Cəmiyyət
“Emin 444”ün vəhşicəsinə öldürülməsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi
Kriminal aləmdə “Emin 444” ləqəbi ilə tanınan Emin Səfərovun vəhşicəsinə öldürülməsinə dair yekun ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu barədə Oxu.Az-a qətlə yetirilmiş şəxsin anası Məlahət Səfərova məlumat verib.
Xatırladaq ki, qətl 2019-cu il may ayının 10-na keçən gecə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Haşımov küçəsində baş verib. Kütləvi dava zamanı E.Səfərov bıçaqlanıb.
Cinayətin törədilməsində əsas şübhəlinin şəxsiyyəti dərhal müəyyən edilib. Onun Dövlət Miqrasiya Xidmətinin keçmiş əməkdaşı və kikboksinq üzrə dünya çempionu Zaur Yusifov olduğu məlum olub.
Cinayət baş verən gecə Emin idmançı dostları ilə birlikdə maşında olub. Z.Yusifovun atası Əli Yusifov maşına yaxınlaşaraq, onunla danışmaq üçün kənara çəkilməsini xahiş edib. Emin onun niyyətini anlamadan dostları ilə sağollaşıb. Tək qaldığı zaman altı nəfər ona hücum edib.
E.Səfərova 78 bıçaq zərbəsi endirilib, bunlardan 60-ı, cinayət işinin materiallarında göstərildiyi kimi, Z.Yusifov tərəfindən vurulub. Qalan 18 yara 24 yaşlı Tağıyev Həsən Mərdan oğlu və Z.Yusifovun rəhbərliyi ilə digər şəxslər tərəfindən vurulub.
Mayın 14-də Z.Yusifov H.Tağıyevin ifadəsi əsasında saxlanılıb. Z.Yusifovun evində aparılan axtarış zamanı polis əməkdaşları “Vinçester” markalı silahı aşkar edərək götürüblər.
Məlumata görə, qətldən 10 gün əvvəl E.Səfərovla Z.Yusifov arasında ciddi qarşıdurma baş verib. Münaqişə zamanı Emin Zaurun özbaşınalığına və rəsmi mövqeyindən sui-istifadə edərək, məhəllə sakinlərinə necə əzab verdiyinə tamaşa etməyə dözmədiyini bildirib.
Öldürülən şəxsin qohumları beş nəfərin cinayətdə iştirak etdiyini iddia edir və Z.Yusifovun atası Əli Yusifovun cinayət məsuliyyətinə cəlb edilməsini israrla tələb edir, çünki Emini aldadaraq, öldürüldüyü tələyə məhz o salıb.
Qətlə yetirilmiş şəxsin anası M.Səfərovanın sözlərinə görə, qətldə Z.Yusifovdan başqa, atası Əli Yusifov, qardaşı Ramin Yusifov və qardaşı oğlu Vüqar da iştirak ediblər.
“İstintaqın əvvəlində Ə.Yusifov nə özünün, nə də oğlunun Emini öldürmədiyini iddia edib. Ancaq onların iştirakına dair dəlil var - hər şeyin baş verdiyi yerdə müşahidə kameraları tərəfindən çəkilən görüntülər. A.Yusifovun oğlumun avtomobilində onu “kişi söhbəti”nə razı salması “Araz market”in müşahidə kameralarına düşüb.
Bu videogörüntülər, həmçinin, “WhatsApp” yazışmaları Ə.Yusifovu əsas müttəhim hesab etməyə kifayət qədər əsas verir. Bu ailə yalnız faizlə borc vermir, həm də cinayətkarlıqla məşğuldur”, - deyə ölən şəxsin anası bildirir.
Eyni zamanda, Məlahət Səfərova digər oğlu Elçinin həyatı üçün narahatdır, çünki Ə.Yusifov indi də zərərçəkən tərəfi hər yerdə şikayətlənməyi və ədalət tələb etməyi dayandırmasa, onun da öhdəsindən gəlməklə hədələyir.
“Bu barədə qonşularımıza deyib. Qonşulardan biri istintaqa əvvəllər bu barədə ifadə verib və Əli Yusifovdan gələn təhdidləri təsdiqləyib. Onlar hamısı birlikdə oğlumu öldürüblər. Üstəlik, məhkəmə ekspertizasının rəyi də Eminin bədənində qeydə alınan yaraların üç müxtəlif bıçaqla vurulduğunu göstərir.
Bir nəfər oğlumun öhdəsindən gələ bilməzdi, o, sərbəst güləş üzrə idman ustası idi. Z.Yusifovun tərəfdarlarının onlara qarşı çox sayda dəlil və sübut olmasına baxmayaraq, azadlıqda olmaları və fiziki təhlükə yaratmaları istintaqın qərəzindən xəbər verir.
Əminəm ki, Yusifovlar istintaqa rüşvət veriblər. Əks təqdirdə, bu vəziyyəti necə izah etmək olar? Nəyin bahasına olursa-olsun, ədalətin bərqərar olması üçün əlimdən gələni edəcəyəm”, - deyə Səfərova qeyd edib.
Qeyd edək ki, 2004-cü ildə Z.Yusifov bıçaqlanma hadisəsinin iştirakçısı olub, bu zaman Ceyhun adlı şəxs ağır yaralanıb. Lakin o, cinayət məsuliyyətindən yayına bilib.
Eminə gəlincə, kriminal aləmdə nüfuzundan istifadə etdiyi bilinir, çünki “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) mühitinə yaxın olub. Emin əvvəllər odlu silah saxlamağa görə məhkum olunub, lakin azad edildikdən sonra yaşadığı ərazidə narkotik maddələrin yayılmasına qarşı mübarizə aparıb.
Məhkəmənin hazırlıq iclası mayın 4-nə təyin olunub. İşə sədrlik edən hakim Faiq Qəniyevdir.
Daha çox xəbər:
"Emin 444" Lotu Qulinin dostu imiş - Qətli sifariş edənin adı açıqlandı - FOTO
Bakıda kütləvi dava zamanı 1 nəfər ölüb, 1-i yaralanıb - VİDEO
Bakıda öldürülən "Emil 444"ün qətlinin TƏFƏRRÜATI məlum oldu - VİDEO
Emin Ağalarovdan daha bir xeyriyyəçi addım - FOTO
Azərbaycanda dəhşətli qətl: Bıçaqladı, maşınla üstündən keçdi, sonra atla sürüdü