Sosial
14:22, 23 sentyabr 2019
46
0

“Zağlı-Zeyvə” yatağında yeni kompressor stansiyasının açılışı oldu

“Zağlı-Zeyvə” yatağında yeni kompressor stansiyasının açılışı oldu
Bu gün Siyəzəndə SOCAR-ın əməliyyatçı olduğu “Zağlı-Zeyvə” yatağı ərazisində səmt qazının yığılması məqsədi ilə quraşdırılmış kompressor stansiyalarının açılış mərasimi olub.

Report xəbər verir ki, kompressor stansiyası SOCAR və BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi çərçivəsində inşa edilib.

Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT İP-nin Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti və SOCAR-ın ekologiya üzrə vitse-prezidenti, layihənin rəhbəri Rəfiqə Hüseynzadə iştirak ediblər.

Tədbirdə çıxış edən Frakassetti bildirib ki, istixana qaz emissiyaları bu gün dünyanın bir çox ölkələrində, o cümlədən, iqtisadiyyatın enerji ehtiyatlarına söykəndiyi Azərbaycan kimi bir ölkədə ciddi bir təhlükədir:

“Bu gün quraşdırılan müasir avadanlıqlar istixana qaz emissiyalarını kifayət qədər azaltmaq, eyni zamanda, Azərbaycanın əhalətlərində həssas icmaları təmiz yanacaqla təchiz etmək potensialına malikdir. Biz inanırıq ki, maksimum təsiri təmin etmək üçün belə layihələrə dəstək göstərilməli və onların tətbiq dairəsi genişləndirilməlidir”.

Spesifik vəzifəsi SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləməkdən ibarət olan NAMA layihəsinin 3-cü komponenti çərçivəsində SOCAR-ın “Siyəzənneft” NQÇİ-nin Zağlı-Zeyvə yatağı pilot ərazi olaraq seçilib və burada səmt qazının yığılması məqsədilə birgə işlər görülüb.

Ərazidəki üç qaz yığım məntəqəsində yeni kompressor və separator avadanlıqları, soyuducu sistemlər və onlayn nəzarət sistemi quraşdırılıb, ümumi uzunluğu 32 km olan əsas qaz boru xətti çəkilib.

İki il ərzində davam etmiş layihənin icrası nəticəsində ildə 6,8 mln. kubmetr səmt qazının yığılması planlaşdırılır. Layihənin başlıca özəlliyi yığılacaq səmt qazının emal olunduqdan sonra əhalinin istehlakına yönəldilməsidir. Beləliklə, 15 ətraf kənd üzrə 1250 abonentin təbii qazla təchizatı təmin olunacaq.

Qeyd edək ki, “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (NAMA)” birgə layihəsi SOCAR və BMT İP tərəfindən 2015-ci ildən həyata keçirilir.

Layihə ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir. 2013-cü ildən başlayaraq, SOCAR hər il birgə müəssisələrində və digər əməliyyatçı şirkətlərdə atmosferə atılan çirkləndirici qazların ümumi miqdarının hesablanmasını həyata keçirir.
Digər xəbərlər: