Cəmiyyət
Karantində qalanlar niyə 14 gündən çox saxlanılır? - TƏBİB-dən AÇIQLAMA
"Karantin müddətinin uzadılması deyə bir şey yoxdur. Karantin müddəti 14-21 gündür”.
Bu sözəri TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva "Atletlər kəndi”ndə karantin rejimində saxlanılan şəxslərdən bəzilərinin müddətinin uzadılması ilə bağlı iddialar barədə Yeniavaz.com-a açıqlama verərkən deyib. O bildirib ki, karantin rejimindəki şəxslər yalnız TƏBİB-in qərarı ilə buraxılır: "Karantin müddəti 14-21 gündür. Karantin müddətinin uzadılması deyə bir şey yoxdur. Karantində saxlanılanlar 14-21 gün ərzində buraxılırlar. Kiminsə prasedurası 16-17-ci günə keçirsə burada qanun pozuntusu yoxdur. İki dəfə test keçirilir, ikisi də neqatif olarsa buraxılır. Bunun da sənədləşmə prosesləri var. Hansı ki, laboratoriyadan nəticə daxil olmalıdır. TƏBİB-dən qərar verilməlidir ki, filankəslər siyahı üzrə buraxılsın”.
R. Əliyeva deyib ki, insanlar karantinə daxil olduqları gündən bu rejimi pozmağa çalışırlar: "Karantindən yayınmağa çalışırlar. Yəni 14 günün tamamında buraxılacaqlar deyə heç kimə bir şey deyilməyib. Heç kim də deyə bilməz ki, 21 gündən artıq karantində qalmışam. Belə hallara yol vermək istəyənlərlə də profilaktiki söhbətlər aparılır və vəziyyət izah olunur”.
Xatırladaq ki, ötən gün "Atletlər kəndi”ndə karantin rejimində saxlanılan şəxslərdən bəzilərinin etiraz etməsi və hadisə yerinə Daxili İşlər Nazirliyi əməkdaşlarının cəlb edilməsini əks etdirən kadrlar yayılıb. İddiaya görə onlar, karantin rejiminin bitməsinə baxmayaraq burada saxlanıldıqları üçün etiraz edirlər.
Daha çox xəbər: