Cəmiyyət
13:17, 10 sentyabr 2020
64
0

Deputat əlillərlə bağlı Nazirlər Kabinetinə müraciət etdi

Deputat əlillərlə bağlı Nazirlər Kabinetinə müraciət etdiMillət vəkili Vüqar Bayramov əlilliyin təyinatındakı çətinliklərlə bağlı Nazirlər Kabinetinə müraciət edib.

Deputat öz “Facebook” hesabındakı paylaşımda əlilliyin təyinatındakı çətinliklərlə bağlı ünvanlanan sorğuların ən çox edilən müraciətlər sırasında olduğunu bildirib:

“Vətəndaş forma 88 adlı göndərişi elektron sistemə daxil edir və maraqlıdır ki, əksər hallarda vətəndaşın təqdim etdiyi məlumatların doğru olmaması barədə ona bildiriş göndərilir.

Parlamentdə təmsil etdiyim Füzuli rayonunda bu ilin səkkiz ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəlib. Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu, o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib”.

Deputat qeyd edib ki, demək olar ki, bütün digər rayonlarımızda da oxşar vəziyyətdir:

“Əslində, əlilliyin verilməsi ilə bağlı elektron müraciət heç də kütləvi imtina üzərində qurulmamalıdır. Bizə olan müraciətlər də göstərir ki, əlillik almaq hüququ olan xeyli sayda vətəndaşlarımız, təəssüf ki, süni maneələr səbəbindən əlillik dərəcəsi ala bilmirlər. Tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirmənin və eləcə də kütləvi imtinanın hansı meyarlar ilə həyata keçirildiyi bəlli deyil”.

V.Bayramov əlavə edib ki, o baxımdan, parlamentə ünvanlanan sorğuları nəzərə alaraq, bu məsələnin araşdırılması və əlillik almaq hüququ olan vətəndaşlarımıza bu imkanların verilməsini təmin edəcək şəffaf və ədalətli mexanizmin formalaşdırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub.
Digər xəbərlər: