Siyasət
22:07, 18 aprel 2020
70
0

Dövlətin həyata keçirdiyi sosial tədbirlər BİZİ HARA APARIR? - TƏHLİL

Dövlətin həyata keçirdiyi sosial tədbirlər BİZİ HARA APARIR? - TƏHLİL
Bu ilin yanvarından bəri yayılmağa başlayan koronavirus infeksiyası dünyanın ən güclü iqtisadiyyatlarını diz çökdürməkdədir. Bu ilin birinci rübündə Çinin iqtisadiyyatında 6,8 faiz azalma qeydə alınıb.

Koronavirus səbəbilə ABŞ iqtisadiyyatının bu ili 5,3 faiz kiçilmə ilə başa vuracağı gözlənilir. Dünyanın demək olar ki, bütün inkişaf etmiş ölkələri aşağı-yuxarı eyni aqibətlə üzləşəcəklər.

Belə bir şəraitdə hər bir ölkə öz iqtisadiyyatını və əhalisini pandemiyanın mənfi təsirlərindən qorumaq üçün dəstək tədbirləri hazırlayıb həyata keçirir. Pandemiyanın yaratdığı iqtisadi durğunluqla yanaşı, neftin dünya bazar qiymətindəki kəskin azalmadan da zərərçəkən Azərbaycanda da dövlət həm əhalinin, həm də biznesin dəstəklənməsi üçün proqramların icrasına başlayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.

Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamı ilə büdcədən dəstək tədbirlərinin icrasına 1 milyard manat ayrılıb. Sərəncamın icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də ölkə Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

İlk diqqət yetirilən məsələlərdən biri mövcud iş yerlərinin ixtisarının qarşısını almaq olub. Prezidentin bu barədə çağırışına özəl sektor tərəfindən dəstək verilib. Əvəzində dövlət tərəfindən pandemiyadan əziyyət çəkən işəgötürənlərə işçilərin əmək haqqının ödənməsində böyük dəstək göstərilir. Özəl sektorda çalışan muzdlu işçilərin 40 faizindən çoxu – 300 min işçi bu dəstəklə əhatə olunur.

Bundan əlavə, dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılır. Muzdlu işçilərlə bağlanmış əmək müqavilələrinin qeydiyyatı aparılan elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir.

Bunun nəticəsində, dövlət və qeyri-dövlət sektorunda çalışan 1 milyon 629 min işçinin (o cümlədən, dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min) hüquqları qorunur. Eyni zamanda dövlət dəstəyindən ruhlanan sahibkarlar tərəfindən əmək münasibətlərinin qanuniləşdirilməsi halları sürətlə artır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatına görə, bu ilin əvvəlindən qeydiyyata alınmış əmək müqavilələrinin sayı 80 min ədəd artıb.

Əmək haqqına dəstəklə yanaşı, dövlət tərəfindən mikro və fərdi sahibkarlara da ciddi dəstək təqdim olunur. Belə ki, 300 min belə sahibkarın ötən il ərzində ödədiyi vergilər özünə qaytarılır.

Pandemiya dövründə əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün də addımlar atılır. Məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib.

DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs bu xəttlə işə cəlb edilib.

Nəticədə ümumilikdə ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər.

Dövlət sərt karantin tədbirləri nəticəsində qeyri-formal iş yerini itirən və əvvəlcədən işsiz olan şəxslərin də sosial rifah halını diqqətdə saxlayır. Belə ki, hökumət tərəfindən hazırlanmış sosial proqramın bir istiqaməti bu şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) aylıq ödəmənin verilməsinə başlanıb. Əvvəlcə belə ödəmənin 200 min nəfərə verilməsi nəzərdə tutulsa da, Prezident İlham Əliyevin bu gün verdiyi tapşırıqla bu say 3 dəfə artırılaraq 600 minə, ödəmələrin sayı isə 2 dəfəyə qaldırıldı. Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək. Növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. Ümumilikdə 9-17 apreldə 140 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.

Sosial dəstək tədbirlərinin bir istiqamətini də işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi təşkil edir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda qanunvericiliyə müvafiq dəyişikliklərin hazırlandığı qeyd olunur. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur.

Eyni zamanda işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat manat ayrılıb.

Bütün bunlarla yanaşı, özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi istiqamətində də işlər görülür. 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi üçün işləri aparılır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir (hər il 250 ailə).

Banklarla da əməkdaşlıq həyata keçirlir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlərin verilməsinə başlanıb. Bununla yanaşı, prosesə Dünya Bankı da qoşulur. Bu il Dünya Bankı ilə layihəyə başlanır və bu qurumun ayırdığı vəsait hesabına hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. BMT-nin İnkişaf Proqramı ilə birgə isə daha 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir.

Dövlət həmçinin sosial ödənişlərin vaxtında verilməsini təmin etmək üçün də zəruri addımları atır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişləri (pensiya, müavinət, təqaüd və s.) 2,3 milyon şəxs alır.

Həyata keçirilən çevik tədbirlər nəticəsində aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyaların tam ödənilməsi təmin olunub. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyon manat ayrılıb. Eyni zamanda yardım alanların sayı sürətlə artır. Aprelin 1-dən ünvanlı sosial yarıdımı alanların sayı 10 min ailə artıb. Ümumilikdə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manat təşkil edir.

Azərbaycan dövləti bütün vətəndaşlarının yanında olduğunu pandemiya dövründə çox bariz şəkiləd ortaya qoyur. Bu baxımdan, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri xüsusilə diqqəti cəlb edir.

Belə ki, hazırda 15 mindən çox tənha yaşlıya evində sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib. Bu proses davam edir.

Hazırda ƏƏSM-in 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və bunun üçün 2.6 milyon manat ayrılıb.

Digər tərəfdən, evdə qalmalı olan insanların enerji istehlakının artması nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvt.saat həcmində artırılıb. Bu tədbirin icrası üçün tələb olunan vəsait (2 aylıq) 10 milyon manatdır.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi də nəzərdə tutulub. Bu il ərzində bunun üçün tələb olunan vəsait 40 milyon manatdır.

Qeyd olunanlar bir daha göstərir ki, Azərbaycanda dövlət siyasəti Prezident İlham Əliyevin irəli sürdüyü “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” prinsipləri əsasında formalaşır və həyata keçirilir.
Musavat.com
Digər xəbərlər: