Sosial
Digər ölkələrdə pulsuz, Azərbaycanda 100 manat: - “Test qiyməti bilərəkdən şişirdilib ki...”
Koronavirusun yayıldığı və həyatımızın bir parçasına çevirildiyi zamanda əsas diqqət çəkən məqamlardan biri də xəstəliyi müəyyən edən testlərin bahalığıdır.
Hazırda ölkəmizdə ümumilikdə 25-ə yaxın laboratoriyada COVİD -19 virusunun aşkarlanması məqsədilə test müayinələri aparılır. Bunlardan 3-ü Bakıda yerləşən özəl klinikalardır.
Sözügedən klinikalar İnci laboratoriyası, Referans klinikası və "Memorial Klinik"dir. Bu klinikalar xarici ölkələrə uçuş zamanı test verilməsi üçün müəyyən edilsə də, istənilən şəxs müayinə üçün həmin müəssisələrə müraciət edə bilər.
Özəl klinikalarda burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan (PCR) testin qiyməti 100-140 manat, qan vasitəsilə aparılan testin qiyməti isə 40-50 manat arasında dəyişir. Ancaq qan yox, yaxma testi əsas hesab olunur və xaricə uçuş zamanı məhz PCR testi qəbul edilir.
Bir neçə laboratoriyada isə testin maya dəyəri 40 manat civarındadır. Bura uçuş üçün tələb olunan testlərin verilməsi üçün ayrılan 2 poliklinika da daxildir, lakin mütəxəssislərin əməyi daxil deyil. Üstəlik burada testin qəbulu üçün vaxt məhdudiyyəti, cavab üçün tələb olunan 24-27 saatlıq müddət, uzun növbələr problemdir. Ancaq hər kəs də bu tibb müəssisələrində test verə bilməz və orada test verilməsi üçün uçuş biletini göstərmək lazımdır.
Yəni vətəndaş virusa yoluxub- yoluxmadığını bilmək üçün azı 100 manat qiymət müəyyən edən tibb müəssisələrinə müraciət etməlidir. Digər halda, yəni təcili tibbi yardıma müraciət zamanı isə test pulsuz aparılır. Ancaq bu zaman da xüsusi şərtlər var ki, bura əsasən xəstəliyin əlamətlərinin olması daxildir.
Dünyada bu testlərin qiyməti ölkəmizdəkindən xeyli fərqlidir. Məsələn, Rusiyada testin qiyməti 1250 rubldan, yəni 30 manatdan başlayır. Türkiyədə isə bu rəqəm 110 lirə, yəni təxminən 24 manat təşkil edir. Yalnız müəyyən xəstəxanalarda test qiymətləri 250 lirə, yəni, 56 manat civarındadır. Bu, uçuş üçün tələb olunan qiymətdir. Özəl xəstəxanalarda qiymət 400 lirəyə qədər yüksələ bilir.
Hətta bəzi ölkələrdə koronavirusla bağlı aparılan test üçün pul ödənilmir. Əhali rahat bir şəkildə müayinədən keçərək virus daşıyıcısı olub-olmadığını öyrənə bilir. Məsələn, Almaniyada əhalinin demək olar ki, 90 faizi tibbi sığorta edildiyi üçün orada pulsuz yoxlanmaq mümkündür.
Yaxud ABŞ Prezidenti Donald Tramp virusa qarşı mübarizədə amerikalılar üçün pulsuz sınaqların keçirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. Bununla da ölkə vətəndaşları asanlıqda koronavirus testinin nəticələrini heç bir məbləğ ödəmədən öyrənə bilər.
Maraqlıdır ki, digər ölkələrlə müqayisədə ölkəmizdə test qiymətlərinin bu qədər baha olmasının səbəbi nədir? Nəyə görə digər ölkələrdə ucuz olan və yaxud ümumiyyətlə, pulsuz olan test Axərbaycanda 100 manatdan yuxarıdır? Daha bir sual: Qan analizi və yaxma vasitəsilə götürülən test qiymətlərinin arasında niyə bu qədər "uçurum" var? Nəticə etibarilə, hər ikisi koronavirus üçün aparılan testdir.
Bu barədə Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert, həkim, terapevt Rasif Bağırov bildirib ki, qan analizi vasitəsilə götürülən testlərin nəticəsi dəqiq deyil. Bu səbəbdən də onun qiyməti yaxma vasitəsilə götürülən test nəticəsindən fərqlənir:
"Əslində koronavirusa yoluxmanın ən dəqiq analizi yuxarı tənəffüs orqanlarının yoxlanması ilə gedir. PCR daha dəqiq olduğu üçün qiymətlərdə bahalıq olur. Qan vasitəsilə götürülən analizi əvvəllər 100 manata edib insanları aldadırdılar. Sonra insanlar başa düşdü ki, bu, səhv analiz imiş. Bundan sonra qiymətləri aşağı saldılar. Qan vasitəsilə edilən yoxlanmalar səhvdir. Ümumiyyətlə, koronavirusun o cür yoxlanma metodu yoxdur".
Həkim qiymətlərin digər ölkələrlə müqayisə olunmasına da toxunub.
Qeyd edib ki, ölkədəki dərman qiymətlərində şişirdilmə olduğu kimi, eyni qaydada koronavirus testinin qiymətləri şişirdilir:
"Bizdə hər şey bahadır. Bəzi müalicələr var ki, xarici ölkələrdə ucuzdur, bizdə bahadır. Xaricdə bir qutu içində 120 dərman varsa, onun qiyməti ucuz olur, bizdə isə bir qutunun içinə maksimum 30 dənə qoyub qiyməti baha edirlər. Bu gülməlidir. Dərman məsələsi necədirsə, testin qiymət problemi də o cürdür. Əslində koronavirus nominal qiymətdən qat-qat baha yoxlanılır. Testi hansı qiymətə alırlar və onu neçəyə satırlar? Məsələ budur. Əlbəttə ki, qat-qat baha qiymətə satırlar. Bunun dəqiq qiymətini deyə bilmərəm. Çox adam bunu deyə bilməz. Bir şeyi bilirəm ki, bir xalqın milli təhlükəsizliyi yönündə aparılan proses ucuz olmalıdır ki, hər kəs bundan istifadə edə bilsin. Büdcədən bu istiqamətdə ayırmalar olmalıdır. Testi pulsuz etmə, hamı yoluxsun. Nəhayətdə bu ölkənin büdcəsinə ziyan vurur".
Tibb sahəsi üzrə professor Adil Qeybulla isə bildirib ki, qeyd olunan qiymətlərdə şişirdilmələr var:
"Orada şişirdilmiş qiymətlər var. Real deyil, ona mütləq əl gəzdirilməlidir. Məsələn, indi uçuşlar üçün 100 manata test edilər. Bunda endirim etmək olar. Testin qiyməti nə qədər ucuz olsa, bir o qədər də insan yoxlanar. Amma təəssüflər olsun ki, real xəstədə indi test nəticəsi mənfi çıxır".
Daha çox xəbər:
Embrionun xəstəliklərə meylini müəyyənləşdirən test hazırlandı
Ölkədə qızıl-gümüş ucuzlaşıb
Sosial layihələr icra edən şirkətlərdən koronovirusa qarşı mübarizəyə dəstək – 100 000 manat
Ölkədə qızıl-gümüş həftəyə ucuzlaşma ilə başladı
I dərəcə əlilliyi olan şəxslərə verilən pensiya ilə bağlı AÇIQLAMA