Gündəm
OLİQARXİYANIN DİN VƏ DTX XOFU - Onlara qarşı “köhnələrin yeni ittifaqı” nə vəd edir?
Qədim Çin müdriklərindən gəlmə məşhur bir deyim var: “Döyüş vaxtı ən iti qılınc ən cəsur əsgərə verilər”.
Düz, bir il əvvəl – 2019-cu ilin 20 iyununda Prezident İlham Əliyev gözlənilmədən DİN və DTX-nin rəhbərlərini dəyişmək barədə qərar verəndə və polis sistemində güclü xarakteri, xüsusən də qətiyyətliliyi ilə seçilən general Vilayət Eyvazovu yeni Daxili İşlər naziri, ölkənin ən təcrübəli və peşəkar çekistlərindən sayılan general Əli Nağıyevi isə yeni DTX rəisi təyin edəndə, siyasi analitiklər üçün hər şey aydın idi: Əliyev açıq döyüşə girməyə, öz komandasında köklü təmizləmələrə hazırlaşırdı!
O, ən iti qılınclarını da ordusunun Komandanına sadiqliyini və cəsarətini çoxdan sübuta yetirmiş iki ən cəsur generalının belinə bağlayırdı…
Şübhəsiz, bu savaşda qələbə Əliyev üçün çox önəmliydi. Çünki torpağımızı işğal etmiş əsas düşmənə qarşı başlanacaq Vətən savaşını udmaq üçün Əliyev öncə ölkənin içərisindəki bu döyüşü qələbə ilə bitirməli, əvvəlcə düşmənin içdəki səddini aşmalıydı! Axı o, buna qədər – 2016-cı ilin məlum 4 günlük Aprel savaşından və bir də 2018-ci ilin iyulundakı kritik Mingəçevir və Gəncə hadisələrdən sonra bir daha əmin olmuşdu ki, ölkənin içərisindəki xəyanət yuvasını aşkarlayıb dağıtmadan və kəndiri gedib Kremlə, Vaşinqtona, Londona, Parisə, Təl-Əvivə… bağlanan, öz ölkəsinin maraqlarından daha çox bu dövlətlərin maraqlarını, oralardakı sərvətlərini düşünən oliqarxiyanın və onun əlində alət olaraq dövlətin müstəqil siyasətinə təsir göstərmək, müdaxilə etmək istəyən siyasi qüvvələrin kökünü kəsmədən, həlledici Qarabağ savaşına da qətiyyən başlamaq olmaz! Bunun ən ağrısız yolu isə həm iqtisadi-siyasi sferada, həm də elə hakim komandanın özündə sakitcə, ancaq sürətli reformalardan keçirdi…
…Lakin 2019-cu ilin 19 yanvarından başlanan etiraz aksiyaları və payıza da inqilab təyin edilməsi, bütün müxalif siyasi təşkilatların bir yerdən düymə sıxılıbmış kimi hərəkətə gətirilməsi və ökədə çevriliş yellərinin əsdirilməsi Əliyevin tədrici reforma planlarını da dəyişikliyə məruz qoydu. Daha doğrusu, Əliyev gördü ki, o, atasından qalma komanda üzvlərinə qarşı münasibətdə nə qədər mərhəmət və minnətdarlıq hissiylə yanaşsa da, dövlət aparatında şəbəkələşmiş oliqarxiya könüllü geri çəkilmək istəyində deyil və üstəlik, hər vasitə ilə reformalara mane olmağa çalışır. Odur ki, öncə oliqarxiyanın güc strukturlarına təsirini azaltmağa və onları birbaşa özünə bağlamağa qərar verdi: yuxarıda qeyd etdiyimiz kimi, 2019-cu ilin 20 iyununda heç kimin gözləmədiyi bir vaxtda güc strukturlarının rəhbərlərini dəyişdi…
Azərbaycan hakimiyyətinin “iç qaydaları”ndan xəbərdar olanlar yaxşı bilirlər ki, 20 iyun dəyişikliyinə qədər həm DİN, həm də DTX Prezidentin özündən daha çox, sonradan aparılacaq kadr islahatlarının əsas hədəfi olacaq şəxslərin – Prezident Administrasiyasının rəhbərinin və uzun illər ayrı-ayrı sahələrə kuratorluq edən şöbə müdirlərinin ciddi təsiri altında idi…
…Prezidentin güc strukturlarındakı qəfil dəyişikliyinə müqavimət dərhal nəzərə çarpdı. Xatırlayırsınızsa, oliqarxiyanın “çirkli pullar”ıyla bərabər, mühacir və müxalifətçi adıyla zamanında ölkədən xaricə çıxarılıb yerləşdirilən şəxslər vasitəsi ilə bircə günün içərisində sosial şəbəkələri və müxalif medianı xüsusən polis əleyhinə materiallar “bəzədi”, polis əleyhinə haştaqlar yaradıldı, polisdən şikayətçi olan və illərdir susan vətəndaşların şikayət məktubları birdən-birə mediada işıq üzü gördü, həmin vaxtadək susanlarsa bir-bir dilə gəlməyə, danışmağa başladılar…
Aşkar görünürdü ki, kimlər üçünsə xüsusən də DİN-ə Vilayət Eyvazovun nazir təyin edilməsi qəfil və gözlənilməz qarşılanmaqla yanaşı, həm də kimlərinsə hansısa planlarını pozmuş olub.
Bu da səbəbsiz deyildi: axı bu bir həqiqətdir ki, Azərbaycanda Daxili İşlər Nazirliyi siyasi hakimiyyətin qorunmasında həm şəxsi heyətin sayı, həm də əməliyyat imkanları baxımından həmişə ən güclü struktur sayılıb və şübhəsiz, belə bir qurumun kimin – oliqarxiyanın, yoxsa oliqarxiyaya savaş açacaq Prezidentin yanında durması həlledici, taleyüklü məsələ idi…
Deməli, narahat olanlar da bu güc strukturunun artıq Prezidentin yanında yer almasının sancısını, ağrısını yaşayanlar, o quruma “öz namizədi” olanlar və hansısa siyasi iddialarını gerçəkləşdirə bilməyənlər idi!
…O zaman biz bütün bunları müşahidə edərək, bir yazı da yazmış və orada başlanan bu kampaniyanın nəyə hesablandığını, həmin ərəfədə hansı qüvvələrin sinxron hərəkət etdiyinə xüsusi diqqət çəkmiş və gələcəkdə də polislə bağlı daha böyük ajiotaj, rezonans yaradacaq hadisələrin baş verəcəyini öncədən proqnozlaşdırmışdıq. İnanmayan, buyurub bir daha oxuya bilər: “Antipolis təbliğatının görünməyən üzü: ideoloji diversiya, yoxsa sabotaj?”
… Və budur, bir ildən sonra proqnozlaşdırdıqlarımızın bir hissəsi olduğu kimi də gerçəkləşdi: Vilayət Eyvazovun nazir təyinatından sonra, Prezident İlham Əliyevin tapşırığına və yeni islahat siyasətinin mahiyyətinə uyğun olaraq, zor aparatından daha çox ictimai asayişi təmin edən xidmət strukturuna çevrilməyi hədəfləyən, öz içində xeyli kadr və struktur dəyişikliklərinə başlayan, xüsusən də qəfil ortaya çıxmış pandemiya dövründə gerçəkdən də fədakar davranışlarıyla xalq arasında böyük rəğbət yaratmış Azərbaycan polisi iyunun 7-8-də Yasmal rayonunda baş verən bir təxribatla yenidən sosial şəbəkələrdə linç edilməyə başlandı!
Öz vəzifə borcunu yerinə yetirməyə çalışan polisin başına zibil tökülməsiylə başlayan “sosial şəbəkə əməliyyatı” DİN-in öz ləyaqətini və dövlətin nüfuzunu qoruma əməliyyatının sabotaj edilmiş şəkildə həyata keçirilməsiylə lentə alınan kadrlarının yenidən mediaya və sosial şəbəkələrə sızdırılmasıyla davam etdirildi!
Bu da nəticəsi: yeni nazirin 1 ildə zərrə-zərrə polisə, deməli, həm də dövlətə qazandırdığı ictimai nüfuz və hörmət sosial şəbəkələrin köməyi ilə bircə anda yerə vuruldu!
Kütləvi şəkildə cəmiyyətdə o fikrin yayılmasına və trendə çevrilməsinə nail olundu ki, baxın, polis heç dəyişməyib, yenə də əvvəlkitək xalqa “müqavimət hissi olmayan qorxaq dovşan” kimi baxır və yenə də bağırtı, vahimə hissi yaratmaqla hər kəsin qapısına dürtülüb onu çılpaq evindən apara, müqavimət göstərmədiyin halda belə, sənin başını təpikləyə bilər…
Əlbəttə, emosiyaların coşduğu, qəzəb və nifrətin körükləndiyi anlarda, hətta nə qədər doğru söz desən belə, faydası yoxdur. Çünki adamların əksəriyyətini belə anlarda ağlı deyil, hissləri idarə edir və formalaşan kütləvi rəy də aparıcı xəttə çevrilir, kütlə şüuru səni özünün yöndəmsiz ayaqları altına alıb əzir…
Necə ki, dəyərli millət vəkilimiz və ziyalımız Fazil Mustafanı əzməyə çalışdılar! Halbuki mahiyyətinə varıldıqda, millət vəkili gerçəkləri deyirdi, digər həmkarları susduğu halda, hətta öz siyasi keçmişinin üstündən xətt çəkmək və ailə üzvlərinin təhqir yağmuru altında meydanda təkbaşına savaşmaq hesabına olsa belə, hayqırır, yorulmadan xalqa çağırış edirdi ki, bu vəziyyət bizi Vəzirovun, Mütəllibovun, Elçibəyin dövrünə aparır, bundan çəkinmək gərək!
