Mədəniyyət
Emin Ağalarovdan daha bir xeyriyyəçi addım - FOTO
Azərbaycanın Xalq artisti Emin Ağalarov Rusiyanın Kemerovo şəhərində xeyriyyə konserti verib.
“Media.az” xəbər verir ki, bilet satışından əldə olunan bütün məbləğ, 818 min rubl (22 min manat) Kuzbasın “Detskoye serdtse” Fondu və “Rodnik” uşaq evi arasında bölünəcək, eləcə də Kerns-Seyr sindromundan əziyyət çəkən Vlad Tsıqanova yardım ediləcək.
Kemerovoya səfəri çərçivəsində Emin 2018-ci il martın 25-də dəhşətli yanğın nəticəsində kül olan “Zimnyaya vişnya” ticarət mərkəzinin ərazisində salınan Mələklər Parkında da olub.
Məlum olub ki, hələ ötən il Xalq artisti dostları ilə bərabər zərər çəkən ailələr üçün 17 135 038 rubl (455 min manat) pul toplayıb, indi isə Müslüm Maqomayev Fondu və Rusiya Qırmızı Xaç Cəmiyyətinin Kemerovo şəhər şöbəsi ilə bərabər yanğında övladları həlak olan Treşevsk kəndinin altı ailəsinə yardım göstərilir.
Qeyd edilir ki, bu günədək vəsait yaşayış yerlərinin təmirinə, kənd təsərrüfatı texnikası və mal-qara alınmasına, uşaq meydançalarının qurulmasına və ailələrin digər ehtiyaclarına xərclənib.
Emin konsertindən əvvəl zərər çəkən ailələrlə görüşüb və onları öz konsertinə dəvət edib. Kemerovo sakinləri artisti və onun musiqiçilərini çox isti qarşılayıb.