Cəmiyyət
BP Sabir Rüstəmxanlının iddialarına cavab verdi – “Siz sualınızı Azərbaycan Hökumətinə verin!”
“Əsrin müqaviləsi” imzalanandan sonra müharibənin qarşısı alınmalı və Azərbaycan itirdiyi torpaqlarına sahib olmalı idi, amma bu, baş vermədi”.
Bizimyol.info xəbər verir ki, bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı “Əsrin müqaviləsi”nin 25 illyi münasibəti ilə “Ayna”ya danışarkən səsləndirib.
Onun sözlərinə görə, “ Əsrin müqaviləsi” həm də siyasi məqsədlər daşıyırdı. “Dünya siyasətinə güclü təsir imkanları olan böyük şirkətlər Azərbaycana gələndən sonra, düşmənlərin Azərbaycana qarşı olan əsassız ərazi iddialarına son qoyulmalı və Azərbaycan itirdiyi torpaqlarına sahib olmalı idi. Amma bu, baş vermədi”.
Bundan əlavə sabiq millət vəkili xarici neft şirkətlərinin Azərbayacanın ekologiyasına zərbə vurduğunu iddia edib:
“Bəzi neft şirkətləri Azərbaycanın maraqlarını nəzərə almır. Məsələn, Qaradağ rayonunun Şonqar qəsəbəsində BP zəhərli maddələrdən istifadə edir və o əraziyə üfunət iyindən yaxın durmaq olmur. Hətta o kəndlərdə hava o dərəcədə korlanıb ki, sakinlər şəxsi təsərrüfatlarından da istifadə edə bilmirlər. Ümumiyyətlə, bu hadisə Bakının ekologiyasına son dərəcə ciddi ziyan vurub. Lakin heç kim o şirkətdən soruşmur ki, Azərbaycana hansı müqavilə ilə gəlib, niyə gəlib, məqsədləri nədir, nə üçün Bakının göbəyində zəhərli maddələrdən istifadə edirlər?”,- deyə o bildirib.
Məsələ ilə əlaqədar BP şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ilə əlaqə saxladıq. Tamam bayatlı Bizimyol.info-ya bildirdi ki, partiya sədrinin səsləndirdiyi fikirlər tamamilə əsassızdır.
“BP şirkəti beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Azərbaycan hökuməti hər ay orda monitorinq keçirir, havanı, suyu torpağı yoxlayr. İnsan gözü ilə görüb yazmalıdır, yalandan iddia etmək olmaz. Mən desəm də siz inanmaya bilərsiniz. Buyurun mən sizi də dəvət edirəm, gedək baxın, görün , tanış olun elə yazın. Bu ərazidə 20 ildir şirkət fəaliyyət göstərir, orda 30 nəfər işləyir.Hr ay bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hesabat verilir.
Məsələnin siyasi tərəflərinə gəlincə onu deyə bilərik ki, BP kommersiya şirkətidir. Siz bu sualı Azərbaycan hökumətinə verin. Biz Azərbaycanın neft və qaz yataqlarını işləmək, Azərbaycana çatacaq mənfəəti vermək üçün işləmişik. 25 ildir üzərimizə götürdüyümüz öhdəliyi tam səmərəli, sərfəli və təhlükəsiz şəkildə yerinə yetiririk. Bizim əsas işimzi neft yataqlarını təhlükəsiz səmərəli şəkildə işləməkdir. Biz Azərbaycan hökuməti ilə müqavilə bağlamışıq və üzərimizə öhdəliklər götürmüşük. O öhdəliklərimizi də sonuna qədər yerinə yetirmişik”
Qeyd edək Əsrin müqaviləsi – 1994-cü ilin sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilədir.
"Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) iştirak etmişdi. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Penzzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb. Yeni müqavilədə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir. Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir. Neft hasilatı isə 500 mln. tondan çox həcmdə nəzərdə tutulur.
Daha çox xəbər:
Türkiyə bayrağını cıran millət vəkili cəzalandırıldı
Azərbaycanın sabiq xarici işlər naziri vəfat edib
Britaniya rəsmiləri Prezident Əliyevə məktub göndərdi
Azərbaycanda millət vəkili 300 min pula görə deputat vəsiqəsini girov qoydu - ŞOK OLAY
Kim deyə bilər Mehriban xanımın bişirdiyi yeməyi yeyib? - VİDEO