Gündəm
“Qanun buna imkan verirsə, heç kim qarşısını alan deyil” - Şair Ramaldanov
İyulun 12-16-sı aralığında ermənilərin təxribatları nəticəsində Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan general Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər şəhid olan hərbiçilərə Milli Qəhrəman adının verilməsi çağırışları artır.
Bəs ekspertlər nə deyir, bu məsələ hərbi və qanunvericilik baxımından necə tənzimlənir?
Polkovnik Şair Ramaldanov qanunlara söykənilməsinin tərəfdarıdır: “Təltif etməyin əsasları, hüququ bazası var. Hansı tələblərə cavab verməlidir, hansı təqdimatlar getməlidir, o tədqimatlar nəyə əsaslanmalıdır, burada hansı məlumatlar əks olunmalıdır. Konkret yazılıb ki, kimlər milli qəhrəman ola bilər. ”Bayraq" və digər orden, medalların hərəsinin özünə görə tələbləri var. Əgər qanunda nəzərdə tutulmuş suallara cavab verilirsə, o suallar həmin təltifə uyğundursa, təbii ki, təltif olunma baş verir. Təltifin əsasında da cənab prezident öz mükafatını sərəncamı ilə verir. Bütün mükafatlar, təltiflər Azərbaycanda qanunda nəzərdə tutulmuş şəkildə olub. Bəzi təltiflər hətta 30 il müddət keçməsinə baxmayaraq, verilib. Bu ayın 26-da bir qrup birinci Qarabağ savaşında döyüşən döyüşçülərə qərar şamil olundu. Onun işərisində “Azərbaycan bayrağı” ordeni də var. Konkret olaraq, dediyiniz son məsələyə gəlincə, deyə bilərəm ki, bu məsələ ilə məşğul olan Müdafiə Nazirliyinin Təltif Komissiyası mövcuddur. Bu komissiyanın sədri var. Bizim üçün şəhidlərimiz ən uca zirvədə dayanırlar. Biz onlara, onların ailələrinə olan hörmətimizi, diqqətimizi istər dövlət, istərsə də cəmiyyət olaraq bildiririk. Bu haqda çoxsaylı məlumatlar var. Çox sevindirici haldır ki, şəhidlərimizin yola salınması və digər onlarla bağlı məsələlər ən yüksək səviyyədə həyata keçirilir. Amma təltif başqa məsələdir. Bu təltifin hüquqi bazası var. İstər şəhid generalımız Polad Həşimov olsun, istərsə də, şəhidimiz olsun, biz fərq qoymuruq. Bilirsiniz ki, bununla bağlı cənab prezident də öz sözünü dedi. Şəhid şəhiddir. Bizdə şəhid bölünmür. Generaldır, yoxsa əsgərdir, fərq etmir. Hamısı Azərbaycan əsgəridir.
Cənab prezident dediyi kimi, hər kəs vətən uğrunda şəhid olmağa hazırdır. Ancaq bu məsələlər ətrafında yerlərdə lazım olan hüquqi bazalar təqdim olunmalı, təqdimatlar getməlidir. Orada hadisə hansı formada olub, bunların rolu döyüşlərdə, konkret olaraq, Tovuz istiqamətində vəzifələri yerinə yetirərkən nədən ibarət olub və s. kimi məsələlər burada əsasdır. Bu, böyük bir spesifik yanaşmadır. Biri var ki, biz ürəyimizdən gələni deyək, biri də var ki, biz hüquq çərçivəsində sualları cavablandıraq. Əgər orada qoyulan suallar doğrudan da fəaliyyətlə üst-üstə düşürsə, kriteriyalara cavab verirsə, mənə elə gəlir ki, məsələ ictimai şəkildə qaldırılmadan belə həllini tapa bilər. Milli qəhrəman adı ictimaiyyət tərəfindən qaldırıldıqdan sonra verilmir ki. Sənədlər toplanıb, təqdim formasında cənab prezidentə təqdim olunanda o məsələ həllini tapır. Bu baxımdan deməzdim ki, kimsə xahiş etdi, yaxud məsələni qoydu, ona görə də hansısa ad verildi, yaxud təltif olunma baş verdi. Hər şeyin hüquqi bazası olmalıdır, qanun çərçivəsində həll olunmalıdır. Əgər qanun buna imkan verirsə, heç kim bunun qarşısını alan deyil. Çünki belə təltiflər ilk dəfədir deyil. İndiyə kimi çox olub. Bundan sonra da olacaq".
Qarabağ qazisi Rey Kərimoğlu şəhid olan son hərbçilərimizə milli qəhrəman adının verilməsinə ehtiyacın olduğunu söylədi: “O şəhidlərimiz qanlı döyüşlərdə canlarını fəda ediblər. Və dövlət tərəfindən hər kəs xidmətinə görə o layiqli adını almalıdır. Mən orada yalnız general Polad Həşimov haqqında geniş bilgiyə malikəm. Onun keçdiyi xidmət və döyüş yolu ona Milli Qəhrəman adını verməyə əsas ola bilər. Amma ordu və siyasi rəhbərlik başqa cür düşünə bilər. Bu məsələdə ordu rəhbərliyi çox vaxt fərqli mövqedə olub. 2016-cı aprel hadisələrində də bunu gördük. Ona görə də siyasi hakimiyyət - Prezident Administrasiyası və şəxsən prezidentin qərar verməsi arzuolunandır. Polad Həşimova Milli Qəhrəman adının verilməsi çox doğru, ədalətli olardı. O qəhrəmanlarımız torpaqlarımızı qoruyub və şəhid olublar”.
Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, general-leytenant Yaşar Aydəmirov qısaca bunları dedi: “Bu barədə rəhbərlik qərar verə bilər. Nəsə şərh verə bilmərəm. Təfsilatı onlar bilirlər, hansı şəraitdə, necə baş verdiyini”.
“Yeni Müsavat”
Daha çox xəbər: