Sosial
Kürütökmə dövründə balıq ovuna çıxanlara müraciət edildi
Kürütökmə dövründə balıq ovuna qoyulan moratoriumla əlaqədar Su Nəqliyyatında Polis İdarəsi və Ekoloji Təhlükəsizlik Xidməti balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərə birgə müraciət edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, müraciətdə balıqların kürütökmə dövrü ilə əlaqədar balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslər mayın 1-dən sentyabrın 1-dək elan olunan moratorium müddətində balıq ovlanmasını dayandırmağa, balıqların təbii artımına və çoxalmasına bilavasitə maneə yaradan əməllərdən çəkinməyə çağırılırlar:
“Qadağan olunan vaxtlarda və qadağan olunmuş vasitələrlə balıq ovlanması ölkəmizin su bioresurslarının, o cümlədən də, əhalinin qida rasionunda zəruri yer tutan balıq məhsullarının tamamılə azalmasına, hətta bəzi növlərin nəslinin kəsilməsinə şərait yaradır.
Ona görə də, bütün balıqçılara tövsiyə edirik ki, müəyyən olunmuş tələblərə əməl etsinlər və sivil balıqçılıq qaydalarını mənimsəsinlər.
Əks təqdirdə, tələblərə məhəl qoymayan, balıq ovuna davam edən şəxslərə qarşı Su Nəqliyyatında Polis İdarəsi tərəfindən qanunamüvafiq tədbirlər görüləcək, cinayət işinin açılmasınadək ciddi cəza tədbirləri tətbiq olunacaq”.
Su Nəqliyyatında Polis İdarəsi Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkənin su hövzələrində əməliyyat və nəzarət tədbirlərini davam etdirir.