Gündəm
Azərbaycandan bal ayına getmiş cütlük Tailanddan qayıda bilmir – səfirlə MÜSAHİBƏ
Malayziya hökuməti COVID-19 koronavirusunun pandemiyası zamanı əhalini karantinə riayət etməyə inandırmaq üçün qeyri-adi üsuldan istifadə edir: insanları rejimə riayət etməyə “ruhlar” çağırır. “The Star”ın məlumatına görə, o biri dünyaya inamın çox güclü olduğu ölkədə bu üsul işləyir. Ruhlarla bağlı ideya Kemamani qəsəbəsindən olan Məhəmməd Urabil Aliasuya məxsusdur. O, ağ geyimdə qəflətən izdihamlı yerlərdə görünərək karantin rejimini pozanları dağıtmağa başlayıb.
Bundan əvvəl, mart ayının sonlarında Malayziya kralı Sultan Abdulla Riayyatuddin Əl-Mustafa Billah və kralıça Əzizə Aminə Maymun İskəndəriyə iki həftəlik karantinə gedib. Bu, kral sarayının bir neçə işçisində koronavirus aşkar edildikdən sonra baş verib.
COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanın Malayziyadakı səfirliyi həmin ölkədə və qonşu dövlətlərdə olan soydaşlarımız üçün 24 saatlıq “qaynar xətt” açıb. Bu gün Media.Az ölkəmizi Bruney, Myanma və Tailandda təmsil edən Malayziyadakı səfiri Qaley Allahverdiyev ilə söhbət edir.
- Malayziyada COVID-19 pandemiyası ilə bağlı vəziyyət necədir?
- Martın 18-də Malayziyanın hava, dəniz və quru sərhədlərini bağlamaq qərarı verildi. Ancaq bəzən “qapılar” açılırdı və bu, bir neçə gün davam edirdi. Malayziyada əhalinin təxminən 28 faizi çin əsillidir. Buna görə, sərhədi dərhal bağlamaq çətin oldu. Koronavirusun artıq qızışdığı Çin əyalətləri ilə hava əlaqəsi açıldı və bununla da, yeni infeksiya mənbələri ortaya çıxdı. Sonra məlum oldu ki, vəziyyət daha ciddidir, buna görə də, indi ölkə tamamilə bağlanıb.
Malayziyanın iki bölgəsində - paytaxt Kuala-Lumpurda, eləcə də Cohorda (Malayziyanın cənubunda ştat - red.) yoluxanlar çoxdur. Sinqapur şəhər-dövlətinin yaxınlığında olan Cohor həmin ölkə ilə körpülər və su anbarları ilə bağlıdır. Malayziyalılar tez-tez oraya gedirlər və nəticədə, infeksiya yayıldı.
- Malayziyada hansı karantin tədbirləri görülür?
- Saat 20:00-dan 08:00-a qədər komendant saatı tətbiq olunub. Bu zaman nəqliyyatın hərəkəti dayanır. Gün ərzində şəhərdə polislər, hərbçilər, yanğınsöndürənlər və tibb işçiləri işləyir. Hər tərəfdə postlar qurulub. İnsanlardan hara və niyə getdikləri soruşulur. Mağazalara getmək sərbəstdir. Ancaq, deyək ki, avtomobildə yalnız bir nəfər olmalıdır.
- Bəs Malayziyada Azərbaycana qayıtmaq istəyən neçə azərbaycanlı var?
- İndi Malayziya üçün siyahımızda yeddi Azərbaycan vətəndaşı var. Biz onlara kömək edirik. Bəziləri hava limanında idilər; nə ölkədən çıxa, nə də geri dönə bilirdilər (tranzit zonada idilər - red.). Vəziyyəti təsəvvür edin! Onların Malayziyaya buraxılmalarına razı sala bildik. Bunlar, əsasən, kurortlarda dincələnlər və gənclərdir. Dincəlməyə gəliblərmiş, sonra vaxtında ayrılmaq lazım olduğunu başa düşməyərək, səfirliklə əlaqə yaratmayıblar. Bu, sadəcə, səhlənkarlıqdır. Ancaq onlar bizim vətəndaşlarımızdır, dəstək göstərmişik, bundan sonra da göstərəcəyik. Karantin tədbirlərinin sonuna qədər onları hotellərdə yerləşdirmişik.
Bilirsiniz ki, səfirliyimiz Tailand, Myanma və Bruneydə də fəaliyyət göstərir. Bruneydə də insanlarımız, hətta ailəli olanlar var. Biz onlara müraciət etdik, onlar isə köməkdən imtina etdilər. Azərbaycan səfirliyi “qaynar xətt” açıb. Hər kəs zəng edə bilər, biz hər zaman kömək edərik.
- Digər ölkələr üzrə statistika varmı?
- Tailandda 20-yə yaxın Azərbaycan vətəndaşı qalıb. Onlar əsas etibarilə Phuket adasının ərazisindədirlər. Bura kurort yeridir. Vətəndaşlarımız arasında turistlər də, idmançılar da, Tailandda işləyənlər (amma indi məlum səbəblərə görə işlərini itiriblər) də var. Hotel biznesi ilə məşğul olan azərbaycanlı biznesmen Gündüz Qasımlı Tailandda yaşayır. O kömək etdi, insanları hotelinə yerləşdirdi, ərzaq cəhətdən kömək edir. Bal ayına gələn gənc cütlük var. Onlar koronavirus səbəbindən böhranın uzun müddət davam edə biləcəyini düşünməmişdilər. Nəticədə, Azərbaycana qayıda bilmirlər.
Myanmarda təxminən 30 nəfərimiz var. Onlar, əsasən, təhsil sahəsi ilə məşğul olan insanlardır. Ancaq Azərbaycana qayıtmaq istəmədilər, müqavilə bağladıqları üçün qalmaq və işlərini davam etdirmək qərarına gəldilər. Ancaq biz həmişə onlarla əlaqə saxlayırıq. Xoşbəxtlikdən, heç biri yoluxmayıb.
Malayziyaya gəldikdə isə, səfirliyin işçiləri də daxil olmaqla, 50-yə yaxın Azərbaycan vətəndaşı bu ölkədə yaşayır. Ünsiyyətdə olduğumuz tələbələr var, bacardığımız qədər kömək edirik. Bir daha qeyd edirəm, nə diplomatik heyət arasında, nə də burada olan digər Azərbaycan vətəndaşları arasında yoluxan yoxdur.
- Sərhədlərin nə vaxt açılacağı, vətəndaşlarımızın evə qayıdışının mümkün olacağı tarix barədə məlumat varmı?
- Hələ ki, karantin rejimi, komendant saatı qüvvədədir, belə məlumat yoxdur. Lakin Malayziyada yaxşılaşma artıq nəzərə çarpır, yoluxma hallarının sayı azalıb. Tədbirlər çox sərt olsa da, nəticələrini verir. Deyək ki, hansısa binada infeksiya mənbəyi tapılıb. Dərhal ora mühasirəyə alınır, heç kim çıxmır. İnsanlar qida məhsulları ilə təmin edilirlər, müayinə olunurlar. Bu yaxınlarda bir evdə 18 yoluxmuş xəstə tapıldı.
Rəsmi olaraq bu rejim aprelin 28-dək davam edəcək, lakin bəzi məlumatlara görə, daha iki həftəlik, təxminən mayın 12-dək uzadıla bilər.