Siyasət
Parlamentin idmançı deputatları – SİYAHI
"Sağlam bədəndə sağlam ruh olar” deyirlər. Azərbaycan hakimiyyətinin qanunverici orqanında – Milli Məclisdə təmsil olunan bəzi deputatlar da bu prinsipi əsas tuturlar.
Deputatların arasında peşəkar idmançılar da, həvəskarlar da var.
Yeniavaz.com xəbər verir ki, oxu.az həmin millət vəkillərinin siyahısını hazırlayıb.
Başlayaq Milli Məclisin rəhbərliyindən.
Parlament sədrinin müavini Adil Əliyev idmançı görkəmi ilə fərqlənir. O, cüdo üzrə idman ustasıdır. Əlbəyaxa döyüş növü ilə yanaşı, onun kikboksinq üzrə də nailiyyəti var. Deputat 2008-ci ildə kikboksinq üzrə veteranlar arasında dünya çempionu olub. A.Əliyev eyni zamanda, Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun da idmançı karyerası olub. YAP-çı deputat 10 yaşından güləşlə məşğul olub. S.Novruzov güləş üzrə idman ustasıdır. 1988-ci ildə SSRİ çempionu olub. "Siyasi proseslərə qoşulandan sonra yarışlara çıxmadım. Bu gün də idmanla məşğul oluram, amma çempionatlarda iştirak etmirəm”, - deyə S.Novruzov bildirib.
Milli Məclisin digər deputatı Novruz Aslan idman ustalığına namizəddir. O, həm də bəstəkardır. Vaxtilə cüdo və sambo idman növləri ilə məşğul olub. 12 yaşından idmana marağı olan millət vəkilinin Azərbaycan çempionatında uğurları olub - birinci və ikinci yerlər.
Deputat Ülvi Quliyev əməkdar bədən tərbiyəsi və idman xadimidir. Karate üzrə Avropa və dünya çempionudur. Həm də Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İsgəndərov da peşəkar idmançıdır. O, karate-do üzrə 5-ci dan, taekvondo üzrə isə 2-ci dan qara kəmər sahibidir. Eyni zamanda, karate üzrə Avropa çempionu, dünya üçüncüsü, beynəlxalq dərəcəli hakimdir. Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adını daşıyır.
Kamilə Əliyeva isə deputat fəaliyyəti ilə yanaşı, elmi işlə də məşğuldur. Kamilə xanım Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin genetika və təkamül təlimi kafedrasının professorudur. Kamilə xanım hündür boyu ilə diqqət çəkir ki, bu da basketbolla məşğul olması ilə əlaqədardır. Deputat 40 yaşına kimi basketbolla məşğul olub.
Parlamentin 66 yaşlı deputatı Sabir Hacıyev də yaxşı fiziki formadadır. Sabir müəllimdən bunun səbəbini soruşduq. O bildirdi ki, peşəkar şəkildə olmasa da, həvəskar kimi idmanı həyat tərzinə çevirib. S.Hacıyev tələbəlik illərində gimnastika və tennislə məşğul olub. Millət vəkili deyir ki, indi də fitnes salonlarının daimi istifadəçisidir.
Daha çox xəbər: