Gündəm
Zabil Müqabiloğlunun bacısı kömək istəyir - Müraciət...
Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı Sevinc Fərhadova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
DİA.AZ müraciəti təqdim edir:
"Hörmətli cənab prezident!
Mən, Fərhadova Sevinc Müqabil qızı 1985-cı ilin yanvar ayının 7-də Zəngilan rayon Babaylı kəndində dünyaya göz açmışam. Atam Fərhadov Müqabil Nəci oğlu uzun müddət Zəngilan rayon 32 sayı orta məktəbində məktəb müdiri və tarix müəllimi işləyib. Anam Fərhadova Solmaz Dadaş qızı 40 il kimya-biologiya müəlliməsi kimi çalışıb. Qardaşım Fərhadov Zabil Müqabil oğlu 19 il jurnalist kimi fəaliyyət göstərib. Valideynlərim və qardaşım haqq dünyasına qovuşublar. O vaxtdan tək yaşayıram. Zəngilan rayon 32 saylı orta məktəbində Uşaq Birliyi təşkilatının rəhbəri vəzifəsində işləyirəm. 245 məcburi köçkünün məskunlaşdığı düşərgədəki evimiz 2018-ci il aprel ayının 21-də müəmmalı şəkildə yandı. 2018-ci il may ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən Ramanı Şuşa şəhərciyində bir otaqlı mənzillə təmin olundum. Bunun üçün sizə və aidiyyatı üzrə müraciətimi nəzərə alan hər kəsə təşəkkür edirəm.
Möhtərəm prezident!
İndi səhhətimdə ciddi problemlər var. Ürəyə oksigen çatışmazlığı və qalxanvari vəzdən əziyyət çəkirəm. Əməliyyat üçün 2018-ci ildə may ayının 26-da bankdan 36 faizlə 3 min manat kredit götürdüm. O vaxtdan həmin kredit 111 AZN məbləğində əmək haqqı kartımdan tutulur. Yerdə qalan məbləğlə ərzaq və dərman vasitələrimi ala bilmirəm. Sizdən xahiş edirəm, mənim banka olan borcumun ödənilməsi və səhhətimdəki mövcud problemlərin müalicə və müayinəsi üçün yardım edəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm".
Daha çox xəbər: