Hadisə
Azərbaycanda təzə gəlin asılı vəziyyətdə tapıldı - Birinci arvadını da toy gecəsi... - FOTO
Azərbaycanda təzə gəlin asılı vəziyyətdə tapıldı - Birinci arvadını da toy gecəsi... - FOTO
İsmayıllıda 5 ayın gəlini yaşadığı evdə asılı vəziyyətdə tapılıb.
BAKU.WS milli.az-a istinadla xəbər verir ki, valideynləri və qohumları rayonun Qaraqaya kənd sakini olmuş Mahirənin ölümündə onun həyat yoldaşını ittiham edirlər.
Mərhumun ailə üzvlərinin iddialarına görə təzə gəlini əri qısqanclıq zəminində qətlə yetirib. Mahirənin dayısı "Gəl Dərdini Danış" verilişində mərhuma zülmlər verildiyini iddia edib:
"Hamımız Mahirə gəlin köçəndən sonra İvanovkaya qonaq getdik. Ancaq mən oğlanı ora gələn görmədim. Çıxdım gördüm çöldə bir cavan uşaqla oturub. O dayanan yerdən də evinin içinə - qadınlar oturan yerə "xod" var idi. Sanki orada mühafizəçi kimi oturmuşdu ki, bu qız çölə çıxmasın.
Kənddə gözümüzün qabağında böyüyən qız olub. Orada mən qızı gördüm, oğlan da qapının ağzında oturub tək çörək yeyirdi. Dedim "Sən niyə burada tək oturub çörək yeyirsən?". Cavab verdi ki, guya içəridə yer yoxdur. Amma rəhmətlik Mahirəni qapının arasından gördüm, baxdı mənə. Mən elə bildim ki, o mənə yaxınlaşacaq. Həmişə mənimlə - dayısıyla çox mehriban görüşürdü. Gördüm yox, çəkildi dala. Mən də gəldim ordan, heç kimə də heç nə demədim. Dedim bəlkə təzə gəlindi, söz-söhbət olar. Axırda onlardan çıxıb gələndə bu vaxtacan gəlib görüşməyib. Axı mən gedib görüşməliyəm, oradan kəndə gedirəm. Ora ilə buranın arasında hardasa 40 kilometr məsafə var. Yaxınlaşdım ki, görüşüm, rəhmətlik Mahirə qapının arasından mənə əl verdi. Oğlan da mənim arxamda durmuşdu.
Mən onda hiss etdim ki, bu qızın günü gün deyil. Anladım ki, o qız gedən gündən qapılar arxasında saxlanılır. Elə bil hansısa cinayətkardır, məhbus kimi saxlayırdılar. Qız günü-gündən də qup-quru quruyurdu. Mən hiss edirdim ki, o oğlan normal adam deyil. Xoşbəxt ona ərə gələn ilk qızın ailəsidir ki, tez başa düşüb balasını qaytardı".
Təzə gəlinin atası da tükürpədici açıqlamaları ilə diqqət çəkib:
"Bilməzdim balamı belə zülümlə öldürərlər. Birinci gün bizə elçiliyə gələndə bizi aldatdılar. Dedi "Onsuz da biləcəksiniz, ilk evləndiyim qadını toy gecəsi qaytarmışam". Guya o qız uşağı çıxmayıb, toy gecəsi qaytarılıb. Amma yalandır. 40 gün o qızı (birinci həyat yoldaşını) da evində saxlayıb. Əvvəl bilməmişik. 40 gündən sonra qızın anası balasını qaçırdıb onlardan".
Mahirənin anası isə qızının ölüm xəbərini kürəkənindən aldığını bildirib:
"Biz xəstəxanaya çatanda qızımı morqa saldılar. Prokurorla girdik morqa. Elə bil qızım yuxuya gedib. Dodağı Babadağının qarı kimi idi. Boğazında təkcə ip izi var idi. Səhərdən öldürmüşdülər nə idi bilmirəm, təzə ölən bu dəqiqə soyumadı ki. Elə bil ki, qızımı don vurmuşdu. Heç vaxt mənim qızım özünü asmaz. Ona görə ki, o, namaz qılan, Quran oxuyan, Allaha inanan adam idi. Həmişə deyirdi ki, "Allahın işinə qarışmaq olmaz. Allah adama necə can verirsə, elə də alacaq. Mən kürəkəndən şübhələnirəm".
Qeyd edək ki, bəy toyunda Mahirənin cəmi bir dəfə rəqsinə icazə verib. Ailə üzvlərinin dediyinə görə, onlara qonaq gələn valideynlərini Mahirə əri Seyhunun icazəsi olmadan evə buraxmırmış. "Zəng edin Seyhuna deyin, sonra" deyirmiş.