Cəmiyyət
17:05, 28 aprel 2020
70
0

Ataları tərəfindən sığınacağa verilən üç körpə: “Üç gün ac qalıb, su ilə dolanıblar”

Ataları tərəfindən sığınacağa verilən üç körpə: “Üç gün ac qalıb, su ilə dolanıblar”
“Sığınacağa bədənində yaralar olan üç körpə gətirilib. Onlar üç gün ac qalıblar”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, uşaqlar münaqişəli ailənin övladlarıdır:

“Bizə verilən məlumata görə, ana öz uşaqlarını atıb gedib. Ata isə ərazi üzrə icra hakimiyyəti vasitəsi ilə uşaqları bizə gətirib. Uşaqlar sığınacağa gələndə çox acınacaqlı vəziyyətdə idilər. İkisi oğlan, biri qız uşağıdı. Ən balacası 1 yaş 8 aylıqdır, ortancıl uşağın dörd, böyük uşağın isə beş yaşı var. Onlarla söhbət zamanı məlum olub ki, üç gün yemək yeməyiblər. Yalnız su ilə dolanıblar.

Uşaqlara normal baxılmadığından saçlarına bit düşmüşdü. Bu səbəbdən məcbur saçlarını kəsməli olduq. Bir uşağın qulağının arxasında zədə var. Atası deyir peçə dəyib yanıb. Uşaq hazırda müalicə olunur”.

K.Ağazadə deyir ki, uşaqların atası həyat yoldaşının tez-tez evi tərk etdiyini deyib:

“Ərazi üzrə icra hakimiyyətinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə uşaqları qəbul etdik. Söhbət zamanı ailənin münaqişəli olduğu bildirilib. Zaman-zaman qadın əri tərəfindən döyüldüyünü iddia edib. Kişi isə bunu inkar edir. Hazırda bu məsələlər araşdırılır. Uşaqlar artıq üç gündür ki, yanımızdadır. Bu gün anası yaşadığı rayonun icra nümayəndəsinin vasitəsi ilə mənimlə əlaqə saxlayıb. Qadının mənimlə danışığından hiss olunurdu ki, münaqişəyə meyilli insandır. Ona bildirdim ki, uşaqlar bura müvafiq ərazi üzrə icra hakimiyyətinin nümayəndələrinin vasitəsi ilə gətirilib”.
Digər xəbərlər: