Mədəniyyət
Taleh Yüzbəyov: "Polis bizdən qisas almalı deyil"
"Qanun şahdır, amma şah qanun deyil. Həyatımda çox polislə rastlaşmışam. Uşaq vaxtı futbola biletsiz girmək istəyəndə, qapaz vuranı da olub, pulum olmadığı üçün evə piyada gedəndə məni iş maşını ilə evə aparanı da. Bir öpüşlə "ictimai asayişi pozduğuma görə" bizi bölməyə aparıb, qızın valideynlərini çağırmaq istəyəni də olub, 4 nəfərin görmədiyi halda ictimai asayişin pozulmadığını başa salanı da. Təhqir edəni də olub, mühafizə eləyəni də".
Bu barədə aktyor Taleh Yüzbəyov sosial şəbəkədə yazıb.
Aktyor qeyd edib ki, karantin vaxtında həkimlərlə bərabər ən çox əziyyət çəkən polislər olub:
"Gecə-gündüz gücləndirilmiş rejimdə işlədiniz. Haqqınızda qəşəng sosial çarx da çəkildi. Amma gəlib karantinin sonunda öz kameralarınızla çəkdiyiniz "sosial çarxlarla" niyə bütün əziyyətinizi məhv eləyirsiniz?!
O adamlar qanunu pozmuşdu və düz eləməmişdilər. Siz də o adamlar kimi elədiniz. Ola bilər sizə əmr gəlmişdi ki, sərt olasınız. Amma qapaz, diz vurmağı özünüz edirsiniz. Niyə aranızda kimisə vurmağa bu qədər həvəs göstərənlər var? Heç onlardan arada bir soruşursunuz bunu? Hardandır bu qədər nifrət? Allah haqqı biz hamımız eyni dövlətin vətəndaşı, eyni xalqın nümayəndəsiyik. Biz sinif və əsgər yoldaşı, məhlə uşağıyıq, bir kəndli, qohumuq. Biz düşmən deyilik!
Bəs niyə biz sizə zibil, siz bizə yumruq atırsınız? Niyə biz sizi fitə basırıq, siz bizi təhqir edirsiniz? Bu haqda fikirləşirsiniz? Əlbəttə hamınız elə deyilsiniz. Vətəndaşların hamısı cinayətkar olmadığı kimi. Vətəndaş qanunu pozanda bu bütün vətəndaşların adına ləkə gətirmir. Amma eləyən polisdirsə bu hamınızın adına yazılır.
Polis bizi qorumalıdır, qorxutmalı deyil. Siz bizim haqqımızı bərpa etməlisiniz, bizdən qisas almalı deyil. Vətəndaş qanunu poza bilər, amma polis pozmamalıdır.
Özünüzə yaxşı baxın. Apardığınız o vətəndaşlarımıza da".
Daha çox xəbər:
Taleh Yüzbəyov: “Vaqif Mustafayev “Space”i məhv edir”
Taleh Yüzbəyov müəllimlərin suallarını cavablandırdı - VİDEO
Tanınmış aktyor çəkiclə evə basqın etdi
"Azərbaycan polisi yeganə təşkilatdır ki, onun iş vaxtı yoxdur" - deputat
Tibb işçiləri ictimai nəqliyyatın olmadığı həftə sonları işə necə gəlməlidir? - RƏSMİ AÇIQLAMA