub. Belədə “5+2 formulu”nun kompromis variant kimi təklif olunması artıq mənasını itirir və Azərbaycanın bunu qəbul etməsi mümkünsüzdür. Azərbaycan Ordusunun hərbi əməliyyatları ilə şəhidlər və böyük hərbi və maliyyə resursları hesabına azad etdiyi bölgələrin danışıqlarda Ermənistanın münaqişənin sülh yolu ilə həlli üçün atdığı güzəşt addımı kimi qiymətləndirmək gülünc olardı. Azərbaycanın Prezidenti İlham Əliyevin çıxışlarında ifadə edildiyi kimi, Azərbaycan münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini məqbul sayır və istər sülh, istər hərb yolu ilə bunu təmin etmək hüququnu özündə saxlayır.
Vladimir Putinin çıxışında digər diqqətçəkən detal isə Dağlıq Qarabağa hər hansı statusun verilməsi barədə deyil, Dağlıq Qarabağda müəyyən bir rejimin tətbiq olunması haqda danışmasıdır. Bu, olduqca vacib məqamdır və Azərbaycanın maraqlarına uyğundur. Çoxillik danışıqlar prosesi müddətində Azərbaycan tərəfi daim humanist prinsiplərdən çıxış edərək münaqişənin sülh yolu ilə həll edilməsi naminə güzəşt kimi Dağlıq Qarabağda ermənilərə dünya praktikasında qəbul olunmuş ən yüksək muxtariyyət statusunu verməyə hazır olduğunu bəyan edib. Lakin Ermənistan tərəfi daim qeyri-konstruktiv və maksimalist mövqe tutaraq bundan imtina edib. Bu imtinalardan sonra Münaqişənin hərbi yolla Azərbaycanın maraqları çərçivəsində həlli Dağlıq Qarabağa hər hansı statusun verilməsini istisna edir. Münaqişədən əvvəl də geniş muxtariyyətə malik olan ermənilər buna qane olmayaraq, regionda on minlərlə insanın qanının tökülməsinə səbəb olan münaqişəni başladıb və işğalçılıq siyasəti yeridib. Buna görə də hər hansı status üçün artıq separatçıların heç bir mənəvi haqqı yoxdur. Azərbaycan xalqının övladlarının - şəhidlərin qanı hesabına azad olunmuş bölgədə yenidən 20-30 il sonra üçün basdırılmış mina rolunu oynayacaq hər hansı siyasi qurumun yaradılması ölkəmizin milli maraqlarına uyğun deyil.
Bununla belə, Azərbaycan tolerantlıq və multikulturalizm mühitinə uyğun olaraq Dağlıq Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı kimi ölkəmizdə birgəyaşayış prinsiplərinə uyğun şəkildə mədəni muxtariyyət və insan haqları çərçivəsində milli hüquqlarını qorumağa təminat verir. Erməni əsilli vətəndaşlarımızın öz mədəniyyət və adət-ənənələrini yaşatması, folklor və dillə bağlı müəyyən tədbirlər görülməsi sərbəst şəkildə həyata keçirilə bilər.Report