Siyasət
10:49, 07 fevral 2020
64
0

Əliyevin müşaviri: Ermənistanda vur əmrini mən verdim... - İlk dəfə

Əliyevin müşaviri: Ermənistanda vur əmrini mən verdim... - İlk dəfə
O, Sovet ordusunda general-polkovnik rütbəsinə qədər yüksələn ilk və yeganə azərbaycanlıdır. Reyxstaqın divarlarına “Mən Bakıdanam. Leytenant Ağahüseynov” sözünü yazan məhz o olub. Sonralar o, Heydər Əliyevin hərbi məsələlər üzrə köməkçisi işləyib.

Axar.az Qırmızı Ulduz və biri “Şöhrət” ordeni olmaqla, 23 medal və 8 ordenin kavaleri, Zaqafqaziya Hərbi Dairəsinin HHM qüvvələri komandanı, hazırda Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, bir neçə gün öncə 97 yaşını qeyd edən canlı əfsanə Tofiq Yaqub oğlu Ağahüseynovla müsahibəni təqdim edir:

- Böyük Vətən müharibəsi dövründə vəzifəniz düşmənin hava qüvvələrinin kəşfiyyatı, müttəfiqlərin strateji nöqtələrinin hava hücumundan müdafiəsi idi. Bütün bunların öhdəsindən necə gəlirdiniz? Serjantlıqdan general-polkovnikə gedən yolunuz barədə danışın, mümkünsə.

- Müharibənin başlaması həyatımda dönüş nöqtəsi oldu. O vaxtlar mən tələbə - cavan, arıq bir oğlan idim. Hərbi xidmətə çağırıldım, hərbi komissarlıq isə məni Zenit Artilleriya Məktəbinə göndərdi. Yarım illik sürətləndirilmiş təlimdən sonra mən artıq döyüş tapşırıqlarına hazır idim. Məni şimala göndərdilər. Azərbaycandan olduğum üçün soyuğa öyrəşmək çox çətin idi. Bizim zenit-artilleriya divizionunun vəzifəsi müttəfiqlər üçün strateji cəhətdən əhəmiyyətli olan Arxangelsk limanını müdafiə etmək idi. Mən tağım komandiri idim. Onlar bombalayırdılar, biz isə dəf edirdik.

Daha sonra divizionumuzu ən vacib strateji nöqtələrə göndərirdilər. Bir qədər sonra bizi artıq Jukovun rəhbərlik etdiyi Birinci Belarus Cəbhəsinin tərkibinə daxil etdilər. Mən bir çox mühüm əməliyyatlarda iştirak etmişəm, lakin Varşava və əlbəttə ki, Berlin əməliyyatı daha çox yaddaşıma həkk olunub, çünki məhz bu döyüş tapşırığını yerinə yetirməklə biz faşist Almaniyası üzərində gözlədiyimiz qələbəni qazana bildik.

- Berlin əməliyyatı haqda danışa bilərsinizmi?

- Berlin strateji hücum əməliyyatı 16 aprel tarixində başladı. Bizim zenit-artilleriya divizionumuzun da daxil olduğu Birinci Belarus Cəbhəsinin vəzifəsi Almaniyanın paytaxtı Berlin şəhərini ələ keçirmək idi. Bir çox döyüş tapşırıqları var idi və mən o vaxt üçün artıq divizion qərargahının rəis köməkçisi idim. Mənə ən çətin döyüş tapşırıqları həvalə olunurdu. Mən divizion üçün yeni dislokasiya yerləri formalaşdırmalı idim. Sadə dillə desək, divizion qalırdı, mən isə öndə gedirdim və yeni dislokasiya yeri axtarırdım. Məhz bu səbəbdən Berlinə qədər gedib çıxdım.

May ayının 2-si idi. Həmin günü heç vaxt unutmayacağam. Döyüşlər davam edirdi, amma nizamlı alman qoşunlarının müxtəlif məhəllələrdə və binalarda artıq ağ bayraq asmaları görünürdü. Onlar da bizim kimi bu işin sona doğru getdiyini anlayırdılar.

Mən Reyxstaqa hücumda birbaşa iştirak etməmişdim, amma hücum edənləri mühafizə edən şəxs idim. Reyxstaqa demək olar ki, bir batalyon hücum edirdi. Bu barədə bütün digər məlumatlar yanlışdır.

Hər şey gözlərimin önündə baş verirdi. Mən Reyxstaqı görəndə, o yarıdağılmış vəziyyətdə idi, amma günbəz özü bütöv idi. O, olduqca iri bina idi. Mən piyada qoşunlarımızın Reyxstaqın divarlarında öz adlarını yazdıqlarını görürdüm. Mən də yaxınlaşdım və orada böyük hərflərlə “Mən Bakıdanam. Leytenant Ağahüseynov” sözlərini yazdım... O hisslərimi sözlə ifadə etmək çox çətindir.

- Müharibədən sonrakı dövrlərdə siz sovet ordusunda xidməti davam etdirdiniz, sonra isə sərhədləri Türkmənistanı, Azərbaycanı, Gürcüstanı, Ermənistanı, daha sonra Qara dəniz və Rostova qədər əraziləri əhatə edən dairə komandanının vəzifələrini icra etdiniz. Siz bu böyük ərazinin hava hücumundan müdafiəsini təmin edirdiniz. Bu xalqların nümayəndələri ilə, xüsusən də ermənilərlə tez-tez qarşılaşırdınızmı? Hər hansı bir qeyri-adi hallar olurdumu?

- Təbii ki! Mən tabeçiliyimdə müxtəlif respublikalardan olan minlərlə hərbi qulluqçunun olduğu batalyona rəhbərlik edirdim. Biz hamımız sıxılmış bir yumruq kimi idik. Heç kəs əsgərləri milliyyətinə görə ayırmırdı. Bizim bir vətənimiz və bir ümumi məqsədimiz var idi. Xalqların məhz bu dostluğu sayəsində biz faşistlərin simasında çox güclü bir düşməni məğlub edə bildik. Bu ölkələrin keşiyində durmaq mənim üçün şərəf idi.

Ermənilər də daxil olmaqla, mənim bir çox hərbi xidmət yoldaşım olub. Böyük Vətən müharibəsi dövründə biz onlarla çiyin-çiyinə döyüşürdük. Sonrakı illərə gəlincə isə hazırda tanınmış bir çox insan mənim divizionumdan keçib.

Bizim Ermənistanda raket briqadamız dayanırdı, mən tez-tez ora getməli olurdum. Mən çox vaxt Ermənistanın Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Dəmirçyanla görüşürdüm. O, çox şən adam idi, lətifələri sevirdi. Baqramyanın bacısı oğlu general Tadevosyan o vaxtlar Ermənistanın OADKYC-nin (DOSAAF) sədri idi. Onunla tez-tez söhbətlər edirdik.

Bir dəfə Ermənistanda başıma qeyri-adi hadisə gəldi. Dairə komandanı məzuniyyətdə idi. Ermənistan istiqamətində hava sərhədinin pozulması hadisəsi baş verdi. Mən həmin hərbi təyyarənin vurulması əmrini verməli oldum. Böyük bir qalmaqal yarandı. Bu hadisə barədə Moskvaya da xəbər çatdı, komissiya gəldi. Söhbətlər Brejnevə çatanda, o, mənim hərəkətlərimə haqq qazandırmışdı, çünki hər şeyi protokola uyğun olaraq yerinə yetirmişdim. Bu, Argentinadan uçan hərbi təyyarə idi. Bu məsələyə məxfilik qrifi qoyulmuşdu və onun da müddəti 2010-cu ildə bitib. Bu hadisə barədə heç kəs heç nə bilmir... Bu günə qədər də bilmirdilər... İndi biləcəklər (gülür - red.).

Biz hava məkanını pozan bu hərbi təyyarənin məqsədinin nə olduğunu bilmirdik, lakin Xirosima və Naqasakidəki hadisədən sonra bizə dəqiq göstərişlər verilmişdi.

Mənim dairəmdə xidmət keçmiş, hazırda Azərbaycanda tanınan şəxsiyyətlərə gəldikdə isə, misal üçün, Azərbaycan Respublikasının baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun adını çəkə bilərəm. O, mənim yanımda serjant kimi xidmət edirdi. Ölkəmizin yeni Baş naziri Əli Əsədov isə mənim sıravi əsgərim idi.

- Bir yerdə xidmət etdiyiniz yoldaşlarınızın və həmkarlarınızın arasında ermənilərin də olduğunu nəzərə alsaq, bu gün həmin ölkədə Qaregin Njdenin simasında nasist tərəfdaşlarının qəhrəmanlaşdırıldığını görəndə nə hisslər keçirirsiniz?

- Bunu qəbul etmək çox ağırdır. Qeyd etmək lazımdır ki, bu fakta ilk diqqət yetirənlərdən biri biz olmuşuq və dərhal da işə başladıq. Ermənilərin, konkret olaraq Sovet qüvvələrinə qarşı Hitler qoşunlarının tərəfində döyüşən bir adamın - Njdenin qəhramanlaşdırmasına yol vermək olmazdı. Biz veteranlar təşkilatımızın adından Rusiya XİN-ə məktublar yazdıq. Moskvada Njdenin heykəlinin qoyulması məsələsi həmişəlik bağlanıb, amma buna baxmayaraq, Ermənistanda ona heykəl qoyuldu. Bu məsələdə ermənilərin məntiqini anlaya bilmirəm. Bununla onlar Sovet ordusu sıralarında xidmət edən elə öz hərbi rəhbərlərinin xatirəsinə hörmətsizlik edirlər. Baqramyana və yanında Njdeyə heykəlin qoyulması sadəcə axmaqlıqdır. Axı onlar biri-birilərinə qarşı vuruşurdular...
Digər xəbərlər: