İqtisadiyyat
11:18, 07 avqust 2020
42
0

Manat nə vaxtadək dözəcək? - GƏLİŞMƏ

Manat nə vaxtadək dözəcək? - GƏLİŞMƏ
Maliyyə naziri Samir Şərifov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 4 avqustda keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəsinin müzakirəsi zamanı deyib ki, 1-ci yarımildə dövlət büdcəsinin icrası müsbət olsa da, makroiqtisadi göstəricilər ikinci yarımildə maliyyə probleminin yaranacağını proqnozlaşdırmağa imkan verir.

İqtisadiyyatın əksər sektorunda azalmalar müşahidə olunmaqdadır. Buna görə də İqtisadiyyat Nazirliyi yeni şəraitdə proqnozlarına yenidən baxıb.

Nazir eyni zamanda qeyd edib ki, Dünyada baş verən proseslər, koronavirusun pandemiya səviyyəsinə qalxması, bütün qlobal iqtisadiyyata mənfi təsiri ölkəmizin tədiyyə balansının pisləşməsinə səbəb olub.

Bu problem manatın növbəti dəfə dəyərdən düşməsi ilə nəticələnə bilərmi?

Xatırladaq ki, deputat Vahid Əhmədov da məsələni parlamentin bugünkü iclasında qaldırıb. “Neftin qiyməti aşağı düşürsə, qeyri-neft sektorunun gəlirlərinin azalması manatın taleyinə ciddi təsir edir. Biz bununla bağlı ciddi düşünməliyik. Manatın taleyi necə olacaq? Pandemiya davam edir, iqtisadiyyat böhran vəziyyətindədir, bu da manat üçün ciddi təhlükədir”,- deyə deputat vurğulayıb.

İqtisadçı- ekspert Rəşad Həsənov “Cümhuriyət”ə açıqlamasında hökumətin devalvasiyaya getməkdən mümkün qədər çəkinəcəyini deyib:

“Manatın məzənnəsi üzərində təzyiqlər var. Bu pandemiyanın başladığı və neftin qiymətinin ucuzlaşdığı dövrdən müşahidə olunur. Ən ciddi psixoloji təzyiq mart ayında müşahidə olunub. Sonrakı dövrlərdə valyuta bazarlarının dinamikasına baxanda görürük ki, artıq həmin təzyiqlər azalmaya doğru gedir. Həm biznesdə, həm də vətəndaşlarda hökumətin manatın məzənnəsini sabit saxlayacağı barədə inam formalaşıb. Bununla bağlı rəsmilər müəyyən açıqlamalarla qismən psixoloji təzyiqi neytrallaşdıra biliblər. İkinci səbəb isə bazarda aktivliyin çox aşağı olmasıdır. Həm biznesin gəlirləri azalıb, həm də karantin tədbirləri ilə əlaqədar olaraq xarici səfərlər təxirə salınıb. Eyni zamanda iqtisadi əlaqələrdə geriləmə var. İdxalın həcmində əhəmiyyətli azalma müşahidə olunub. Bütün bu faktorlar, 2015-2016-cı illərə nisbətdə təzyiqləri nisbətən idarəolunan vəziyyətə gətirib çıxarıb. O zaman Azərbaycanın dollarla ifadədə yoxsullaşması daha yüksək olub. Pandemiya dövrünün ağır zərərlərinin maliyyə sektoruna, biznesə, vətəndaşlara və ailə büdcəsinə təsirini nəzərə alaraq hökumət devalvasiyaya getməkdən mümkün qədər çəkinəcək. Bu günədək qoyduğu mövqe də onu göstərir».

Ekspert forsmajor hallar baş verməsə, 2020-ci ilin sonunadək manatın məzənnəsinin sabit qalma ehtimalının çox yüksək olduğunu da deyib:

“Neftin qiyməti əvvəlki dövrlə müqayisədə nisbətən sabitləşib. Bu özü müəyyən qədər müsbət təsir göstərir. Valyuta ehtiyatları ilin birinci rübündə olan itkilərini yenidən bərpa edib, 51.7 milyard dollar səviyyəsinə yüksəlib. Eyni zamanda Neft Fondundan dövlət büdcəsinə transferinin həcmi büdcəyə dəyişiklik zamanı artırılır. Bu artım təxminən 850 milyon manatdır. Bu da onu deməyə əsas verir ki, Neft Fondu 3 milyard dollar həcmində vəsaiti bazara təklif edə bilər. Bu da orta hesabla aylıq 500 milyon dolların bazara təklif olunmasıdır. İndiki halda görünən ondan ibarətdir ki, Neft Fondunun təklifləri hesabına bazarda mövcud riskləri tarazlamaq imkanı var. Bunu nəzərə alaraq böyük ehtimalla hökumət inflyasiya istiqamətində proqnozlarına dəyişiklik etməyəcək. Çünki devalvasiya qərarı olarsa, bu ortamüddətli dövrdə idxal inflyasiyası yaradır. Hökumət isə belə proqnozlaşdırma aparmır. Digər məsələ isə odur ki, əgər Mərkəzi Bankın bənzər təzyiqlərin güclü simptomlarını görsədi son iki toplantıda uçot faiz dərəcəsinin azaldılması qərarını qəbul etməzdi. Bütün bu şərtləri ümumiləşdirsək deyə bilərik ki, qısa və ortamüddətli dövrdə, yəni ən azından 2020-ci ilin sonunadək Azərbaycanda hər hansı bir çox ciddi hadisə baş verməsə, pandemiyanın ikinci dalğası (bu hər zaman investorları, bazar iştirakçılarını çəkindirir-ekspert) çox sərt şəkildə dünya iqtisadiyyatının yenidən bloklanmasına, neftin qiymətinin mənfilərə düşməsinə gətirib çıxarmazsa, ilin sonunadək manatın məzənnəsinin sabit qalma ehtimalı çox yüksəkdir”.
Digər xəbərlər: