Gündəm
Xətainin başçısı da özünü hədəfə çevirir... - İTTİHAM
İctimai vəkil Samir Zeynalov iddia edir ki, Xətai Rayon İcra Hakimiyyətinin qanunsuz tender sövdələşmələri nəticəsində dövlət büdcəsinə xeyli zərər vurub.
S.Zeynalovun sözlərinə görə, Xətai Rayon İcra Hakimiyyəti Başçısının Mənzil Kommunal Təsərrüfat birliyinin “Abadlıq işləri üzrə avadanlıqların satınalınması” məqsədi ilə 27.12.2019-cu il tarixdə elan etdiyi tender müsabiqəsinin qalibi “İnpeksN” MMC (VÖEN:1601862631) adlı “universal” xidmətlər göstərən şirkət olub. Məlum alqı-satqı müqaviləsi üzrə Xətai Rayon İcra Hakimiyyəti sözügedən podratçı şirkətə 228636.8 AZN vəsait ödəyib.
İctimai vəkil qeyd edib ki, tərəflər arasında bu, bir ilk deyil: “Xətai Rayon İcra Hakimiyyəti tərəfindən elan edilmiş son 20 tender müsabiqəsinin 11-də məhz “İnpeksN” MMC şirkəti qalib olub.
25.06.2019: 34 min 961 manat 4 qəpik
25.06.2019: 244 min 642 manat 32 qəpik
25.06.2019: 253 min 769 manat 97 qəpik
01.05.2019: 188 min 501 manat 81 qəpik
01.05.2019: 269 min 882 manat 52 qəpik
01.05.2019: 149 min 911 manat 92 qəpik
01.05.2019: 189 min 921 manat
15.11.2017: 598 min 697 manat 82 qəpik
02.06.2017: 119 min 033 manat 56 qəpik”.
S.Zeynalov külli miqdarda vergi borcu olan “İnpeksN” MMC şirkəti haqqında da məlumat verib: “İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1601862631). Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, bu şirkət 6 iyun 2013-cü ildə təsis edilib. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 13, mənzil 34 olan şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Ramazanov İntiqam Adil oğludur”.
Müsahibimiz vurğulayıb ki, “İNPEKS.N” MMC qeydiyyatdan keçdiyi il iki satınalma həyata keçirib: “Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu üçün “Avadanlıqların satın alınması”nı həyata keçirən şirkət Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə də “Kompüter texnikası və digər avadanlıqlar” alıb. Bu məqsədlə şirkətə 76 624,74 manat vəsait ayrılıb. “İNPEKS.N” MMC 2014-cü ildə 7 satınalma (658 515 manat), 2015-ci ildə isə 25 satınalma (2 240 586,78 manat) müqaviləsi bağlayıb. Şirkətin 2016-ci ildə qalib olduğu tenderlərin sayı isə 78 olub. Həmin il şirkətin qalib olduğu satınalmalara ayrılan vəsait isə 7 862 415,93 manat təşkil edib. Həmin il Təhsil Nazirliyi Dövlət İqtisad Universiteti “İNPEKS.N” MMC vasitəsi ilə 1 467 815,27 manatlıq satınalma (12 tender) həyata keçirib. Həmin il Tərtər Rayon İcra Hakimiyyəti isə 20 satınalmanı “İNPEKS.N” MMC vasitəsi ilə reallaşdırıb. 2017-ci ilin 6 ayının reyestr məlumatları isə daha maraqlı məqamları üzə çıxarır”.
“Belə ki, “İNPEKS.N” MMC bu il müxtəlif qurumlara aid 150 satınalmanın qalibi olub. Satınalmaların ümumi dəyəri 15 781 522,85 manatdır. Bunlardan 32-nin satınalan təşkilatı Bakı Şəhər İcra Hakimiyyəti (o cümlədən tabe qurumlar), 33-nün satınalan təşkilatı Melorasiya və Su Təsərrüfatı ASC (o cümlədən tabe qurumlar), 48-nin satınalan təşkilatı isə Mədəniyyət və Turizm Nazirliyi (o cümlədən tabe qurumlar) olub. Digər diqqət çəkən məqam isə ondan ibarətdir ki, şirkət ən müxətəlif işləri görməklə yanaşı, elə fəaliyyətləri də icra edib ki, bunun üçün xüsusi uyğunluq sertifikatı tələb olunur. Amma “İNPEKS.N” MMC-nin belə sertifikata malik olması ilə bağlı hər hansı məlumat yoxdur. Belə ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin saytında verilən uyğunluq sertifikatlarının Dövlət Reyestrində verilən şirkətlər arasında) “İNPEKS.N” MMC-nin adı yoxdur”, – Zeynalov vurğulayıb.
Həmsöhbətimiz onu da xatırladıb ki, Dövlət Satınalmaları Haqqında qanunun 6.2.5-ci maddəsinə əsasən külli miqdarda vergi borcuna görə bu şirkət dövlət qurumlarının elan etdiyi tender müsabiqələrində iştirak edə bilməz: “Belə olan halda isə Xətai Rayon İcra Hakmiyyətinin bu şirkətlə hansı məqsədlə anlaşdığını anlamaq heç də çətin deyil. Tenderlər kralı olan “İnpeksN” MMC şirkətinin dövlət büdcəsinə ödənilməmiş 4 milyon 186 min 841 manat, 27 qəpik vergi borcu var. Beləliklə də asanlıqla mühakimə etmək mümkündür ki, tender müsabiqələrində iştirak etmək hüququ olmayan bir şirkətin Xətai Rayon İcra Hakimiyyəti tərəfindən elan edilmiş 11 tender müsabiqəsinin qalibi olması faktı məhz korrupsiya sövdələşməsinin məntiqi nəticəsidir”.
//dominant.az