Təhsil
Azərbaycanda yeni tədris ili başlandı
Bu gündən Azərbaycanda 2020-2021-ci tədris ili başlayır.
Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin təhsil alacağı gözlənilir.
Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132734, XI sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 440 məktəbin fəaliyyət göstərəcəyi gözlənilir. Yeni tədris ilində 121696 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır.
Yeni tədris ilinin ilk dərsləri I- IV siniflərdə (əyani formada) "Gigiyena qaydalarına necə əməl edirəm?", V-IX siniflərdə (distant (məsafədən) formada) "Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir", X-XI siniflərdə (distant (məsafədən) formada) "Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir" mövzularına həsr olunacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə qərarına əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin aşağıdakı tarixlərdən əyani formada təşkili təmin edilir:
1.1. məktəbəqədər təhsil müəssisələrində - 2020-ci il sentyabrın 15-dən;
1.2. ümumi təhsil müəssisələrində:
1.2.1. ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə - 2020-ci il sentyabrın 15-dən;
1.2.2. xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində - 2020-ci il sentyabrın 15-dən;
1.2.3. ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə - 2020-ci il oktyabrın 1-dən;
1.2.4. ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə - 2020-ci il oktyabrın 1-dən;
1.2.5. ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə - 2020-ci il oktyabrın 15-dən;
1.3. peşə təhsili müəssisələrində:
1.3.1. qısamüddətli kurslar üzrə - 2020-ci il oktyabrın 1-dən;
1.3.2. peşə təhsilinin bütün səviyyələri üzrə - 2020-ci il oktyabrın 15-dən;
1.4. ali və orta ixtisas təhsili müəssisələrində:
1.4.1. I kurs tələbələri üçün - 2020-ci il oktyabrın 1-dən;
1.4.2. II və yuxarı kurs tələbələri üçün siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə - 2020-ci il oktyabrın 15-dən;
1.5. uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərindən asılı olaraq bu Qərarın 1.2-ci bəndində göstərilən tarixlərdə.
2. Bu Qərarın 1.2.3-1.2.5-ci, 1.3.1-ci, 1.3.2-ci, 1.4.2-ci yarımbəndlərində və 1.5-ci bəndində nəzərdə tutulan təhsil müəssisələrində, habelə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər təhsil müəssisələrində əyani formada təhsil bərpa olunanadək 2020-ci il sentyabrın 15-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.