Əlbəttə, polisin başına zibil atmaq nə qədər alçaq və ləyaqətsiz əməldirsə, bir polis zabitinin də ona müqavimət göstərməyən şəxsə qarşı xüsusən də ailəsinin-uşağının yanında təhqiramiz davranması və üstəlik, bunu da çəkib yayması bir o qədər alçaq və ləyaqətsiz əməldir və heç bir halda heç birinə güzəştə getmək olmaz! Çünki dövlət yalanı və ləyaqətsizliyi aşkar təəssüb hissiylə müdafiə edərsə, gələcəkdə haqlı olarq zor tətbiq edəcəyi situasiyalarda daha özünə bəraət qazandıra və ictimai dəstək əldə edə bilməz!
Biz, ilk gündə olduğu kimi, yenə də o qənaətdəyik ki, dövlət özünün ədalət sifətinə kölgə düşürməmək üçün emosiyaların sakitləşməsindən sonra mütləq ciddi araşdırma aparmalı, sonadək getməli və polisə hörmətsizlik edənləri cəzalandırdığı kimi, polisin öz ləyaqətini və nüfuzunu qoruma əməliyyatını bu şəkildə sabotaj edənlərə qarşı da adekvat tədbirlər görməlidir! Çünki biz onu müşahidə etdik ki, eynilə ötən il olduğu kimi, bu hadisə üzərində də 3 qüvvə bir-birinə pas ötürməklə, sinxron şəkildə hərəkətə başladı: oliqarxiyanın polisin içərisindəki uzantıları bütövlükdə DİN-in üzərinə yıxılacaq “material hazırladı”, onu dərhal sosial şəbəkələrə szıdırdılar və sosial şəbəkələrdə aşkar mövqe üstünlüyünə sahib müxalif kəsim də çox asanca bunu həm hakimiyyətin, həm də DİN-in yeni rəhbərliyinin və şəxsən də nazir Vilayət Eyvazovun əleyhinə çevirməyi bacardılar!
İndi top, necə deyərlər, hakimiyyət tərəfdədir. Hər pis işdə bir xeyir olduğu kimi, bu işin də xeyirli tərəfi var və hakimiyyət bu işi öz lehinə çevirməyi mütləq bacarmalıdır!
Bu da ondan ibarətdir ki, oliqarxiyanın güc strukturlarına uzanan qolları birdəfəlik kəsilməli, bu qurumlar xalqa qul kimi baxan oliqarx övladlarından, qohum-əqrəbalarından, fikri-xəyalı “köhnə oliqarx ittifaqı”nın yanında qalanlardan, təqaüd yaşı çatsa da kreslolarından əl çəkmək istəməyən “toy generalları”ndan mütləq təmizlənməli, polis terminiylə desək, geniş bir darama əməliyyatı aparılmalıdır!
Əks halda, onlar maraqlarına zidd istənilən islahat prosesini beləcə heçə-puça çıxaracaq, sonda da cəmiyyətə siyasi mesajlarını verərək, oturub pusquda ovunu gözləyən xarici dəstəkli qisasçı qüvvələrlə birləşəcək, itirənsə yenə Azərbaycan olacaq!
…Qonşu və qardaş Türkiyədə Prezident Ərdoğan 2016-cı ilin 16 iyulunda yaxşı bir nümunə göstərib bizə: ona qarşı gizli ittifaq bağlayan xarici dəstəkli hərbi-siyasi müxalifətə qarşı o da xalqla ittifaqa gedərək, böyük bir əməliyyat başlatmaqla, başında öz keçmiş silahdaşlarının da yer aldığı xəyanət yuvasını söküb dağıtmağı bacardı! Bu addım imkan verdi ki, Türkiyə az bir zaman içərisində xarici düşmənlərinə qarşı fəal siyasət yeridə bilsin!
İndi Əliyev də eyni situasiya ilə üzləşib: o, xalqala ittifaq bağlayıb dövlətin üzərində ağır yük olan, ağac qurdu kimi onu içdən yeyərək zəif düşürən və dövlətin bütün çətin anlarında da qınına çəkilən xaricdən asılı oliqarxiyanın üzərinə getməzsə, ondan birdəfəlik qurtulmazsa, dövlətin maraqlarının və nüfuzunun qorunmasına yönəlmiş istənilən addım beləcə içdən sabotaj ediləcək!
Dövlətin ədalət sifətini göstərmə zamanıdır, dostlar, çünki o, Allahın yer üzündəki tərəzisidir!
Elxan ŞÜKÜRLÜ
“Strateq.az” saytının baş redaktoru