Cəmiyyət
17:09, 13 mart 2020
37
0

Deputat: “Azərbaycan belə şirkətlərə sanksiyalar tətbiq etməlidir” - ÖZƏL

Deputat: “Azərbaycan belə şirkətlərə sanksiyalar tətbiq etməlidir” - ÖZƏL
“Ümid edirəm ki, altıncı çağırış Milli Məclisdə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq və qəbul ediləcək”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədrinin müavini, sözügedən qanun layihəsinin müəllifi Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, ərazisi işğal altında olan bütün ölkələrdə müvafiq qanunlar qəbul olunub.

Deputat bildirib ki, Ermənistan işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma aparır və bununla yanaşı, xarici ölkələrin şirkətləri Qarabağda qanunsuz fəaliyyət göstərirlər.

“Belə təşkilatların hər birinə münasibətdə Azərbaycan sanksiya tətbiq etməlidir. Bunların hamısı qanunvericilik qaydasında öz həllini tapmalıdır”, - deyə Q.Həsənquliyev əlavə edib.

Q.Həsənquliyevin müəllifi olduğu qanun layihəsi 12 maddədən ibarətdir. Sənəd Gürcüstanın, Moldovanın işğal altında olan ərazilərlə bağlı qanunvericiliyi bazası əsasında yaradılıb.

Sənəddə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin hüquqi statusu müəyyən olunub. Həmin ərazilərə xarici ölkə vətəndaşlarının daxil olması, şirkətlərin fəaliyyət göstərməsinin qanunsuz olması əksini tapıb.

Eyni zamanda, həmin ərazilərə Azərbaycan vətəndaşlarının daxil olması üçün xüsusi hüquqi rejimin yaradılması əks olunub.

Sənəddə işğal altındakı ərazilərin hüquqi baxımdan işğalçı dövlətin nəzarəti altında olduğu qeyd edilib.

Layihədə göstərilib ki, işğal olunmuş ərazilərimizə giriş-çıxış həmin qanunla tənzimlənə bilər.
Bundan başqa, sənədə görə, istənilən ölkə vətəndaşlarının, şirkətlərin həmin ərazilərə girməsi birbaşa olaraq qanunla qadağan olunur və məsuliyyət yaradır.
Digər xəbərlər: