Gündəm
15:33, 04 avqust 2020
54
0

Gəncədə ÖZBAŞINALIQ: vətəndaş şikayətçidir - VİDEO

Gəncədə ÖZBAŞINALIQ: vətəndaş şikayətçidir - VİDEO
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə idarəsinin icra şöbəsinin əməkdaşlarının uzun illərə dayanan fəaliyyətsizliyi ucbatından Gəncə şəhər sakini Ələkbərova Kifayət İsbar qızının dalana dirənmiş hüquqları barədə məlumat vermişdik. Qüvvəsini almış qətnamə və qərardadların qeyri-işlək mexanizminə diqqət ayırmışdıq. Nəticədə adıçəkilən şikayətçiyə və qızı Vüsalə Ələkbərovaya verilməli olan 30 min manatlıq ev əşyalarının müəmmalı şəkildə “yoxa çıxdığı" iddiasını da oxucu diqqətinə çatdırmışdıq.

"Demokratik.Az"-ın məlumatına görə, nəhayət ki, dünən qalmaqallı iş üzrə yeni hallar üzə çıxıb. Daha doğrusu, zərərçəkmiş şikayətçi Kifayət Ələkbərovanın saytımıza növbəti açıqlamasına görə, Gəncə şəhəri, Bakı küçəsi 70 nömrəli evin uçurulmasına başlanılıb.
Evin uçurulmasının səbəbi və proses isə maraqlıdır. Şikayətçinin dediyinə görə, 10 ildən artıqdır ki, qətnamə əsasında həmin evdə saxlanc olan və dəyəri 30 min manat kimi qiymətləndirilən 156 adda ev əşyalarını hələ də qaytarmayan mülkiyyətçi Saida Quliyeva sözügedən evi dolayı yollarla satıb. Məqsədi isə illər əvvəldən adından çıxardığı həmin evə icra tərəfindən həbs qərarının yayındırılması olub. Sənədlərdən də aydındır ki, adıçəkilən istəyinə nail də olub.
Bundan başqa, şikayətçinin yeni iddiasına əsasən, həmin evə dair DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəis tərəfindən verilmiş çıxarış-mülkiyyət təsdiqedici sənədlərdə müəmmalı və qaranlıq tərəflər var.
Şikayətçinin dediyinə görə, borclu Saidə Quliyeva əmlakın hüquqşünası ilə əlbir olaraq qanunsuz sənədləri ört-bas etmək və hələ də qaytarmadığı mal varlığının izini tamamilə itirmək üçün evi ikiyə - Gəncə şəhəri, Bakı küçəsi 70 nömrəli evin A və B formatına ayıraraq 2011 və 2014-cü illərdə hər ikisini satmışdır. Lakin, bu zaman satdığı evdə saxlanc etdiyi əşyaların taleyi barədə şikayətçiyə və icra şöbəsinə heç bir bilgi verilməmişdir.
Şikayətçi onu da qeyd edir ki, dəfələrlə sorğu və müraciətlərinə baxmayaraq, həmin mülkün kimin adına olması DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məqsədli şəkildə gizlədilib. Bunu nə özləri, nə də icra şöbəsi müəyyənləşdirə bilməyiblər ki, borclu həmin evi kiməsə necə satıb, və ya kim(lər)in adınadır?
"Demokratik.Az" onu da bildirir ki, dünən şikayətçinin DİN-in "102" qaynar xəttinə müraciəti yerli polisi hərəkətə gətirib. Şikayətçini dinləyən və ünvana gələn polislərin göstərişi sayəsində evin uçurulması prosesi dərhal durdurulub. Evə girişə müvəqqəti məhdudiyyət qoyulub. Evi aldığını deyən şəxs isə baş verənlərdən heç nə anlamadığını, evi alarkən mübahisələrdən xəbəri olmadığını ifadə edib. Uçurulmanın hansı rəsmi arxitektur əsaslarla həyata keçirildiyi, mülkiyyət hüquqlarına dair kimdə hansı sənədlərin mövcud olması araşdırılır.
Polis araşdırması zamanı o da məlum olub ki, ev sonuncu dəfə vətəndaş Həsənova Qəribə Hümbət qızının makler Nağıyev İsrəfil Əli oğluna verilmiş etibarnamə əsasında vətəndaş Məmmədova Sevda Hidayət qızına satılıb. Alqı-satqı prosesi isə bugünlərdə Gəncə 5 saylı Notariat Kontorunda həyata keçirilib.
Şikayətçinin bu sənədləşməyə münasibəti isə belədir ki, evin çıxarışı 2011-ci ilə aid olub, yəni qətnamələr nəzərə alınmadan köhnə sənədlərlə alqı-satqı edilib ki, bu da qanunsuz hesab edilə bilər. Ələkbərova Kifayət İsbar qızının iddiasına görə, mübahisəli evin sənədləşdirilmə proseslərində maxinasiyalar, sənəd saxtalaşdırılmaları edilib və bu mənada DƏRDX-nin hüquqşünası Elməddin Səlimovun fəaliyyəti araşdırılmalı, o imza atdığı məlum arayışlara görə cavab verib cəzalandırılmalıdır.
Bundan başqa, sevindirici xəbər də ortadadır. Məhkəmə icraçıları olayın ardından şikayətçiyə zəng edərək bildiriblər ki, narahat olmasın, yaxın günlərdə borclu Gəncəyə gətiriləcək və o, qaytarmalı olduğu - qeybə çıxardığı bütün ev əşyalarını sahibinə qaytarmağa məcbur ediləcək. Ümidvarıq ki, belə də olacaq, şikayətçinin haqq-ədaləti gec də olsa zəfər çalacaq! Axı, əmlak talançılığı demokratiyaya ziddir!..
Adıçəkilən şəxslərin də söz haqqına sayğılı yanaşırıq.

Digər xəbərlər: