Siyasət
21:33, 03 oktyabr 2023
1
0

Prezidentin xüsusi nümayəndəsi: Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir


Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir.

Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio J” radio kanalına müsahibəsində deyib..

Elçin Əmirbəyov Azərbaycan tərəfindən Qarabağda həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri barədə məlumat verib.

Bildirib ki, anti-terror tədbirlərində məqsəd legitim hərbi hədəfləri yox etmək idi: “Bu, bizim suveren ərazimizdə olan Ermənistan silahlı qüvvələrinə aid qoşuna qarşı idi. Üç il idi Ermənistan öz üzərinə bu məsələ ilə əlaqədar öhdəlik götürmüşdü ki, qoşunlarını bizim ərazimizdən çıxarsın. Amma o, bundan imtina edirdi. Üstəlik onların son iki həftədəki təxribatları bizim çoxsaylı hərbçimizin və mülki şəxslərimizin həlak olmasına səbəb olmuşdu. Ona görə də bu, bizim reaksiyamız, cavabımız idi. Hədəfimiz qəti surətdə mülki şəxslər deyildi. Yenə deyirəm, hədəfimiz legitim hərbi hədəflər idi”.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, hazırda qeyri-qanuni separatçı qurum təslim olub:

"Onlar özləri öz qeyri-qanuni strukturlarının buraxıldığını elan ediblər. “Hazırda biz erməni icmasının təmsilçiləri ilə dialoq aparırıq. Onlarla artıq 3 görüş keçirilib. Onlarla erməni əhalisinin Azərbaycana reinteqrasiya məsələləri müzakirə edilib”.

İşğaldan azad olunan ərazilərə BMT missiyasının səfər etdiyini xatırladan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi diqqətə çatdırıb ki, həmin missiyanın tərkibində müxtəlif xarici KİV-lərin təmsilçiləri də olub.

“Onlar təsdiq ediblər ki, orada bir neçə yüz insan qalıb... Onların geri qayıtması üçün Azərbaycan hökumətinin səylərini də gözdən qaçırmamaq lazımdır. Hazırda ermənilər bu ərazidə qalmaq istəməyiblər. Üç on illik ərzində bu ərazilərin Ermənistan tərəfindən işğalı öz izini buraxıb. Xatırladım ki, BMT də bu işğalı qınamışdı. İndi isə lazımdır ki, bir çıxış yolu tapılsın, birgəyaşayış təmin olunsun. Həm azərbaycanlılar, həm də ermənilər üçün.”, - E.Əmirbəyov əlavə edib.
Digər xəbərlər: