İqtisadiyyat
16:43, 27 noyabr 2019
70
0

Nazirlikdən pensiya ilə bağlı AÇIQLAMA

Nazirlikdən pensiya ilə bağlı AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya məsələləri ilə bağlı son günlər sosial şəbəkələrdə səslənən ittihamlara cavab verib.
Nazirlikdən Unikal.org-a daxil olan açıqlamada bildirilib ki, cəmiyyətdə hər hansı nüfuza malik olmayan bəzi qaraguruh qüvvələr və pensiya sistemindən anlayışı olmayan bir sıra şəxslər əlləri hər şeydən üzüləndən sonra bu dəfə bəzi sosial şəbəkə səhifələrində guya pensiyaçılara "canıyananlıq” nümayiş etdirirlər".

"Sosial ödənişlərin, o cümlədən pensiyaların ciddi şəkildə artımı və vətəndaşların pensiya sisteminə əlçatanlığının artırılması ilə nəticələnən köklü islahatlara kölgə salmaq məqsədilə ölkədə pensiya sistemi barədə əsassız ittihamlarla şantaj yolunu tutublar.
Bu şəxslər qanunvericiliyi və bu sahənin xüsusiyyətlərini öyrənmədən və ya oxuduqlarını başa düşmədən qəsdən yalan məlumat yayaraq insanları çaşdırmağa çalışırlar.

Həmin şəxslərin nəzərinə çatdırırıq ki:

Pensiya hüququnun əldə edilməsi
Azərbaycan dövlətinin pensiya sistemində tətbiq etdiyi və pensiya təminatı proqramının daha da genişləndirilməsinə, vətəndaşların bu proqrama daha asan çıxışına imkan verən humanist yanaşma bu gün heç bir ölkədə mövcud deyil.
Belə ki, 1 yanvar 2019-cu il tarixindən reallaşan islahat vətəndaşların 01.01.2006-01.07.2018-ci il tarixlərində fərdi hesablarında 1 qəpik belə pensiya kapitalı olduqda onlara dövlət tərəfindən 2006-cı il 1 yanvar tarixinədək 25 il sosial sığorta stajı hədiyyə edilir və onlara elektron qaydada pensiya təyin edilir.

Nəticədə, cari ilin ilk 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yaşa görə əmək pensiyası təyin olunanların sayı 54% artıb.
Həmçinin qanunvericilikdə güzətli şərtlərlə pensiyaya çıxmaq üçün geniş kateqoriya nəzərdə tutulub. Məsələn, 1-ci qrup əlilliyi olan şəxslər üzrə pensiya kapitalı ümumiyyətlə tələb olunmur. Staj olaraq isə cəmi 5 il olmaqla əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay tələb olunur; 2-ci və 3-cü qrup əlilliyə və ailə başçısını itirmə növü üzrə staj tələbi də qat-qat azdır. Məhz bu əsasda, eləcə də qanunvericlikdə nəzərdə tutulmuş çoxsaylı digər bu kimi güzəştli şərtlərlə, həmçinin qat-qat daha yüngül pensiya kapitalı tələbi ilə hər il minlərlə vətəndaşımız vaxtından əvvəl pensiyaya çıxırlar.
Belə olan halda "yüz minlərlə insanın pensiyadan kənarda qalması” fikri hər hansı məntiqə və əsasa söykənməyən açıq yalandır!

Pensiya məbləği

Bu gün Azərbaycan pensiya təminatı sahəsində mühüm addımlar atan bir ölkədir və təkcə bu il dövlət başçısının sosial islahatlar paketlər çərçivəsində minimum pensiya məbləğinin 72 faizlik artımına nail olunub ki, belə bir artım dinamikası heç bir ölkədə müşahidə olunmayıb. Eyni zamanda, minimum əmək haqları iki dəfəyə yaxın, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Yaşa görə müavinətin məbləği də təkcə bu il 78 faiz artırılıb.

Pensiya yaşı

İşçilərin əmək bazarında qalmasının stimullaşdırılması məqsədilə beynəlxalq təcrübədə istifadə edilən mexanizmlərdən biri də əmək qabiliyyətli yaş həddinin artırılmasıdır. Hazırda inkişaf etmiş ölkələrdə pensiya yaş həddi 65 və daha yüksəkdir. Pensiya yaş həddi 65 dən az olan bir çox ölkələrdə də pensiya yaşı mərhələli şəkildə artırılır.

Azərbaycanda yaşa görə əmək pensiyası üçün yaş həddi kişilər üzrə 64,5 il, qadınlar üzrə isə 61,5 il təşkil edir və hər il 6 ay artırılmaqla həm kişilərdə, həm də qadınlarda 65 yaşa yüksəldilməsi nəzərdə tutulub.

Bununla yanaşı bir çox kateqoriyalar üzrə kifayət qədər erkən pensiya hüququ mövcuddur. Məsələn, zərərli işlərdə işləyənlər, əlilliyi olan şəxslər, çoxuşaşaqlı və ya sağlamlıq imkanları məhdud uşağı olan analar pensiya hüququnu daha öncə qazanırlar.
Bu səbəbdən populizm xatirinə pensiya yaşının azaldılması tələbi ilə çıxış edənlər sığorta-pensiya sahəsindən anlayışları olmamaqla yanaşı ölkədə pensiya sisteminin dayanaqlılığına təhlükə yaratmaq istəyirlər.

Pensiya ödənişi üçün gözlənilən müddət

Pensiya ödənişi üçün gözlənilən müddət qabaqcıl dünya təcrübəsində olduğu kimi, Azərbaycan qanunvericliyində də orta hesabla 12 il götürülür. Azərbaycanda da rəsmi statistikaya əsasən, 2018-ci ildə gözlənilən orta ömür uzunluğu 2010-cu illə müqayisədə 2,2 il, 1990-cı illə müqayisədə isə 4,7 il artıb və hazırda ölkəmizdə kişilər və qadınlar üzrə orta ömür uzunluğu göstəricilərini təhlil etdikdə, pensiya ödənişi üçün gözlənilən müddətin 12 ildən də çox olduğu aydın olur.

Yaşa görə sosial müavinət hüququ

Pensiya hüququ əldə edə bilməyən şəxslərin, yaşa görə sosial müavinət almaq hüququ var. Hazırda kişilərdə əmək pensiyası üzrə yaş həddi 64,5 qadınlarda isə 61,5 olduğu halda, sosial müavinətlərin təyin edilməsi zamanı kişilərin 67, qadınların isə 62 yaşını tamamlaması tələb olunur. Bu yaş həddinin azaldılması və pensiya yaşı ilə bərabərləşdirilərək sosial müavinət təyin edilməsi barədə qanunvericiliyə dəyişiklik büdcə paketi ilə birlikdə Milli Məclisə təqdim olunub və artıq 2 oxunuşda təsdiq olunub. Bu barədə son 2 ayda ictimaiyyətə kifayət qədər geniş açıqlama verilib və bu faktların təhrif edilməsi də məhz qərəzli yanaşmanın nümunəsidir.

Son olaraq

"Gah on minlərlə, gah da yüz minlərlə vətəndaşın pensya təminatından kənarda qalması” kimi əsassız fikirlər bəyan edən şəxslərin qarayaxmalarına baxmayaraq bildiririk ki, ölkədə həyata keçirilən çoxşaxəli sosial islahatlar çərçivəsində təkcə cari ildə əlavə 2,3 milyard manat, növbəti ilin büdcəsində isə əlavə 4 milyard manatadək vəsait sosial proqramlara yönəldilib.
Müstəqillik illərində ilk dəfə olaraq sosialyönümlü xərclər 10 milyard manatdan artıq olmaqla dövlət büdcəsinin 40%-ni təşkil edir. Azərbaycan Prezidentinin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dövləti və hökumətinin apardığı siyasətin mərkəzində "İnsan amili”, Azərbaycan vətəndaşlarının rifahı durur və növbəti illərdə də sosial-iqtisadi islahatlar davam edərək əhalinin gəlirlərinin artırılmasına, onların həyat səviyyəsinin yaxshılaşdırılmasına və sosial müdafiəsinə xidmət edəcək".
Digər xəbərlər: